Avropa Şurasına qarşı korrupsiya ittihamı

Azərbaycan hökumətinin maraqlarına xidmət edən AŞ PA üzvlərilə bağlı maraqlı videogörüntülər var

«Bu videogörüntülər onları ən azı, çirkin lobbiçilikdə, korrupsiyada ittiham etməyə əsas verir»

 

“Avropa Şurasının Azərbaycanda demokratiyanın vəziyyətinə, insan hüquqlarının müdafiəsinə yanaşmasında korporativ maraqlar önə çıxıb”. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında iştirak etmiş hüquq müdafiəçiləri Strasburqdan bu qənaətlə qayıdıblar.
AŞ PA-nın sessiyasında iştirak etmiş hüquq müdafiəçiləri dünən mətbuat konfransı keçirərək fikirlərini bölüşüblər. Norveç Insan Hüquqları Evinin Bakı burosunun rəhbəri Vüqar Qocayev hüquq müdafiəçilərinin Strasburqdakı görüşləri barədə məlumat verib. Məlum olub ki, nümayəndə heyəti nə qədər çalışsa da, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi  Jozef Debono Qrexlə görüşə bilməyıb.
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev bildirib ki, səfər zamanı AŞ PA-dakılara Azərbaycandakı real vəziyyətə dair məlumat verməklə yanaşı, durumdan çıxış yollarıyla bağlı tövsiyələri də dilə gətiriblər. Eyni zamanda Azərbaycandakı parlament seçkisilə bağlı real durumu əks etdirən hesabatı yayıblar.

Həmməruzəçi Eynulla Fətullayevin niyə tutulduğunu bilmir

Intiqam Əliyev deyir ki, AŞ PA üzvlərində Azərbaycanla bağlı məlumatsızlıq müşahidə ediblər: “Hökumət orada pis mənada ciddi lobbiçilik fəaliyyəti aparır. Biz hökumətlə normal əlaqələr qurmağa, işləməyə hazırıq. Amma hökumətdə bizlərə – çatışmazlıqları tənqid edənlərə düşmən kimi baxırlar. Milli Məclisin sədri Oqtay Əsədovun parlamentdə bizlərlə bağlı verdiyi bəyanat da dediklərimə sübutdur”.
Hüquq müdafiəçisi Azərbaycan üzrə digər həmməruzəçi Pedro Aqranumuntla görüşdə şoka düşüb. Təsəvvür edin ki, bu adam Azərbaycan üzrə həmməruzəçidir, amma Eynulla Fətullayevin nəyə görə həbsdə yatdığını bilmir.
Intiqam Əliyevin fikrincə, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Ştrasserdən də ümidverici nəsə gözləməyə dəyməz: “Bu adamı siyasi məhbuslar üzrə məruzəçi kimi Azərbaycana dəvət etmirlər. O da heç bir addım atmır”.
Hüquqşünas Əsabəli Mustafayev də hesab edir ki, Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Şurasının strukturları ilə ciddi iş aparmalıdır: “Biz AŞ PA nümayəndələrilə görüşümüzdə onlara başa salmağa çalışdıq ki, siyasi hakimiyyət uğrunda mübarizə aparmırıq, əksinə, ölkədə hər şeyin qanun çərçivəsində, sivil yolla cərəyan etməsinin tərəfdarıyıq. Azərbaycanda seçkilər məsələsi müzakirə edilərkən bir fransız parlamentari açıq şəkildə söylədi ki, seçki ilə bağlı hesabat neft və qaza görə qeyri-obyektiv oldu”.

Kimlər özünü AŞ PA-da müxalifətçi kimi təqdim edib?

