Suriyada cümə və şənbə günləri mitinq keçirməyə çağırış oldu
“Facebook” və “Twitter” sosial şəbəkələrində Suriyada etiraz aksiyasına çağırışlar yayılıb. “Əş-Şərq ələ-Əvsət” qəzetinin məlumatına görə, çağırış müəllifləri cümə və şənbə günləri bütün ölkədə “Qəzəb günü” keçirməyi təklif ediblər.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd isə bir neçə gün öncə ABŞ-ın “The Wall Street Journal”a verdiyi müsahibəsində bu il ölkədə əhəmiyyətli siyasi və iqtisadi islahatlar keçirəcəyini bildirmişdi. O, qeyri-hökumət strukturlarının iştirakı ilə bələdiyyə seçkiləri keçirəcəyini və mətbuat haqqında qanuna dəyişikliklər edəcəyini vurğulayıb.
Suriya lideri ərəb dövlət başçılarına xalqın siyasi tələblərini anlayışla qarşılamağı və təcili iqtisadi vəziyyəti yaxşılaşdırmağı məsləhət görüb. Əsədin sözlərinə görə, ərəb dünyasında yaşanan son hadisələr insanların dəyişikliklərə can atdığını göstərir.