Apellyasiya Məhkəməsi «Ayı işi» üzrə şikayəti təmin etmədi
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası üzrə çəkişmə dünən Bakı Apelyasiya Məhkəməsində davam edib. Hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçən prosesdə “Yeni Müsavat” qəzetinin şikayəti təmin edilməyib.
Xatırladaq ki, cavabdehlər – “Yeni Müsavat” və “Azadlıq” qəzetləri işə Nizami Rayon Məhkəməsində baxılmasını istəyirlər. Ilkin instansiya – Yasamal Rayon Məhkəməsi bununla bağlı vəsatəti təmin etmədiyi üçün vəkillər qərardan apelyasiya şikayəti verdilər. Vəkil F.Namazlı bildirir ki, Apelyasiya Məhkəməsi şikayəti təmin etmədiyi üçün yaxın on gün ərzində Ali Məhkəməyə müraciət edəcəklər: “Qərarın surətini alan kimi kassasiya şikayəti verəcəyik. Əgər Ali Məhkəmə də şikayətimizi təmin etməsə, o zaman iş yenidən ilkin instansiyada – Yasamal Məhkəməsində araşdırılacaq.
Biz ona görə işə Nizami Məhkəməsində baxılmasını istəyirik ki, əsas cavabdeh olan “Yeni Müsavat” qəzetinin redaksiyası Nizami rayonunda yerləşir. Bizim iş üzrə sübutlarımız da o ərazidədir və onların Yasamal Məhkəməsinə gətirilməsi çətinlik yaradır”.
Bu arada A.Məmmədovun qəzetlərlə barışmaq fikrində olmadığı üzə çıxıb. “Azadlıq” radiosunun məlumatına görə, Anar Məmmədov qəzetlərə qarşı iddiasından imtina etmək fikrində deyil. Iş adamının vəkili Nihad Axundov deyib ki, barışıq mövzusu hazırda gündəlikdə deyil: “Biz iddia ərizəsində tələb olunanların yerinə yetirilməsini istəyirik”.
Xatırladaq ki, məhkəmə predmetinə “Yeni Müsavat” qəzetində dərc edilən 5, “Azadlıq”da dərc edilən 1 məqalə məhkəmə səbəb olub. A.Məmmədov qəzetləri onun restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib. Iddiaçı hər iki qəzetdən təkzib, üzr və üst-üstə 500 min manat təzminat tələb edir.
Gültəkin