Rövnəq Abdullayev “erməni kartı” ilə vuruldu

Kəmaləddin Heydərovun adamı ARDNŞ prezidentini Köçəryanla işbirliyində ittiham etdi

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında yeni konfliktin başlanması barədə xəbər vermişdik.
Bildirmişdik ki, Rövnəq Abdullayevin yeni tikilən və dövlət qeydiyyatına alınmayan hündürmərtəbəli binaları qazla təchiz etmək istəyi və bunun fonunda həmin yaşayış evlərinin statusunun müəyyənləşdirilməsi barədə təklifi “fövqəlnazir”i qəzəbləndirib. Çünki təklifin reallaşması Kəmaləddin Heydərovun binaların dövlət qeydiyyatına alınması məsələsində “maliyyə şərtləri”nin əhəmiyyətini itirməsi deməkdir. “Fövqəlnazir” həm də yaxşı anlayır ki, Rövnəq Abdullayev bu təklifilə qaz sahəsində korrupsiyanın miqyasını daha bir neçə dəfə artırmaq və kapitalına əlavə etmək məqsədi güdür. Deməli, bu məsələdə Kəmaləddin Heydərov itirir, ARDNŞ prezidenti qazanır.
“Fövqəlnazir” əlbəttə, bununla razılaşa bilməz. Lakin təklif dövlət başçısı Ilham Əliyevin yanında müzakirə olunduğu üçün Kəmaləddin Heydərov açıq şəkildə müqavimət göstərə bilmir. O, çıxış yolu kimi Rövnəq Abdullayevin qazlaşdırma siyasətini ifşa etməkdə görür. Fövqəladə Hallar Nazirliyinin (FHN) dəm qazından zəhərlənmə və ölümlə bağlı xəbərləri həvəslə ictimailəşdirməsi də bundan irəli gəlir. 
Lakin deyəsən, Kəmaləddin Heydərov təkcə bununla kifayətlənmək istəmir. “Fövqəlnazir” Rövnəq Abdullayevi “erməni kartı” ilə də “vurmağa” çalışır. Milli Məclisin son iclasında deputat Qüdrət Həsənquliyevin Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryanın təmsil olunduğu şirkətin Bakıda neft çıxarmaqla məşğul olması barədə fikirlər belə deməyə əsas verir. “Bu məsələləri kimlərinsə vicdanına buraxanda arzuolunmaz situasiya yaranır. Köçəryanın Direktorlar Şurasının üzvü olduğu və müstəqil direktor olduğu şirkət Azərbaycanda neft işləriylə məşğul olur”, – deyə deputat bildirib. Qüdrət Həsənquliyevin Kəmaləddin Heydərova yaxın şəxs olduğu bəllidir. Neft sahəsinə rəsmi rəhbərliyi həyata keçirənsə Rövnəq Abdullayevdir. Qüdrət Həsənquliyevin də məhz onu hədəfə aldığı şübhəsizdir. 
Mümkündür ki, yaxın vaxtlarda Kəmaləddin Heydərovun çevrəsinə daxil olan şəxslər Rövnəq Abdullayevlə bağlı daha şok açıqlamalar versinlər.

 

İnformasiya şöbəsi