Qorxu və özbaşınalıq ittifaqı

Yaxud “Azərittifaq”da baş verənlərə etiraz edənlər mətbuatdan niyə narazıdır?

Ötən həftə yazılarımın birində “Bu da mənim olsun” yarımbaşlığı ilə “Azərittifaq” deyilən quruma tabe olan Kooperasiya Universiteti və Kooperasiya Kollecinin qanunsuz özününküləşdirilməsindən yazmışdım. Mənim üçün faktın özü maraqlı idi. Açığı məni bu təhsil müəssisələrinin taleyi maraqlandırmırdı. Çünki mən Azərbaycan ali məktəblərinin hamısını bərbad, səviyyəsiz, təhsil tələblərinə cavab verməyən, qeyri-mənəvi qurumlar sayıram. Lakin “Azərittifaq” sədri Eldar Quliyevin sözügedən təhsil müəssisələrinə sahib çıxması Azərbaycandakı özbaşınalığı, qanunsuzluğu, talanı, ədalətsizliyi xarakterizə edən tipik bir hadisədir. Bu hadisə bir nümunə kimi diqqətimi çəkmişdi. Axı bizim ölkədə nəinki kollektiv mülkiyyəti, hətta ictimai (dövlət) mülkiyyəti də bu cür mənimsəyirlər. “Bu da mənim olsun” deyə.
Amma yazıdan sonra Kooperasiya Universitetində çalışan müəllimlərdən gözləmədiyim reaksiyalar aldım. Onlar da Eldar Quliyevin kollektiv mülkiyyətlərə sahib çıxmasından narazıdır, lakin mətbuat təmsilçiləri kimi onların haqlarını daha yaxşı müdafiə etmədiklərimizi düşünürlər. Məsələn, yazımdakı bir məsələdən xüsusilə narazı qalıblar. Mənim həmin təhsil məktəblərinin taleyinə biganəliyimdən və məsələyə yalnız birtərəfli baxmağımdan. Deyirlər ki, ola bilər, siz bu universiteti bəyənmirsiniz, amma düşünün ki, bu, Azərbaycan reallığında kimlərinsə hələ sovet dövründən çalışdığı iş yeridir: “Biz sabah iş yerimizi itirə bilərik, biz kollektiv mülkiyyətimizi itiririk”. Onların fikrincə, həmin universitet o biri ali məktəblərdən geri də qalmır, onun zəifliyi ümumi təhsil probleminin tərkib hissəsidir. Bu isə kiminsə həmin ali məktəbə sahib çıxmasına haqq vermir.
Daha sonra narazılıq geniş əhatəyə keçir: “Dövlət maraqlanmır, dövlət kimlərinsə bizim taleyimizlə oynamasına susur. Sabah yeni təsisçi ali məktəbi bağlayıb, yerində hotel işlədəndə biz nə edəcəyik? Sabah bina və ərazilər başqa təyinata yönləndiriləndə biz hansı hüquqla buna qarşı çıxacağıq?!”.
O da məlum olur ki, sözügedən təhsil müəssisələri kollektivinin ən böyük arzusu həmin qurumların dövlətin idarəçiliyinə keçməsidir. Onlar hesab edirlər ki, özəl ali məktəblər Azərbaycanda özünü doğrultmur, bu təhsil müəssisələri dövlətin olduqda, təhsilin səviyyəsi daha yüksək olacaq, həm də kollektiv özünü güvənli hiss edəcək. Bu, tələbələri də məmnun edər. Bu istək liberal iqtisadiyyatın tərəfdarı olan adam kimi mənə təzadlı görünsə də, açığı, mövcud reallıqlar çərçivəsində xeyli əsaslı idi. Ən azı ona görə ki, bu ali məktəblərin 51 faizi bir qərarla kiminsə sahibliyinə keçirsə, dövlətin niyə ola bilməz?! 
Elə məsələ də bundadır – kollektiv mülkiyyət bir qərarla necə bir nəfərin ola bilər? Və niyə Eldar Quliyevin? Məni işin bu tərəfi daha çox maraqlandırır və məhz bu məsələnin haqqında danışdığımız təhsil müəssisələrinə bağlı olan adamlara daha vacib olduğu üçün yenidən kiçik bir araşdırma apardım. Düzü, mən müəllimlərin mətbuatın məsələyə az diqqət ayırmasından narazılığını haqlı saymasam da, yenə də öz peşə vəzifəmi yerinə yetirməli oldum.
Əvvəla, yenidən ölkəyə səs salan özününküləşdirmə qərarına qayıdaq. Müxtəlif qəzetlərdə “Azərittifaq” Şurasının prezidenti Eldar Quliyevin bu təşkilatın nəzdində olan təhsil müəssisələrini özününkü etməsi barədə qərarın mətni dərc edilib. “Azərittifaq”ın Idarə Heyətinin həmin qərarında deyilir:
1. “Azərittifaq” Şurasının prezidenti – “Azərittifaq” Idarə Heyətinin sədri Eldar Allahyar oğlu Quliyevə Azərbaycan Kooperasiya Universitetinin tamhüquqlu ikinci təsisçisi səlahiyyəti verilsin.
