AXCP və Müsavat məruzəçilərin görüş müraciətinə “yox” cavabı verdi
Hazırda Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntla görüş təklifinə AXCP və Müsavat rəhbərliyi “yox” cavabı verib. Hər iki partiyanın ötən gün yayılan birgə bəyanatında görüşdən imtinanın səbəbləri açıqlanıb.
Bəyanatda bildirilir ki, son illərdə Avropa Şurası və onun bir sıra qurumları – AŞ PA-nın seçkiləri müşahidə missiyası, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri, Avropa Şurası Venesiya Komissiyası üzərlərinə düşən vəzifəni yerinə yetirib Azərbaycandakı demokratikləşmə prosesinə, insan hüquqlarının müdafiəsinə dəstək vermək, ölkədə hər gün məhdudlaşdırılan azadlıqları qətiyyətlə pisləmək əvəzinə, daha çox Azərbaycan hakimiyyətinin demokratiyanı imitasiya siyasətini müdafiə edirlər.
Avropa Şurasının müxtəlif strukturları hər gün əvvəlkindən daha çox Azərbaycan hökumətinin təsiri altına düşür və öz rəsmi sənədlərində, qurumun məsul şəxslərinin açıqlamalarında Azərbaycandakı avtoritar rejimə haqq qazandıran, onun saxtakarlıqlarını ört-basdır edən fikirlərlə çıxış edirlər: “Biz Azərbaycanın aparıcı müxalifət partiyaları olaraq, cəmiyyətimizin bu narahatlığını dəfələrlə Avropa Şurası rəsmilərinə çatdırmışıq. Amma çox təəssüf ki, AŞ PA sonuncu sessiyasında Azərbaycan üzrə qəbul edilən qətnamə ilə, aparılan müzakirələrlə bir daha göstərdi ki, AŞ PA daha çox Azərbaycan hakimiyyətinin lobbi təsiri altındadır. Bu səbəbdən biz bütövlükdə Avropa Şurasının və onun məruzəçilərinin fəaliyyətinə etimadsızlıq göstərərək, nəzərdə tutulan görüşdə iştirakdan imtina edirik”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də eyni səbəblərə görə AŞ PA rəsmilərilə görüşdən imtina edib.
İnformasiya şöbəsi