AXCP ilə Müsavat arasında problem yoxdur

Fuad Qəhrəmanlı: “AXCP heç zaman Müsavatın qərargahında yerləşməyib”

 

“Bizim Yol” qəzetinin dünənki sayında gedən məlumata görə, son vaxtlar iclaslarını Müsavat Partiyasının qərargahında keçirən AXCP-yə artıq bu imkan tanınmır. Qəzet yazır ki, partiyalar arasında yaşanan gərginliyə görə Müsavat öz qərargahında AXCP-yə ayırdığı otağı geri alıb. AXCP Rəyasət Heyətinin fevralın 2-nə nəzərdə tutulan toplantısı da bu üzdən baş tutmayıb.
Məsələyə aydınlıq gətirmək üçün AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya müraciət etdik. F.Qəhrəmanlı yayılan informasiyanın yanlış olduğunu dedi: “AXCP heç zaman Müsavat Partiyasının qərargahında yerləşməyib. Sadəcə olaraq seçki kampaniyası dövründə təşkilatlarımız eyni seçki blokunda təmsil olunduğuna görə seçki qərargahı üçün otaq ayrılmışdı. Biz də həmin otaqdan seçki kampaniyası dövründə istifadə etmişdik. Həmin seçki qərargahının yerləşdiyi otaqda AXCP rəhbərliyinin ara-sıra toplantıları da olub. Amma bizim strukturlar heç zaman Müsavat Partiyasının qərargahında daimi fəaliyyət göstərməyib. Seçki prosesi tam başa çatdığından bizim seçki qərargahında çalışan nümayəndələrimiz otağın açarını Müsavat rəhbərliyinə qaytarıblar. Ola bilsin, bu söz-söhbət də məhz buna görə yaranıb”.
Qəhrəmanlıya görə, bu cür məlumatın yayılmasında müəyyən qüvvələr maraqlıdır. Qəhrəmanlı vurğuladı ki, iki partiya rəhbərliyi arasında hər hansı narahatlıq və münasibətlərə xələl gətirə biləcək proses yaşanmayıb.

 

Xəyal