Müxalifət Novxanıda möhtəşəm mitinq keçirdi

Əli Kərimli: “İlham Əliyevin bu dövləti idarə etməyə mənəvi haqqı yoxdur”

 

İctimai Palataya daxil olan partiyaların liderləri və üzvləri, ziyalılar, gənclər Məmməd Əmin Rəsulzadənin anadan olmasının 127 illiyi münasibətilə onun Novxanı qəsəbəsindəki heykəlini ziyarət ediblər. Əvvəlki illərlə müqayisədə budəfəki ziyarətdə iştirak edənlərin daha çox olduğunu desək, yanılmarıq. AXCP və Müsavat partiyasının rəhbərləri, AXCP-nin Gənclər Komitəsinin üzvləri və digər cəbhəçilər, müsavatçılar Rəsulzadənin heykəli yerləşən bağa doğru yürüş etdilər. Yürüş zamanı Gənclər Komitəsinin üzvləri “Azadlıq!”, “Istefa!” şüarları səsləndirdilər.
Gənclərin qaldırdıqları plakatlarda isə “Ben Ali, next, Ilham Ali” (“next” ingiliscədən tərcümədə “növbəti” deməkdir), “Insanlara hürriyyət, Millətlərə istiqlal!”, “Gənclər Rəsulzadəni seçir”, “Sən bizimsən, bizimsən durduqca bədəndə can; Yaşa, yaşa, çox yaşa, ey Şanlı Azərbaycan!” kimi şüarlar yazılmışdı.
Ilk olaraq Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli çıxış edərək, bütün dünyada yaşayan azərbaycanlıları bu gün münasibəti ilə təbrik etdi. O, M.Ə.Rəsulzadəni “Azərbaycanı qaranlıqdan aydınlığa çıxarmış şəxsiyyət” kimi dəyərləndirdi.
Tarixçi Cəmil Həsənli də Rəsulzadənin Azərbaycan tarixində yeni idealogiya yaradan, milli birlik ideyasını işləyib hazırlayan lider olduğunu vurğuladı: “O, Avropaya nümunə olacaq bir demokatik cümhuriyyəti yaratdığına görə Azərbaycan xalqı Rəsulzadəyə minnətdar olmalıdır”.

“Mübarəkin heykəli Azərbaycandan yığışdırılmalıdır!”

Mitinqdə çıxış edən keçmiş deputat Pənah Hüseyn Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin xatirəsinin unudulmasına yönəlik cəhdlərə, bu şəxsiyyətlərin büstlərinin sökülməsinə, adlarının universitetlərdən götürülməsinə görə Azərbaycan hakimiyyətini qınadı: “Hakimiyyət Rəsulzadənin, Elçibəyin, vətən yolunda canlarını şəhid etmiş şəxslərin heykəlini tikmək əvəzinə, Misir prezidenti Hüsnü Mübarəkin heykəlini Azərbaycanda qoydurub. Buna gülmək də yox, ağlamaq və qəzəblənmək lazımdır”.
P.Hüseyn Xırdalan qəsəbəsində Hüsnü Mübarəkə qoyulmuş abidənin sökülməsini, Azərbaycan məktəblərindən birinə Mübarəkin xanımının adının verilməsi barədə qərarın ləğvini tələb etdi: “Demokratiya uğrunda vuruşan insanların qanını tökən, ən qəddar istibdadın müəllifi kimi çıxış edən Mübarəkin heykəlini qoyan bu hakimiyyət universitetdən Rəsulzadənin adını çıxarıb. Rəsulzadənin, Elçibəyin adına bir küçə, bir məktəb varmı? Amma müstəbih, mütləqiyyəti yayan, geri qalmış bütü qoyublar Azərbaycan torpağına. Azərbaycan torpağında istiqlala biz nail olmuşuq, Azərbaycan insanını da azadlığa biz qovuşduracayıq”.
P.Hüseyn bir daha hakimiyyəti şəxsiyyətə pərəstiş siyasətinə son qoymağa çağırdı.

