Rəşad Sadıqov “Qarabağ”la razılığa gəldi

Azərbaycanlı futbolçu Türkiyədəki durumundan narazı olduğunu etiraf etdi

“Qarabağ”ın Rəşad Sadıqovu geri qaytarmaq istəyi barədə məlumat vermişdik. Klub rəhbərliyinin tapşırığından sonra Türkiyənin Sadıqovla danışıqlara başlayan “Qarabağ” artıq nəticə əldə edib. Rəşadla Ağdam klubu arasında müqavilənin bütün şərtləri razılaşdırılıb. Demək olar ki, transferə “Əşkişəhərspor” da razılıq verib. Sadıqovun “Qarabağ”a qayıdışı qarşıdakı 9 gündə, yəni transfer pəncərəsi bağlanana qədər reallaşacaq.
Bu arada Rəşad Sadıqov özü də “lent.az”a açıqlamasında “Əskişəhərspor”dakı durumundan narazı olduğunu bildirib: “Mən oynamaq istəyirəm. Məni yaxşı tanıyanlar da bilir ki, Rəşad Sadıqov həmişə oynamaq istədiyi yerə gedib, həmişə çalışıb ki, oynasın. Mən futbolu çox sevirəm, futbolun xəstəsiyəm. Oynamayanda narahat oluram, başqa cür oluram. Azərbaycan yığmasının kapitanıyam, qarşıdakı 4 ay ərzində bizi 3 ağır oyun gözləyir. Oyun praktikasını da nəzərə almaq lazımdır. Bugünkü durum məni qane etmir, edə də bilməz. Bu, təbiidir. Bu söz-söhbətlər mənim necə insan olmağımdan yaranıb. Komandamı dəyişdirə biləcəyim yeganə yer ”Qarabağ”dır. Türkiyənin başqa klubuna gedə bilmərəm. Baxmayaraq ki, mənə Türkiyə klublarından təkliflər olub. Lakin qaydalar mövsüm ərzində 3 ayrı-ayrı klubda çıxış etməyimə icazə vermir. Mövsümün əvvəlində “Qarabağ”da 2 oyun keçirmişəm, sonra “Əskişəhərspor”a gəlmişəm. Mövsüm boyu üçüncü komandada çıxış edə bilməzsən. Hazırda Zvyezdan Misimoviç “Qalatasaray”da eyni çətinliyi çəkir. Mövsümün əvvəlində Almaniyanın “Volfsburq” komandasında çıxış edib, sonra “Qalatasaray”a gəlib, indi də başqa komandaya keçə bilmir. Əvəzedici komanda ilə məşq edir. Bu nöqteyi-nəzərdən düşünsəm ki, mənə mütləq oyun praktikası lazımdır, amma “Əskişəhərspor”da çıxış edə bilməyəcəyimi anlasam, klub rəhbərliyi də mənə heç bir problem yaratmasa, o zaman “Qarabağ”ın təklifi üzərində düşünmək olar”.