«Qisas almadan qayıtma» adlı bədii film macəra janrındadır
Göygöl rayonunda 19-cu əsrdə Azərbaycanda yaşamış almanlar barədə yeni film çəkilir. «Qisas almadan qayıtma» adlı bədii film macəra janrındadır.
Tanınmış rejissor Oqtay Mirqasımov öz ssenarisi əsasında «Azərbaycanfilm» kinostudiyasında istehsalına başladığı filmin əsas hissəsini elə bu rayonda çəkəcək. İlk səhnələr 19-cu əsrdə Göygöl rayonunda almanlar tərəfindən tikilmiş Lüteran kilsəsi qarşısında çəkilir. Yaradıcı briqada filmin ən dinamik kütləvi səhnələrindən birini burada çəkir.
Rejissor Oqtay Mirqasımov: «Bu səhnələr üçün bəlkə də daha uğurlu bir yer seçmək olardı, amma süjetimizlə bağlı olduğundan məhz buranı seçmişik».
Film Xanlarda yaşamış alman ailəsinin 1941-ci ildə müharibə ərəfəsində zorla köçürülməsindən bəhs edir. Filmin çəkilişinə rayon əhalisi də cəlb edilib (“Azadlıq” radiosu).