Illərdir bağırıb durduq, etməyin-eləməyin dedik, hüququ əzərək, azadlıqları boğaraq, özünüzü millətin və dövlətin üstündə görərək, hər şeyi maddiləşdirərək, mənəviyyatı belə, pulla-parayla, mal-mülklə ölçərək bir yerə varmaq olmaz dedik.
Ədalətsizliyi, süründürməçiliyi, sümürücülüyü, korrupsiyanı, rüşvəti normaya çevirərək, yalanı, yaltaqlığı dəyər kimi qəbul edərək Tanrının və Tarixin nifrətindən başqa bir şey qazanmaq olmaz dedik.
Xalqın ürəyindən çağdaşlıq xəyallarını, özgürlük arzularını, demokratiya istəklərini oğurlayaraq, danışan ağızları qıfıllayaraq, dik duran başları əzərək, özünü “tək sevgili” görərək, “hər kəs məni sevəcəkdir, məni sevməyən mənim düşmənimdir” zehniyyəti ilə yaşayaraq uzağa getmək olmaz dedik.
Əl çəkin bu bitib-tükənməyən hakimiyyət ehtirasınızdan, 21-ci əsrdə monarxiya qurmaq eşqinə düşəcək qədər gülünc eləməyin özünüzü, onsuz da qurdla qiyamətə qalmaq olmaz dedik.
Amma inandıra bilmədik sizi. Necə də inandıraydıq ki? Biz nə karəyik, biz kimik – heç kim. Axı hər şeyin düzünü yalnız siz bilirsiniz!
Bu da axırı… Misir olsun, Tunis olsun, Yəmən olsun, fərqi yoxdur, hara olur olsun, indi hardan bir qiyam xəbəri eşidildi, hardan bir üsyan sorağı çıxdı, hardan bir inqilab müjdəsi gəldi, həmən diksinərsiniz. Dik atılarsınız yerinizdən. Hürkək-hürkək baxarsınız ətrafınıza. Sizdən ayın neçəsi olduğunu soruşan yoxkən, “O üsyandan bizdə olmaz! Inqilab üçün bizdə heç bir səbəb yoxdur!” deyə bas-bas bağırarsınız. Soğan yemədiyinizi deyərsiniz, amma içiniz göynəyər. Qoturunuz olmadığını deyərsiniz, amma qocunarsınız.
Və bax onda… bax onda, əslində hər şeyin göründüyü kimi olmadığına, bugünkü əzəmətinizin, möhtəşəmliyinizin bir inqilab rüzgarı ilə havaya sovrulacağına kimsənin şübhəsi qalmaz.
Və bax onda… bax onda ortaya çıxar kimin hüsnünün daha mübarək olduğu: azadlığınmı, istibdadınmı? Yalanınmı, həqiqətinmi? Sevgininmi, nifrətinmi? Zülmünmü, ədalətinmi?
Bu bayraq sizi sevmir də, zorla deyil ki…
Bayrağı sevə-sevə deyil, büdcəni sökə-sökə ucaltdıqları uzun bayraq yenə əyildi.
Yenə qollarını sıvadılar, bayraq dirəyinin dibini bərkitsinlər deyə… Amma bərkitsələr nə olacaq? Bu bayrağın onları sevmədiyi onu ən uzun dirəyin ucuna sancdıqları ilk gündən bəllidir. Indi istəyirlər o dirəyin bir ucunu lap yerin ən alt qatına qədər basdırsınlar, bu Gözəlim Bayraq dayanmaz orda.
Çünki onu ora başından bəri xalqın cibində olan bir əlin qaldırdığının fərqindədir. Çünki onu ora öz haqları uğrunda savaşan insanların qanına batmış bir əlin qaldırdığını görür. Çünki onu ora bu ölkədə özgürlük adına, istiqlal adına hələ də var olan hər şeyə uzadan bir əlin qaldırdığını bilir. Çünki onu ora onun özünü ilk dəfə dalğalandırmış və bu millətə ilk dəfə azadlıq kimi gözəl bir neməti dadızdırmış bir böyük övladının üstündən xətt çəkən bir əlin qaldırdığından xəbərdardır.
Qısası, bayraq deyib keçməyin, hamımızdan daha yaxşı anlayır bu viranə məmləkətdə nə olub-bitdiyini…
Ən çox arzuladığım iki şey
BIR: qızımın əllərindən tutaraq, bir mitinqə getmək…
IKI: bir mitinqdə kürsüyə çıxaraq bir Nazim Hikmət şeiri oxumaq, məsələn:
Aclık ordusu yürüyor
yürüyor ekmeye doymak için
ete doymak için
kitaba doymak için
hürriyete doymak için.
Yürüyor köprüler keçerek
kıldan ince kılıctan keskin
yürüyor demir kapıları yırtıp
kale duvarlarını yıkarak
yürüyor ayakları kan içinde.
Aclık ordusu yürüyor
adımları gök gürültüsü
türküleri ateşten
bayrağında umut umutların umudu bayrağında…