Tunis diktatoru Ben Əlinin ardınca Misirin eramızın üçüncü minilliyində zühur edən fironu Hüsnü Mübarək də xalqın qəzəbinə tuş gələndən sonra qonşu ölkələrin tiranları narahat olmağa başlayıblar: Liviya prezidenti Müəmmər Qəzzafi yerli inkişaf və xalqın ev təminatının yaxşılaşdırılması məqsədilə 24 milyardlıq fond yaradılmasıyla bağlı qərar verib, suriyalı monarx – hakimiyyəti atasından təhvil alan Bəşər Əsəd ciddi islahatlar aparılacağı vədi ilə xalqını sakitləşdirməyə çalışır.
Azərbaycanda isə hakimiyyəti atasından təhvil alan Ilham Əliyevin Tarif Şurası dünən suyun, qatar biletlərinin qiymətinin qaldırılması qərarını çıxardı.
Nooldu? Bəs, deyirdilər Oğuz-Qəbələ-Bakı su kəməri xalqın rifahının yüksəlməsinə xidmət edir? Bəs, neftdən gələn gəlir “əhalinin sağlamlığına” xərclənirdi? Su kəməri paytaxta çatmamış bu korrupsiya layihəsinə xərclənən vəsaiti xalqın dərisindən çıxarmaq hardan ağıllarına gəldi?
Bunun adı “xalqa meydan oxumaq”dan başqa bir şey deyil. Belə həssas məqamda, dünyanın bütün prezidentləri vətəndaşlarına doğru addım atdığı bir anda düşünülmüş şəkildə camaatı meydanlara çıxarmaq üçün nə mümkündür, onu da edirlər. Kim yönləndirir bu siyasəti? Nə demək istəyirlər? Özlərinə bu qədərmi arxayındılar? Yoxsa, yığmaqdan beziblər, getmək, dünyanın hansı cənnətindəsə ömürlərini başa vurmaq istəyirlər?
Getmək istəyirsiz, gedin – Allah şahiddir ki, bu xalq sizləri istəmir! Daha bu ölkəni cəhənnəmə çevirmək, xaos yaratmaq nə üçün? Bu xalq, bu ölkə sizlərə nə pislik edib? Varını, dövlətini, malını talama şəraiti yaratmaqdan savayı bizlərdən nə görmüsünüz?
Azərbaycanı içindən dağıtmaq tapşırığınımı yerinə yetirirsiniz? Kim verib bu əmri?
Rəşad Məcidin “Yad dildə” müsahibəsi
Milli Kitab Mükafatının münsiflərindən olan Rəşad Məcid “lent.az” saytına verdiyi müsahibədə qəflətən iştirakçılardan birini – Pərvizi hədəfə alıb. Sitat: “Əsər oxunaqlıdırsa, insanların marağını özünə çəkirsə, onu yazan yazıçı pis olmaz. Bu il Pərviz Cəbrayıl MKM-ə əsər təqdim edib. Məncə, o əsərin qətiyyən şansı yoxdur. Dili ağır, özü anlaşılmaz. Mən o əsəri yarıya qədər güclə oxudum. Məncə, digər münsiflərdə də belə olacaq”.
Rəşad bəyin cəmi 3 cümlədə özünü bu qədər təkzib etməsini, doğrusu, gözləməzdim. Başlayaq əsərin oxunaqlı olmasından:
Pərvizin “Yad Dildə” romanı “Ən yeni ədəbiyyat” seriyasından ən çox satılan kitabdır. “Qanun” nəşriyyatı tələbat olduğu üçün bu il romanı yenidən nəşr etdirəcəyi anonsunu da verib. Deməli, oxunaqlıdır.
Ikinci: Rəşad bəy əsəri yarıya qədər güclə oxuyubsa və roman onun ədəbi zövqünü oxşamırsa, bu, “digər münsiflərdə də belə olacağı” anlamına gəlmir və ya gəlməməlidir. Ədəbi zövq konveyer deyil ki, bir-birinə bənzəsin.
Üçüncü: Rəşad bəy bu açıqlama ilə MKM-in onun rəyindən asılı olduğunu gözgörəsi nişan verib. Müsabiqəni izləyənlərə yaxşı məlumdur ki, 17 münsifdən cəmi 3-4 nəfərin – Şahbaz Xuduoğlunun, Niyazi Mehdinin… (başqası ağlıma gəlmədi) – qısa müddətdə 10 əsəri oxumaq imkanı, vaxtı, həvəsi və marağı var, qalanlarının “ümumi rəyi” Rəşad Məcidin fikrinin başına sancılıb. Bu səbəbdən “əsas münsif” və “MKM-in qalibini təyin edən şəxs” imicinə sahib bir şəxsin belə birtərəfli mövqeyi yaxşı heç nə vəd etmir.
Dördüncü: Rəşad Məcid bir çox ekspert arasında da söz sahibidir, hətta MKM-in ekspertlərindən biri Yaşar bəy onun “525-ci qəzet”də müavinidir. Yaşar bəyin timsalında bəzi ekspertlərə və ümumilikdə MKM-in nəticəsinə təsir etdiyinin fərqinə varmayıb, yoxsa, qəsdən edib?
Yanlışmı, yoxsa qəsdmi olduğunu bilmirəm, amma Rəşad Məcidin bu açıqlamasının MKM-in obyektivliyini ciddi sual altında qoyduğunu dəqiq bilirəm.
Əliyev ölkəni inqilaba aparır
•