Səfurəni itirməyin acısı

Mən onun haqqında “xilaskarımız” yazmışdım…
Ona “ilin tək qəhrəmanı” demişdim…
Yazmışdım ki, “sən birinci yer qazanmamaqla xalqımızın zəhlə-zibilini tökən iyrənc təbliğatdan qurtardın”.
Dünən həmin o ilin tək qəhrəmanının, xilaskarımızın bəyanatını oxudum. YAP-ın iclasında çıxmış kürsüyə, üzünü Əli Əhmədova tutmuş: “Məni də YAP-a yazarsınızmı?”
Bol alqış qazanmış bununla…
Tolikə qucaq açan partiya sənə “yox” deməyəcək, təbii Səfurə. Di get… YAP-a gedişin həm də bizim ürəklərimizdən gedişindi.
Anladım ki, sənə tamaşaçılarının alqışı gərək deyil. Sən özün məddahlar ordusunda çəpik çalmaq istəyirsən. Deyəsən, başım qarışıb qəhrəmanımı təqdim etməyi unutmuşam – Səfurə Əlizadədən danışırıq.
Gənc Səfurə ötən il Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmişdi. 5-ci olmuşdu. Yəqin ki, bu, onun bioqrafiyasına düşən sonuncu “5″dir. Indi biz onu əhədabiyevlərlə, siyavuşnovruzovlarla bir cərgədə, bir cəbhədə görəcəyik. Yeni dövrün ”primadonnası” gəlir, işimiz var…
“Eurovision”ı biz dostlarımızla mənasız bir layihə, xalqın malını vecsiz yerə sovuran proyekt kimi tənqid edəndə biriləri öz qəzetində bizi Azərbaycanın qələbələrinə xor baxmaqda qınayırdı.
Gec də olsa, həmin yoldaşların siyasi fəhiminə işıq düşəcəyi ümidilə Səfurə mövzusuna nöqtə qoyuram…

Gözlənilməz zərbə

Tunis və Misir inqilablarına politoloqlardan, qəzet yazarlarından çox şərhlər eşitdiniz, yoruldunuz. Işinizi mən də ağırlaşdırmayacağam, bir olmuşu yazım, şənlənin. Hadisəni mənə dostum Qaşqay danışıb. Onların kəndində pəzəvəng biri cılız cüssəli başqa birinin əlini əlləri, ayağını ayaqları ilə tutub döymək istəyəndə, qarşısındakı kəllə ilə onun sifətinə bir zərbə ilişdirir. Pəzəvəng özünə gələndə yaxınlarına deyir: “Bilsəydim kəllə vuracaq, başını da tutardım”.
Bəli, ərəb tiranları kimi, bizim qibleyi-aləm də elə bilir ki, müxalifətin, medianın əl-qolunu tutmaqla əbədiyyətə qədər əhli-kefliklərini davam etdirəcəklər. Kəllə zərbəsi onları hökmən yaxalayacaqdır…

İnqilabsevər hakimiyyətimiz varmış

Hökumət bir sıra sahələr üzrə qiymətləri qaldırdı. Bu qərardan sonra Azərbaycan hakimiyyətinə baxışım dəyişdi. Başda Ilham Əliyev olmaqla, bu rejimi təpədən dırnağa qədər əks-inqilabçı saymışam. Yanıldığımı söyləməliyəm…
Dünyanı inqliab dalğası bürüdüyü bir zamanda bütün hökumətlər xalqı ilə nəzakətli olmağa çalışır. Insanları əsəbiləşməkdən qoruyur və s. Belə bir anda bizimkilər nə edir?
Inqilabın olması üçün hər şey… Qiymətləri bahalaşdırırlar, xalqı adam yerinə qoymurlar, camaatın rüşvətlə dərisini soyurlar, dövlət müəssisələrində insanları alçaldırlar və s…
Azərbaycan hakimiyyəti inqilabçı ruha malikdir, vallah. Xalqımız isə əks-inqilabçılığa sədaqətini bərk-bərk qoruyur. Mən ilk dəfədir ki, xalqımızı, oxucularımızı hakimiyyətin siyasətini (inqilaba təhrik edən siyasətini) dəstəkləməyə çağırıram.
Ilham Əliyev K.Marksın yazdığı kimi, yorulmadan, nəfəs dərmədən öz rejimi üçün qəbir qazır. Yoldaşlar, bizim də bir təpərimiz olmalıdır. Qibleyi-aləmi tək qoymaq olmaz, bu mübarək işdə ona əməli yardım edə bilmiriksə, heç olmaya, kənardan durub “maşallah-maşallah” deməkdən qalmayaq.