2. “Azərittifaq” Şurasının prezidenti – “Azərittifaq” Idarə Heyətinin sədri Eldar Allahyar oğlu Quliyevə Bakı Biznes və Kooperasiya Kollecinin ikinci tamhüquqlu təsisçisi səlahiyyəti verilsin.
3. “Azərittifaq”ın Idarə Heyətinə tapşırılsın ki, bu tədris müəssisələri üçün yeni nizamnamə qəbul edərkən nizamnamə kapitalında həmtəsisçi Eldar Quliyevin payını 51 faiz, həmtəsisçi “Azərittifaq” Idarə Heyətinin payını 49 faiz həcmində olmaqla müəyyən etsin”.
Bu qərardan narazı olan kollektiv üzvləri jurnalistlərdən, mətbuatdan narazı qalmaq əvəzinə, ortaya çıxıb səslərini qaldırmalıdırlar. Bu müəssisələrin və “Azərittifaq”ın özünün nizamnamələrində necə olmasından asılı olmayaraq, onlar bir məsələni əllərində rəhbər tuta bilərlər. Bu, “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin qanunun “KOOPERATIVIN ƏMLAKI” bölümünün 21-ci maddəsinin 1-ci bəndində deyilir: “Kooperativin əmlakı onun üzvlərinin  xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir”.
Ümumi xüsusi mülkiyyəti isə heç kim özününküləşdirə bilməz. Odur ki, yuxarıdakı qərar qanunsuz mənimsəmə sayılmalıdır. Çox təəssüf ki, sözügedən təhsil müəssisələrinin və “Azərittifaq”ın nizamnamələrini əldə edə bilmədim, amma həmin nizamnamələr də “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan qırağa çıxa bilməz. 
“Azərittifaq”ın Idarə Heyətinin qərarının tam mətni əlimdə yoxdur, amma onun mətbuatda dərc olunan hissəsində çox maraqlı və heç kimin diqqətini çəkməyən bir məqam da var. Müəssisələrin təkcə 51 faizi Eldar Quliyevə verilməyib, onun  qalan 49 faizinin təsisçiliyi də dəyişdirilib. O, “Azərittifaq” Idarə Heyətinin payı kimi müəyyən edilib. Bu nə deməkdir, axı Idarə Heyəti “Azərittifaq” deyil?! Idarə heyəti təşkilatın idarə qurumudur, onun təşkilata aid olan mülkü mənimsəməyə haqqı yoxdur, üstəlik, bu, absurddur. Bütün quruma aid olan mülk necə oldu bəs? Harada görünüb ki, təşkilat yox, onun idarə heyəti təsisçi olsun? Axı idarə heyəti nə fiziki şəxsdir, nə də hüquqi şəxs, qanunlara görə bu halda təsisçi də ola bilməz.
Gördünüz ki, sözügedən təhsil müəssisələri tam mənimsənilib. Idarə Heyətinin sədri və ona tabe olan Idarə Heyəti ona sahib çıxıb. Bu kiçik araşdırma nəticəsində çox maraqlı bir faktla rastlaşdım. 2000-ci ildə Heydər Əliyev də bu müəssisələrin statusunu dəyişmək istəyib. Kooperasiya Universitetini Iqtisadiyyat Universiteti ilə birləşdirmək haqda fərman imzalayıb. Amma sonradan işə Beynəlxalq Kooperasiya Alyansı qarışıb və həmin fərman dəyişdirilib. Bilirsinizmi nəyə görə? Payçıların mülkiyyətinin toxunulmazlığına görə. Bəs indi niyə payçıların mülkiyyəti toxunulan olub? Indi niyə o toxunulmazlıq qorunmur? Heç bir satış, auksion, tender keçirmədən kollektiv mülkiyyəti necə başqasına vermək olar?
Müəssisələrin təsisçilərinin dəyişdirilməsinə maraqlı bir izah verilib. Tədris müəssisələrini daha yaxşı təmsil etmək üçün Eldar Quliyev təsisçi olub. Təsisçilik təmsilçilik deyil. Bir adam haradan bu qədər çox vaxt tapıb “Azərittifaq”ı, bir universiteti və bir kolleci yaxşı təmsil edəcək? Istənilən müəssisəni, təsisçi olub-olmamasından asılı olmayaraq, onun rəhbəri təmsil edir. Məgər Misir Mərdanov bütün ali məktəbləri, orta məktəbləri təmsil etməsi üçün onların təsisçisi olmalıdır?
Hər şey bu qədər aydın olduğu halda, səsini çıxarmağa hələ risk etməyən müəllimlərin mətbuatdan narazı qalması isə çox qəribədir. Deyəsən, onlar istəyir ki, əvəzlərinə hər işi başqaları görsün. Budur, Ramiz Mehdiyev ölkədəki özbaşınalıqlarla bağlı iclas keçirib, guya şikayətlərin olmasından bəhs edir. Hər şey şikayətsiz də bəlli olduğu halda. Çıxın ortaya, şikayət edin və görün kimlər bu ölkədə vəzifələri yerinə yetirmək əvəzinə, ölkəni və sizlərin çalışdığı müəssisələri özbaşınalıq və qorxu ittifaqına çevirib…