İmtiyazlı şərikliyin davası

Dünən əksər jurnalistlərin, həmçinin redaksiyaların poçtuna Cəlal Əliyevin öz şəriki Sədiyar Zeynalova qarşı məhkəmə iddiası ilə bağlı sənədlərin surəti göndərilib. Açığı, bu sənədlərin sayı o qədərdir ki, onların hamısını əsaslı şəkildə oxumaq və öyrənmək xeyli vaxt tələb edir. Bu sənədlər arasında Cəlal Əliyevin iddia ərizələri də var. Cəmi 4 ərizə. Bu ərizələrdə prezidentin əmisi şərikindən təxminən 23 milyon dollar tələb edir – şərikli mülklərdən öz payı kimi.

Bəri başdan deyim ki, sənədlərdə Cəlal Əliyevin adı müəssisələrin həmtəsisçisi kimi qeyd edilir və odur ki, hüquqi sənədlər cəhətdən onun haqlı-haqsız olduğunu dərhal demək çətindir. Digər tərəfdən, bu cür şərikliyin necə yarandığı da aydındır. Şübhəsiz ki, nə vaxtsa bu şəriklik hesabına Sədiyar Zeynalov imtiyazlı biznesin ağırlıq təşkil etdiyi bir ölkədə işlərini məhz Cəlal Əliyevə arxalanaraq çiçəkləndirmək istəyib. Bəlkə də çiçəkləndirib, çünki şərikliyin tarixi 1997-ci ilə gedib çıxır. Yoxsa onun nə işi vardı Cəlal Əliyevin yanında?! Biznes Forumda tanış olmayıblar ki?! Yaxud şərikin uğurlu biznes planları, ideyaları onları birləşdirməmişdi ki?!

Azərbaycan reallığını əsas götürdükdə, indiki mübahisənin də nədən doğduğu hamıya aydındır. Bir az əvvəl Cəlal Əliyev bütün bir ölkənin sahiblərindən sayılırdı, onun qabağına kim çıxa bilərdi?! Sədiyar Zeynalov kimilər onun şəriki olmaq, imtiyazlı, rahat biznes yürütməkdən ötrü böyük arzularla yola çıxardı. Bu gün isə iş tərsinə dönüb. Indi Zeynalovun özünə əzabkeş imici yaratmaq cəhdi də alınmır…

Hüquq-sənəd baxımından imtiyazlı bizneslə bağlı belə bir mübahisədə kimin nə qədər haqlı olduğunu demək uzun söhbətdir. Bəli, məhkəmə, məhz məhkəmə qərar verməlidir. Ədalətli məhkəmə isə bizdə yoxdur. Bu, işin hüquq-sənəd tərəfidir.

Bəs ədalət nə deyir? Bunun üçün iki suala cavab verilməlidir. Cəlal Əliyev bu şərikliyi iqtisadi amillərləmi (pay qoyub, iş görüb və s. yollarlamı) qazanıb? Sədiyar Zeynalov isə öz biznesini tamamilə siyasi imtiyazsızmı qazanıb? Bax, məsələ də bundadır. Mənə görə, bu məsələdə tərəflərin hər ikisi mübahisəsi gedən mülksüz, yaxud qismən mülksüz qalmalıdır. Onların şərikliyi ədalətə, iqtisadi qanunlara, bərabər rəqabətə qarşı olub, bürokratik təsirlərlə daha çox və izafi qazanc məqsədi güdüb. Bu cür şəriklikdən əldə edilən gəlirlər və mülklər heç bir tərəfə çatmalı deyil. Bax, bunu ayırd edəcək məhkəmə yoxdur bizdə. Bizim məhkəmə indi hər iki tərəfə qarşı da haqsızlıq edə bilər, bir tərəfə də. Bütün hallarda o, əsl ədaləti bərpa etməyəcək. Bilinəcək hər halda…

Çoxaldı, bahalaşdı…

O nədir ki, çoxaldıqca bahalaşır? Bu tapmacanın cavabını təzə bilmişik: su. Az əvvəl, az qala, ağzını açan hər kəs Qəbələ-Abşeron su kanalının çəkilməsi ilə bağlı hakimiyyətə təriflər yağdırırdı. Tərif üçün susuzlayanlar elə məmnun idilər ki, heç olmasa, bir dəfə təriflərində haqlı olduqlarını düşünürdülər. Tez-tez də deyirdilər: su həyatdır.

Tərifdən sonra tarif gəlirmiş, indi də su bahalaşdı. Sən demə, su həyat yox, pul imiş. Indi görün tərifli inkişaf necə olur. Inkişaf etdikcə hər şey bahalaşırmış. Bunu harada görmüşdünüz ki, çoxaldıqca bir şey bahalaşır?! Su çoxaldı və bahalaşdı. Bu necə uğurdur? Bu, nə layihə idi?
Amma deyirəm dağlardakı bulaqlara görün nə qədər borcumuz var…