Devrimə doğru, Azərbaycan!

Bu yazını yazmağa başlayandan az qabaq “Inşaatçılar” metrosunun çıxışına yaxın yerdə durub adam gözləyirdim. Aradan azacıq keçmiş üç polis serjantı gəlib yanımda durdu. Bunun da üstündən azacıq keçmiş hündürboy, kələ-kötür bir polis kapitanı gəlib polislərin sırasına qatıldı. Onlar altdan-altdan mənə göz qoyan kimi, mən də onlara, onların davranışlarına göz qoyurdum. Işin nə yerdə olduğunu başa düşdüyümdən üzümü kapitana tutub dedim: “Deyəsən, mitinq gözləyirsiz?”. Kapitan çaşqınlıqla: “Nə mitinq, hansı mitinq?” – deyə sordu. “Misir mitinqi!” – dedim. Kapitan dəli oldu: “Misir hara, bura hara? Burda Misirdə olanlar ola bilməz! Biz qoymarıq ola!”. “Orda olursa, burda da olacaq!” – dedim. “Orda polis zəif idi, ona görə oldu. Bizdə polis güclüdür, buna görə də Misirdə olan bizdə ola bilməz!” – kapitan səsini qaldırdı. “Xalq polisdən güclüdür, – dedim, – xalq meydana çıxandan sonra siz neyləyəcəksiz?”. Kapitan acıqlı-acıqlı: “Xalqın başını əzəcəyik, – dedi,- üstündən də qayıtdı: – Hökumət bundan ötrü bizə çoxlu pul verir”. “Misirdə də beləydi, – dedim, – sonda polis, ordu xalqla birləşdi…”. Kapitan sözümü bitirməyə qoymadı, kəskinliklə buyurdu: “Sən nə səviyyəsiz adamsan!”. Mən ona jurnalist olduğumu dedim. O isə azacıq da olsa utanmadan bildirdi: “Jurnalist olsan da, səviyyəsizsən”.
Bütün dialoqumuz boyu mən kapitana “siz” deyirdim, o mənə “sən” deyirdi. Bilənlərin dediyinə görə, bu gün hər yerdə – bütün dövlət strukturlarında belədir: oralarda böyük-kiçik bilmədən hamıya belə deyirlər – “sən”. Bu isə ayrı-ayrı adamların mədəniyyət göstəricisi sayıla bilməz: bu, bütöv bir hakimiyyətin mədəniyyət göstəricisidir. Yada Arabulun tutulandan qabaq jurnalistlərə dediyi düşür: “Xalqınız çox yoxsul olsa da, biz xalqdan işıqpulu ala bilirik, hakimiyyət adamlarından ala bilmirik. Sizdə xalq hakimiyyətdə olanlardan mədənidir”. Arabul dolayısıyla bizdə hakimiyyətin oğru olduğunu demişdi. Bəlli olduğu kimi, hakimiyyətin oğru hakimiyyəti olmasının kökündə başlıca olaraq mədəniyyətsizlik faktoru dayanır. Oğru hakimiyyətlər mütləq mədəniyyətsiz hakimiyyətlərdir. Yalan, yaltaqlıq, rüşvət, korrupsiya belə hakimiyyətlərin atributları – ayrılmaz özəllikləridır. Bu gün Ərəb dünyasını bürüyən devrim dalğasının kökündə də hakimiyyətlərin mədəniyyətsizliyi faktoru dayanır.
Tunisdə, Misirdə baş verənlərdən qorxuya düşən başqa Ərəb ölkələrində hökumətlər qabaqlama işlərinə baş vurmaqdadırlar: xalqa pul, ərzaq paylanır. Küveytdə xalqa 4 milyard dollardan çox pul paylanıb, 19 ay ərzaq pulsuz veriləcək. Liviya diktatoru Qəddafi belə bir iş üçün 20 milyard dollardan çox xərcləməyi planlaşdırıb. Azərbaycan diktatoru Ilham Əliyevsə hələ də keçən yüzilin supulu borclarını ödəmək üçün evlərə bildiriş yollayır. Belə bildirişlərdən biri də bizə gəlib. Bu bildirişə görə, bizim keçən yüzildən 345,96 manat supulu borcumuz var. Bildirişdə göstərildiyinə görə, biz “10 gün müddətində” borcumuzu ödəməliyik – “Əks təqdirdə müvafiq tədbir görüləcəkdir”. Mülki Məcəlləyə görə (373.2-ci maddə), üstündən üç il keçmiş borcun istənilməsi qanun pozuntusudur. Di gəl, rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi yerdə qanunsuzluğun özü qanun xarakteri alır. Belə yerdə devrim qaçılmaz olur.
General, otuz ilin diktatoru Hüsnü Mübarək bu gün xalqın əlində köpürdülmüş şar kimidi. Görünür, yefreytor rütbəsi belə olmayan I.Əliyev özünü general-diktatordan güclü bildiyindən, hakimiyyətinin yıxılmaq qorxusu altında olduğu bir arada suyun, kanalizasiyanın qiymətini 66 faiz, qatarlarda yolpulunu 4 qat artırdı. Bu, Ilham Əliyevin xalqı sonadək soymaq qərarı kimi dəyərləndirilməlidir. Qoy olsun, ancaq unutmasınlar: Tunisin devrilmiş prezidenti ilə xanımının XALQDAN oğurladığı milyardlar tutuqlandı – daha o pullar onların deyil!