Misir xalqı Hüsnü Mübarəkin növbəti xəyanəti ilə üzləşdi. Bir gün əvvəl milyonların qabağında dil çıxarıb, vədə istəyən Mübarək öz quldur dəstəsini meydandakı vətəndaşların üstünə yollayıb. Hakimiyyət hərisləri görün nələrə qadirdir. Dəstə bıçaqla, dəyənəklə, hətta dəvələrlə xalqa hücum edib. Bunu gözləməyən vətəndaşlar əvvəlcə özünü itirib. Belə olacağına inanmayıblar. Hələ ilk günlərdən insan haqları təşkilatları mitinqçilər arasında mülki geyimli polislərin olduğunu xəbər vermişdi. Bunu yaralılara yardım edən həkimlər müəyyən etmişdi. Indi gələn xəbərlər də sübut edir ki, Mübarəkin tərəfdarları adlanan dəstə xüsusi təyinatlı qruplardır. Özünü itirən etirazçılar uzun çəkişmədən sonra onları meydana buraxmayıblar. Hər halda, qarşıdan Cümə günü gəlir…
***
Indi hamının diqqəti Misirə, bizim YAP hakimiyyətinin ən uzun bayraq dirəyinin əyilməsinə, Rusiyanın kosmik peykinin səmada itməsinə və bu kimi maraqlı qlobal işlərə yönəlib. Əslində, bütün bunların fonunda bizim hakimiyyət də özünün mənasız fəxarət hissi və milyonlarla vəsait hesabına ucaltdığı bayraq dirəyi kimi əyilib. Amma xalqın marağına zidd işlərini də dayandırmır. Baxın, su da bahalaşdı. Ağlasığmaz dərəcədə şişirdilmiş böyük xərclər hesabına yeni su kanalı çəkildi, amma suyun qiyməti qalxdı. Su artdı, amma ucuzlaşmaq əvəzinə bahalaşdı. Bu da bizim inkişaf.
Bu bahalaşmadan öncə rabitə naziri Əli Abbasov çıxış etmişi. Dedi ki, Azərbaycan inkişaf edir və rəqəmsal yayıma keçir. Dalınca da dedi ki, peyk antenaları qadağan ediləcək, hökumət özü əhaliyə 10-15 kanala baxmağa imkan yaradacaq. Inkişafa baxın, camaatın pulsuz, rahatlıqla baxdığı 100-lərlə kanalı əlindən alıb, ona 10 kanal verirlər. Hələ buna inkişaf da deyirlər…
Əli Abbasovun bir az öncə verdiyi açıqlamalar indi-indi tam anlaşılır. Poçt xidmətlərinin qaldırılmasına təklif verən və hökumətin digər bahalaşdırma planlarından xəbərdar olan nazir camaatın diqqətini qiymət artımından və çanaq antenalarının qadağası təklifinin altında gizlənən siyasi hiylədən yayındırmaq üçün mobil operatorları hədəfə gətirdi. Mobil rabitədə rominq xidmətinin baha olmasını elə diqqətə çəkdi ki, sadə azərbaycanlı sevinməli oldu. Amma adama deyərlər ki, bahaçılığı qınayırsansa, bir həftə sonra poçt xidmətini niyə bahalaşdırırdın?
Poçt daşımaları həm də mətbuat yayımına bağlı məsələdir, üstəlik elə zəif qurulub ki, ölkədə abunə sistemi və mətbuat yayımı bu səbəbdən məhv oldu. Bu sahəni illərdir araşdırıram. Bölgələrdə əsl qəzet aclığıdır. Rabitə bir ölkəyə bundan artıq nə ziyan vura bilər? Neçə illərdir ölkədə təbliğat aparırlar ki, az qala hər evdə telefon var. Çindən neft pulları hesabına şişirdilmiş qiymətlərə alınan ATS-lərlə fəxr etməyə nə var ki. Poçtdaşımaların sürətindən, ucuzluğundan, internetin sürətindən və ucuzluğundan niyə danışmırlar?!
Mobil telefonların rominq xidməti doğrudan da bahadır. Amma bu yazıq camaat yaxşı bilir ki, adi ev telefonlarından da beynəlxalq zənglər bizdə olduqca bahadır. Şəxsən mən illərdir xaricdə yaşayan yaxınlarıma mesaj atıram, onlar mənə zəng edir. Çünki xaricdən Azərbaycana zəng etmək bizdən ora zəng etməkdən qat-qat ucuzdur. Əksəriyyət belə edir…
Beynəlxalq zənglərin tariflərini rabitə nazirinə tabe olan “Aztelekom”, yəni Əli Abbasov özü müəyyən edir. Hətta mobil operatorlar bu tariflə işləyir, beynəlxalq çıxışı “Aztelekom”dan alır, sadəcə öz faizlərini Əli Abbasovun baha qiymətlərinin üstünə qoyur. Sən özün öz xalqını soyursansa, bu şirkətlər xalqa pulsuz işləyəcəklərmi?
Təzəcə ödədiyim bir hesabdan danışa bilərəm. Ev telefonları ilə Azərbaycandan Türkiyəyə zəngin 1 dəqiqəsi 45 qəpikdir, Rusiyadan isə 24 qəpik. Niyə görəsən? Rusiyadan ABŞ-a zəngin 1 dəqiqəsi 32 qəpiyi ötmür, Azərbaycandan isə 54 qəpikdir. Indi gördünüzmü bahalığın mənbəyi hardadır?! Onun səbəbini Misirdəki dəvələrdə axtarmaqla deyil ki…
Dəvələr və Əli Abbasovun bahalıq hiyləsi
•