2012-i “YAP ili” olsun!

 Qibleyi-aləm və dostumuz Ilham müəllim keçən 2010-cu ili “Ekologiya ili” elan etmişdi. Nəticəsini gördük: bütün Aran bölgəsi heç vaxt olmadığı kimi Kürün altında qaldı, ev-eşiklər, bostanlar, tarlalar, ağaclar, torpaqlar məhv oldu. Bu ili “Turizm ili” elan edər-etməz, ölkədəki turizm şirkətlərinin beli qırılmaqdadır. Bunu turizm şirkətində çalışan bir dostum sirr gəldi. Dedi ki, qışda onların biznesi Misirdən qazanc götürürdü. Bu da Misir…

Bunu eşidər-eşitməz, “Eh, madam ki, bu qabiliyyət bizim əlahəzrətdə var, 2012-ni də YAP ili elan etsəydi…” arzusu ağlımdan keçməzdimi? Əlbəttə, keçdi…

Müsbət dəyişikliklər

Geridə qalan parlament seçkisinə qatılan gənc namizədlərdən biri də Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev idi. Bəxtiyar seçki kampaniyasında “Müsbət dəyişikliklər!” şüarını seçmişdi. Amma saxta seçki Bəxtiyara həyatın müxtəlif sahələrində müsbət dəyişikliklər yaratmağa imkan vermədi.

Bəxtiyar buna etiraz etdikdə isə, həftə səkkiz, mən doqquz, polisə, prokurorluğa çağırıldı. Onu tutmaq istəyirlər. Çünki Bəxtiyar əsgərliyə getmək istəmir. Deyir, Konstitusiyaya yazıbsınızsa ki, hər bir vətəndaşın alternativ hərbi xidmət keçmək haqqı var, eləysə, mandatımı vermirsiniz cəhənnəmə, heç olmaya, bu haqqımı verin. Qanunlarla danışmaq, hansısa hüququnu tələb etmək bu hakimiyyətin “atasına söymək” kimi bir şeydir. Gənc Bəxtiyar bunu anlamır, ona görə də onun “təhqirlərini” hakimiyyət həbslə qarşılamaq niyyətindədir.

Üzləşdiyi haqsızlıq və perspektivdəki məhbəs həyatı çoxdan gözlədiyim vəziyyəti doğurdu. Bəxtiyarın seçicilərə vəd etdiyi dəyişikliklər özündə müşahidə edilir. Yəqin, soruşursunuz ki, nələri deyirəm? Onun açıqlamalarını, internetdəki qeydlərini oxuyuram. Bəxtiyar abi sanki dönüb olub 2003-cü ilin Elşad Paşasoyu. “Tayfa-klan”, “rejim”, “Əliyevlər hakimiyyəti”, “bu rejim getməlidir”, “rədd olsun avtoritarizm”, “inqilab”, “yetər, millət ayıl artıq” və bu qəbildən olan digər sözlər işlədir yoldaş Hacıyev. Düzü, bu, xalqımızın bütün zəhmətkeşləri kimi, məni də çox sevindirir. Əsl müsbət dəyişiklik elə budur. Yoxsa, seçkidən əvvəl Bəxtiyar bəy xoşgörü davranışları, hakimiyyətə qarşı sonsuz sevgi və iltifatlı etirazçılığı ilə şəxsən məni təngə gətirmişdi.

Ona heç cür izah etmək mümkün deyildi ki, Azərbaycan hakimiyyətinin yırtıcı mahiyyəti var. Azərbaycan müxalifətinin barışmaz siyasəti birbaşa rejimin özündən qidalanır. Bu çox təbii adekvat münasibətdir. Nəsə, bizim bacarmadığımız işi ana təbiət və Məzahir Pənahovun kolxozu 21 günə bacardı. Mən qardaşım Bəxtiyardakı müsbət dəyişiklikləri təqdir və onu təbrik edirəm. Həbs-filan, hamısı keçib gedəcək, əsas olan iş artıq baş verib.

AXCP sədrləri

AXCP-nin ilk sədri Əbülfəz Elçibəyi Əliyev hakimiyyəti düz 4 il faktiki ev dustağı kimi cəmiyyətdən təcrid etməyə çalışdı. Elçibəyin Kələkidən Bakıya gəlməsinə, böyük siyasi proseslərə qoşulmasına imkan vermirdilər.

AXCP-nin ikinci sədri Əli Kərimlinin isə 6-cı ildir ki, ölkədən çıxması rəsmən yasaqlanıb. Ona da absurd səbəblə pasport verilmir. Məqsəd dəyişməyib: AXCP sədrinin geniş siyasi arealda Əliyevlərin ifşasına mane olmaq.

1993-cü ildən üzü bəri mobil telefon, sms, internet kimi unikal əlaqə vasitələri yaranıb. Yəni, bir siyasət adamının fiziki hərəkətini məhdudlaşdırmaq onun ideyalarına, fikirlərinə sipər olmaqdan çoxdan çıxıb. Nolsun, dünya dəyişsə də, Əliyevçi zehniyyət dəyişməyib.