162 metr hündürlüklü, tikintisi 30 milyon manata başa gəlmiş bayraq qülləsi laxlamağa başladı.
Əvvəlcə gözəl bayrağımız qiyam eləmişdi – elə qaldırıldığı gün – və ona nifrət eləyənlərin, onu mənən daim alçaldanların ucaltdığı korrupsiya kötəyinə bənzəyən qüllədə qərar tutmaq istəməmişdi. Sonra yenisini asdılar. O da, üsyan elədi və dirəkdən çıxdı. Sonra yenisini bağladılar bu dirəyə.
Bayraq onu qaldıranları yaxşı tanıyır. O, qüllədə qalmaq istəmir. Üsyanları, çırpınmaları bu dəfə qüllənin özünü laxlatmağa başladı. Bayraq xalqa nümunə göstərir. Onsuz da xalqın balalarının boğazından kəsilib ucaldılan bütün qüllələr, salınan bütün körpülər, atılan bütün keçidlər sonunda laxlamağa məhkumdu. Kimin sərəncamı ilə tikilir tikilsin. Laxlayan qülləni müvəqqəti olaraq bərkitmək olar. Ancaq bir gün tez, bir gün gec – o qüllə uçacaq. Bircə onu arzulamaq qalır ki, uçarkən məsum insanları altında qoymasın.
Qüllənin laxlamasını hakimiyyətin dayaqlarının laxlaması kimi anlamaq olarmı? Bəlkə bu, elə ona işarədi? Kim bilir. Yaşayıb görəcəyik.
Misirin qoca diktatoru Hüsnü Mübarək xalqa vəd üstdən vəd verir. Xalq yola gələnə oxşamır. Illərlə, az qala bir qərinə etiraz enerjisi bütünlüklə boğulmuş xalqın qəzəbi birdən-birə kükrəyib. Onlar başa düşür ki, diktatorların verdiyi heç bir vədə inanmaq olmaz. Hətta ölkədə hər şeyi camaata parasız paylasa belə, yenə də yerini bərkidəndən sonra əski adam olacaq və ara sakitləşən kimi xalqdan qisas almağa başlayacaq. Bircə, Misir xalqı aldanmasaydı!
Israilin Hüsnünün mübarək ətəyindən bərk-bərk yapışması müsəlman dünyasının tarixi inkişafının qarşısını almaqdan başqa bir şey deyil. Onlar anlayır ki, ən nəhayət müsəlmanlar ayılıb, daha kölə olaraq yaşamaq istəmirlər. Demokratiya, azadlıq, hüquqlarının bərpasını arzulayırlar, korrupsiyaya yox deyirlər. Deməli, inkişaf qaçılmaz olacaq və görünür, bu da Israilə sərf eləmir.
“Müsəlman qardaşları”nın xalq hərəkatına qoşulması da adamı ruhdan salır. Bu o təşkilatdı ki, yaradılması birbaşa gizli və fövqəlgücə sahib “Komitet – 300″-ün adıyla bağlanır. Mən hərəkatın müəyyən mərhələsində bu qardaşlığın inqilaba zərər verəcəyindən qorxuram.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Mübarəkə səsləndi: “Biz insanıq, biz faniyik. Daimi deyilik. Hamımız gəldi-gedərik. Bu dünyadan bircə kəfəndə gedəcəyik. Odur ki, kəfənin qədir-qiymətini bilək. Həm vicdanımızın, həm xalqımızın səsinə, onların xeyir-duasına və ya bəd duasına hazır olaq. Xalqın hayqırtısına qulaq verək”.
Ərdoğan etirazçılara da müraciət edib: “Demokratiya və azadlıq hər kəsə verilən bir haqdır. Silahdan uzaq durun, amma mədəniyyətinizə sahib çıxın. Hüquqlarınız üçün mübarizə aparın. Layiqli mübarizə aparın. Misirdə istər əsgər, istər polis, istərsə də adi camaatdan heç kimin xəsarət almasını istəmirik”.
Mən bu səslənişi Ərdoğanın, həm də Ilham Əliyevə və Azərbaycan xalqına müraciəti kimi qəbul eləyirəm. Kim nə götürəcək, götürməyəcək – öz qabiliyyətinə baxır.
Krallar, avtoritar dövlət başçıları, məsələn, Nazarbayev bu inqilabi dalğanı anında qiymətləndirə biliblər və doğru-yalan müəyyən jestlər eləməyə başlayıblar. Azərbaycan kralının qırımından isə bir tərpənti hiss olunmur. Bu da o deməkdi ki, ya hakimiyyət tarixin gedişini düzgün qiymətləndirə bilmir, ya da öz xalqını yaxşı tanıyır, onun səsini yüksəldəcək bir xalq olmadığına inanır. Bu isə, istənilən bir xalq və ya toplum üçün ayıb deməkdi. Hər halda, zaman hamının özünü tanıdacağı zamandı.
Gözlər Qülləyə dikilib. Qoy, xeyirlisi olsun.
Laxlama başladı
•
•