Əsabəli Mustafayevin fikrincə, AŞ PA-da Azərbaycandakı gerçək vəziyyət barədə məlumatsızlığın bir səbəbi də ölkəni təmsil edən nümayəndə heyətinin tərkibində müxalifətçi deputatların olmamasıdır: “Məsələn, Ermənistandan olan deputat çıxışında ölkəsindəki vəziyyəti kifayət qədər kəskin tənqid etdi. Azərbaycanla bağlı bu boşluğu vətəndaş cəmiyyətinin üzvləri doldurmalı, real durumu oradakılara çatdırmalıdır. Təsəvvür edin ki, Böyük Quruluş Partiyası, Milli Birlik Partiyası orada müxalifət partiyaları kimi qələmə verilir. Özlərini müxalifətçi deputat kimi təqdim edərək, seçkini tərifləyirlər”.
Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli də daha çox AŞ PA-da Azərbaycandakı seçkilə bağlı hesabatın üzərində dayandı. Bildirdi ki, Azərbaycandakı seçki ilə bağlı real durumu təhrif edən bu hesabata müxalifət, eləcə də vətəndaş cəmiyyəti qurumlarının mütləq kəskin şəkildə münasibətlərini ortaya qoymalıdır.

“Avropa Şurasını açıq bazara döndəriblər”

Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov AŞ PA-nın bəzi üzvlərinin Azərbaycan hökumətilə işbirliyindən danışdı. Emin Hüseynov Azərbaycandakı parlament seçkisində Avropa Şurasının müşahidə missiyasının rəhbəri olmuş və seçkidən sonrakı çıxışıyla yerli jurnalistlərin qınağına tuş gəlmiş Pol Villi ilə bağlı maraqlı görüntülər əldə edib: “Pol Villinin mandatı artıq bitib. O, sessiyada Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin bir əməkdaşı ilə yanaşı oturmuşdu. Azərbaycanla bağlı hesabat dinlənilən gün səhərdən başlayaraq pıçıldaşırdılar. Onlarla birlikdə pıçıldaşan üçüncü adam isə sessiyadakı çıxışında Azərbaycanda hər şeyin yaxşı olduğunu deyən britaniyalı deputat idi. Hesab edirəm ki, bu videogörüntülər onları ən azı, çirkin lobbiçilikdə ittiham etməyə əsas verir. Çirkin lobbiçilik də müəyyən mənada korrupsiya anlamına gəlir. Avropa Şurasının bu cür açıq bazara döndərilməsi göstərir ki, həyəcan təbili çalmağın vaxtıdır. Məndə bir daha əminlik yarandı ki, Pol Villi nələrinsə müqabilində Azərbaycan hakimiyyətinin maraqlarından çıxış edib”.

“Hökumətdən hər cür təxribat gözləyirik”

Yeri gəlmişkən, hüquq müdafiəçiləri Pol Villinin şübhəli əməlləri barədə bəyanatı AŞ PA-nın sessiyasında yayıblar.
RATI rəhbəri həmçinin parlamentin son iclasında spiker Oqtay Əsədov və vitse-spiker Ziyafət Əsgərovun hökuməti Strasburqda tənqid etmiş hüquq müdafiəçilərini aşkar şəkildə hədələməsinə də toxundu: “Ziyafət Əsgərov deyib ki, bizlərin barəsində ciddi addımlar atılmalıdır. 2006-cı ildə Ziyafət Əsgərov Mirzə Sakitlə bağlı ciddi addımlar atılmalı olduğunu bildirdi və iki həftədən sonra onun cibinə narkotik atıb həbs elədilər. Bu baxımdan biz də hər cür təxribatlar gözləyirik”.
Yeri gəlmişkən, hüquq müdafiəçiləri məsələ ilə bağlı bəyanatla çıxış etmək fikrindədir.
Avropa Şurasında Azərbaycana münasibətdə vəziyyətin dəyişməsi üçün müxtəlif istiqamətlərdə işlər görməyi planlaşdıran hüquq müdafiəçiləri bu barədə də məlumat verdilər. Məsələn, Azərbaycan hökumətinin maraqlarının müdafiəsilə məşğul olan bəzi AŞ PA üzvləri var ki, onların əməlləri barədə həmin şəxslərin ölkələrindəki mətbuata məlumatların ötürülməsi planlaşdırılır. Çünki Azərbaycandan fərqli olaraq, o ölkələrdə Avropa Şurasında dövləti təmsil edən deputatın hansı imicə sahib olduğu çox önəmlidir.

Aytən Məmmədova