“Azərbaycan dəyişikliklər ərəfəsindədir”

Müsavat partiyasının başqanı İsa Qəmbər 2011-in Azərbaycanda demokratik islahatlar ili olacağını bildirdi: “2011-ci ildə Müsavat partiyasının 100 illiyi tamam olur. Bu il Azərbaycanda demokratiyaya nail olunması baxımından partiyanın ideya və məqsədlərinin reallaşmasıyla əlamətdar olacaq”.
İ.Qəmbərin sözlərinə görə, Azərbaycan dəyişikliklər ərəfəsindədir və ötən ilin sonlarında yaradılmış demokratiya uğrunda vətəndaş hərəkatı – Ictimai Palata islahatların reallaşmasına görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Bu qurumun demokratik qüvvələrin konsolidasiyası üçün platforma ola biləcəyini vurğulayan başqan bütün siyasi qüvvələri və ictimai təşkilatları Ictimai Palatanın ətrafında birləşməyə çağırdı.

“İlham Əliyevin bu xalqa rəhbərlik etməyə mənəvi haqqı yoxdur”

AXCP lideri Əli Kərimli isə çıxışında hazırda Azərbaycan hakimiyyətində xalqın azadlığını və demokratiyanı istəməyən qüvvələrin təmsil olunduğunu bildirdi. Ərəb dünyasında baş verən inqilabi hadisələrə toxunan partiya sədri Islam dünyasında ilk demokratik dövlətin məhz Azərbaycanda yaradıldığını xatırlatdı: “Bu gün Azərbaycan hakimiyyətinin Rəsulzadəyə olan biganə, qısqanc, nankor münasibətinə etiraz edərək, biz buradayıq ki, böyük babamıza öz minnətdarlığımızı bildirək”.
Əli Kərimli, həmçinin Rəsulzadənin doğum gününü Azərbaycan xalqı üçün böyük bir bayram kimi qiymətləndirdi: “Özü də bu süni bayram deyil. Bunu ”Gül bayramı” ilə qarışdırmayın. Qoy onlar öz bütlərinin şəkillərini televiziyaların künclərinə yapışdırsınlar. Rəsulzadənin adı isə bizlərin qəlbindədir. Nə qədər çalışsalar da, Azərbaycan xalqının qəlbindən bu adı silə bilməzlər. Bu gün bizim əsas vəzifəmiz Rəsulzadənin böyük ruhu qarşısında minnətdarlığımızı ifadə etməkdir. Hamımızı ağrıdır ki, bu böyük insanların qurduğu dövləti hazırda Azərbaycan Milli Azadlıq Hərəkatında iştirakı olmayanlar, üç rəngli bayrağın qaldırılmasında rolu olmayanlar, Azərbaycanın müdafiəsində payı olmayanlar idarə edir. Rəsulzadənin qurduğu bu dövləti belələri idarə etməməlidir”.
Bundan sonra “Istefa!” şüarları səslənməyə başladı.
Ə.Kərimli çıxışını davam etdirərək bildirdi ki, artıq xalqın səbr kasası daşır: “Gərək, Ilham Əliyev eşitsin və bilsin ki, bu haqsızlığa, ədalətsizliyə Azərbaycan xalqı sonsuza qədər dözmək fikrində deyil. Əliyevin və onun komandasının belə bir xalqa rəhbərlik etməyə mənəvi haqqı yoxdur”.
Əli Kərimli xatırlatdı ki, Rəsulzadə və onun silahdaşları bütün Şərq dünyasında Azərbaycana birincilik qazandırıblar: “Müsəlman aləmində bunu bacaran təkcə biz idik. Amma bu gün müsəlman dünyasının yarıdan çoxu demokratiyasına qovuşsa da, 92 il əvvəl demokratiyanın ilk nümunəsini yaratmış bizim xalqımız hələ də bu istibdada dözür. Xüsusilə, Şimali Afrikada Ərəb ölkələrinin demokratiya yolunda göstərdikləri qəhrəmanlığın fonunda bir çoxları utanır. Utanmayın, başınızı dik tutun. 20 Yanvarda bizim millətimizin qəhrəmanlığını, Rəsulzadənin etdiklərini 88-89-cu illərdəki mübarizəmizi xatırlayaq. Amma bu günlə barışmayaq. Utanmaq əvəzinə, qəzəblənək, haqqımızı tələb edək. Nə qədər ki, Azərbaycan var, Rəsulzadə sevənlər də var olacaq”.
Sonda Rəsulzadənin Novxanı məzarlığında uyuyan yaxınlarının məzarları da ziyarət olundu.
Günün ikinci yarısında isə Müsavat partiyasının qərargahında Aydın Balayevin Rəsulzadə haqqında yazdığı kitabın təqdimatı keçirildi.

Elmin