Sumqayıt olayları: Mələk cildinə girmiş şeytan

Bu qaniçən adamı tanıyanlar onunla ehtiyatlı davransınlar

«Bizi toka verir, huşumuzu itirənə qədər döyüb izahat alırdılar»

 

1988-ci il Sumqayıt hadisələrinə görə barəsində güllələnmə hökmü çıxarılan Əhməd Əhmədovun böyük qardaşı Əhmədağa Moskvada bir ay davam edən məhkəmə prosesində iştirak edib. O, “Azadlıq”ın əməkdaşlarına həmin məhkəmə prosesinin gedişi və qardaşının ölüm hökmünün ləğvi üçün edilən cəhdlər, bu prosesə Azərbaycanda verilən reaksiyalar, Bakıda görüşdüyü adamlarla söhbətləri barədə danışıb. Bu müsahibəni təqdim etməmişdən əvvəl 1988-ci ilə qayıdaq.

əvvəli ötən saylarımızda

Moskva, 19 oktyabr, 1988-ci il. Məhkəmənin ikinci günü…
Çərşənbə axşamı. Məhkəmənin iclası səhər saat 10:25-də başlayır. Ittiham hökmünün oxunması davam edir. Saat 12-də hökmün oxunması başa çatır. Fasilədən sonra ittiham olunanların sorğusu başlayır. 
Əhmədovdan özünü  prokurorun oxuduğu  ittihamla bağlı günahkar sayıb-saymadığı soruşulur. Əhmədov cavab verir ki, özünü yalnız Azərbaycan SSR-in Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə, yəni kütləvi ixtişaşlar, talanlar və evləri yandırmaqda günahkar bilir.
Ismayılov və Cəfərov da Əhmədovun dediklərini təkrar edirlər.
Əhmədov ilkin istintaqda verdiyi ifadələrdən imtina edir. O, heç kimi öldürmədiyini, hətta bu fikrə düşmədiyini deyir. Ilkin istintaqda verdiyi ifadədə Əhmədov ölümlərdə iştirak etdiyini bildirmiş və bunları necə həyata keçirdiyini təsvir etmişdi. Prokurorun və ermənilərin vəkili Ruştuninin “siz ilkin istintaq zamanı niyə özünüzü ölümlərdə təqsirkar bilmisiniz” sualına Əhmədov belə cavab verib: “Sumqayıtda məni döyür, incidirdilər, olmazın əzab verirdilər. Müstəntiq məni şantaj edib istədiklərini yazmağa məcbur edirdi”.  
“Sizi kim döyürdü, kim sizi yalan izahat verməyə məcbur edirdi” sualına isə Əhmədov belə cavab verib: 
– Bunu azərbaycanlı, adını bilmədiyim müstəntiq edirdi, amma görsəm tanıyaram?!.
Əslində Əhmədov müstəntiq Arif Babayevi yaxşı tanıyırdı. Bu adam “mələk donuna girib” vəkillər Ivankov və Rauf Kərimovun köməyi ilə “boynuna al, cəzan az olar” prinsipi ilə ona istədiklərini yazdırmışdılar. Hələ utanmadan Arif Babayev  Əhmədin ata evinə gəlmiş, onun olmayan pencəyinin Əhməd özününkü bilsin deyə valideynlərindən xahiş də etmişdi.  
Bakı,1989-cu il…

Şad xəbər və…

Moskvadan gələn “qara məktub”

Əhmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru C.I. Ismayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar. Məktubda deyilirdi: “Oğlunuz Əhmədov Əhməd SSRI Ali Məhkəməsinin Cinayət Işləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRI Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir”.
Bu qərarın hansı şəraitdə çıxarıldığı, kimlərin həmin prosesdə iştirak etdiyi hələ ki, məlum deyil. Əhmədağa deyir ki, ölüm hökmünün ləğvi ilə bağlı məktubu alandan sonra sevindiklərindən qurban da kəsiblər: “Amma üstündən 6 ay keçəndən sonra Moskvadan ölüm hökmünün yerinə yetirildiyi ilə bağlı məktub aldıq”. 
Əhmədin anası onu “qara məktub” adlandırmışdı. Maraqlıdır ki, SSRI Ali Məhkəməsinin Cinayət Işləri üzrə Məhkəmə Kollegiyasının sədri S.B.Romazinin 1990-cı il iyunun 13-də imzaladığı məktub Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 35, mənzil 3-də yaşayan Əhmədin anası Telli xanımın adına göndərilmişdi. 02D-579-88 saylı məktubda yazılırdı: “…Nəzərinizə çatdırırıq ki, Cinayət Işləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il noyabrın 18-də Əhməd Imani oğlu Əhmədov barəsində çıxardığı müstəsna ölüm hökmü yerinə yetirilib. Ölüm haqqında şəhadətnaməni Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin VVAQ şöbəsindən ala bilərsiniz”…
Moskva…19 oktyabr, 1988-ci il…Günün ikinci yarısı…
Fasilədən sonra hakim SSRI prokurorluğu əməkdaşlarının Sumqayıtda hadisə yerlərində çəkdikləri lentlərə baxmağı təklif edir. Filmdə Əhmədov istintaq qrupunun üzvləri və hal şahidləri ilə hadisə yerlərinə aparılır. Məlum olur ki, bu yerlərdə Əhmədov erməni millətindən olanların öldürülməsində iştirak edib. Baxışdan sonra Əhmədov təsdiq edir ki, o yalan danışır. Ona görə yalan danışır ki, onu buna döyə-döyə məcbur ediblər.
Azərbaycan KP MK-nın “Sumqayıt Şəhər Partiya Komitəsi bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqında” qərarından çıxarış:
“Mürəkkəb şəraitdə şəhərin bir sıra partiya, sovet, təsərrüfat rəhbərləri, partiya fəalları, kommunistləri qətiyyətsiz olmuş və özlərini itirmiş, başlanan hadisələrin nəticələrinin nə qədər təhlükəli ola biləcəyinə lazımınca əhəmiyyət verməmişlər. Əmək kollektivləri şuluqluğun dayandırılması üçün ayağa qaldırılmamış, əslində xalq drujinaları fəaliyyət göstərməmişlər. Şəhərdə asayişi bərpa etmək üçün fövqəladə tədbirlər görmək lazım gəlmişdir. Prokurorluq cinayətləri təhqiq edir, baiskarları və təhrikçiləri üzə çıxarır”.

1988-ci il 20 oktyabr, həftənin cümə günü…

Əhmədovla birlikdə mühakimə olunan Ismayılov və Cəfərovun taleyinə Moskvada güllələnmə yazılmasa da, ölüm onlara həbsxanadan qayıtmaq imkanı vermədi. Həm Ismayılov, həm də
Cəfərov ayrı-ayrı illərdə həbsxanada  dünyalarını dəyişdilər.
Səhər saat 10:00-da Ismayılov ifadə verməkdə davam edir. Sonra Cəfərov ifadə verir. O, ifadəsində heç kimi öldürmədiyini təsdiq edir, heç bu fikirdə olmadığını deyir. Bircə onu təsdiq edir ki, avtovağzaldan gələndə 41-ci məhəlləyə gedənlərə qoşulub yerdən bir ağac parçası tapıb, ola bilər ki, kimisə bu ağacla vurub. 
Ilkin istintaqa verdiyi ifadədə Cəfərov şuluq salanlara qoşulanda əlində balta olduğunu söyləmişdi. Ittihamçı prokurorun “Talan və yanğınlarda hansı rol oynadın” sualına Cəfərov belə cavab verir: “Mən həyətdə ocaq qaladım, hansısa erməni evindən həyətə tökülən şəkilləri yandırdım”. 
Ittihamçı prokuror: “Bəs ilkin istintaqda niyə başqa ifadə vermişdin?” 
Cəfərov deyir: “Məni elektriklə öldürməklə qorxudur və huşumu itirənəcən döyürdülər”.
Mühakimə olunanlar bir-birlərinə baxıb gülürlər.  Mühakimə olunanların vəkilləri Yaşin, Sadıxova, Abdullayeva suallarında məsələnin kökünü araşdırmaq, Sumqayıt hadisələrini Qarabağda və Ermənistanda baş verən azərbaycanlılara qarşı azğınlıqlardan coşmuş kütlənin  qisası kimi qiymətləndirirlər. 
Cəfərov ermənilərin qətlə yetirilməsində iştirakı olmadığını bir daha söyləyəndən sonra prokuror məhkəməyə bir məktub təqdim edir. Məktubu Cəfərov həbsxanadan valideynlərinə yazmışdı. Guya bu məktub bir azərbaycanlıda tapılmışdı. Cəfərov yazırdı: “Vəziyyətim yaxşıdır. Tezliklə evə dönəcəyimə inanıram. Amma bir xahişim var, ata. Məhkəmədə şahid kimi ifadə verənlərin evinə get. Onlardan xahiş elə ki, mənim əleyhimə ifadə verməsinlər. Üzümə durmasınlar. Bir də xahiş edirəm. Bunu mütləq elə”…
Cəfərov məktubu yazdığını təsdiq etsə də, bununla bağlı heç bir suala cavab verməyəcəyini bildirir. Hakim Cəfərovun  sonuncu təklifi ilə razılaşır və sonrakı mərhələlərdə ona valideynlərinə yazdığı məktubla bağlı suallara cavab verməməsinə şərait yaradır.

ardı var

Surxay Hüseynli, 
Azər Hüseynbala