Daşqından ziyan çəkənlər dövlət qurumlarına qarşı iddia qaldırıblar
Bu gün Apellyasiya Məhkəməsində növbəti proses keçiriləcək
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının dünən Reportyorların Azadlıq və Təhlükəsizlik Institunda növbəti mətbuat konfransı keçirilib. Cəmiyyətin koordinatoru Oqtay Güləliyev mətbuat nümayəndələrini son durumla tanış edib.
Bildirib ki, daşqın zonasında ciddi dəyişiklik yoxdur. Evlərin tikintisi və kompensasiyaların verilməsi sahəsində problemlər qalmaqdadır. O, eyni zamanda daşqından ziyan çəkən vətəndaşlardan bəzilərinin məhkəməyə müraciət etdiyini deyib. Onun sözlərinə görə, məhkəmə sənədlərini Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünasları hazırlayıb. Daha sonra Qərargah üzvü, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev çıxış edib. M.Əliyev müxtəlif dövlət qurumlarına göndərilən sorğularla bağlı mətbuat nümayəndələrini məlumatlandırıb. Bildirilib ki, əksər sorğular, xüsusilə Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış sorğular cavabsız qalıb.
Daha sonra Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev mətbuat nümayəndələrini məhkəmə işinin gedişiylə bağlı məlumatlandırıb. Bildirilib ki, hələlik daşqından ziyan çəkən vətəndaşlardan 5 nəfəri iddia qaldırıb. I.Əliyev növbəti prosesin bu gün saat 12.20-də Apellyasiya Məhkəməsində keçiriləcəyini deyib. O, mətbuat nümayəndələrini prosesi diqqətdə saxlamağa çağırıb. Məhkəmədə iddia qaldıran şikayətçilərdən Saatlı rayon sakini Lazım Umudov və Sabirabad rayon sakini Hüseynağa Hüseynov fəlakət zonasında son durumla bağlı çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
İnformasiya şöbəsi