Ənnağı Hacıbəyli: «Görünür, səbəb Eynulla Fətullayevdir»
«Parlament prezidentin diktəsi olmadan hansısa məsələni, o cümlədən amnistiyanı müzakirəyə çıxarmağa cəsarət etmir»
Parlament geniş amnistiyanın elan olunması ilə bağlı insan haqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsünü müzakirə etmək niyyətində deyil. Bunu, parlamentin hüquq məsələləri və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl E.Süleymanova 2011-ci ildə qeyd olunan yubiley tarixləri ilə əlaqədar geniş amnistiyanın elan olunması təklifilə parlamentə müraciət etmişdi. Lakin Ə.Hüseynov hesab edir ki, amnistiya hər hansı tarixlə əlaqələndirilməməlidir, statistik araşdırmalara əsaslandırılmalıdır. Onun sözlərinə görə, bir qayda olaraq, amnistiya barədə təklif dövlət başçısından gəlir. Qeyd edək ki, son iki – 2007 və 2009-cu illərdəki amnistiyalar prezidentin xanımı, deputat Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Ombudsmanın təşəbbüsünə gəlincə, Ə.Hüseynov hesab edir ki, bu təklifin hüquqi qüvvəsi yoxdur (“Turan”). Maraqlıdır ki, bu günə qədər bu qurum E.Süleymanovanın təşəbbüslərini fəal təbliğ edirdi. Amma söhbət amnistiyaya gələndə hakimiyyətin münasibəti dərhal dəyişdi. Onu da əlavə edək ki, Konstitusiyaya görə, Ombudsman qanunvericilik təşəbbüsü hüququna malik deyil. Ombudsman haqqında qanuna əsasən isə E.Süleymanova parlamentə amnistiya elan olunması barədə təklif irəli sürə bilər (maddə 1.5).
Hüquqşünas Ənnağı Hacıbəyli əvvəlcə onu bildirdi ki, qanunda Ombudsmana amnistiya təklifilə çıxış etmək hüququnun verilməsi Konstitusiyaya zidd deyil: “Konstitusiyada qanunvericilik təşəbbüsləri ilə çıxış edəcək subyektlərin sırasında Ombudsman göstərilməsə də, ”Ombudsman haqqında qanun” müvəkkilə məlum təkliflə parlamentə müraciət hüququnu verir. Üstəlik, Ombudsman tərəfindən belə təklif daxil olubsa, buna Əli Hüseynov yox, ümumilikdə parlament rəsmi münasibət açıqlamalı idi. Bu məsələni tək Əli Hüseynov yox, 125 deputat həll edir”.
Ə.Hacıbəylinin sözlərinə görə, burada hüquqi məqamdan daha çox, siyasi məqam var. Çünki Azərbaycan parlamenti prezident başda olmaqla icra hakimiyyətinin diktəsi ilə işləməyə öyrəşib: “Ona görə də, Ombudsmanın təklifinə belə cavab veriblər ki, belə təkliflər bir qayda olaraq prezidentdən gəlir. Əgər bir qayda olaraq prezidentdən gəlirsə, demək, bu, vahid qayda deyil və başqa subyektlərdən də təkliflər gələ bilər. Parlamentin müstəqil olmaması özünü onda göstərir ki, deputatların qanunvericilik təşəbbüsü hüququ olsa da, onların təklif etdiyi heç bir qanun layihəsi müzakirəyə çıxarılmır. Üçüncüsü, hətta qanunvericilik təşəbbüsü hüququ olmayan istənilən hüquq müdafiəçisi də amnistiya verilməsi ilə bağlı təklif verə bilər. Görünür, Milli Məclis prezidentin diktəsi olmadan hər hansı məsələni, o cümlədən amnisityanı müzakirəyə çıxarmağa cəsarət etmir”.
Hüquqşünas maraqlı bir məqama da aydınlıq gətirərək bildirdi ki, Azərbaycan təcrübəsində hakimiyyətin konkret şəxslərə görə amnistiyadan yayınması və ya həmin adamlarla bağlı maddələri sənədə daxil etməməsi cəhdləri olub: “Məsələn, Qurban Məmmədova görə onunla bağlı maddəni amnistiyaya salmayıblar. Halbuki amnistiya verilən cinayətlərə görə həmin maddə mütləq amnistiyaya düşməli idi. Eyni hal Mirzə Sakitlə də bağlı təkrarlanmışdı. Görünür, indi də səbəb Eynulla Fətullayevdir. Ona görə amnistiya aktını qəbul etməkdən imtina edirlər”.
Gültəkin