Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nəzərdə tutulmayan iclasını keçirib. “Nəzərdə tutulmayan” ona görə ki, 2004-cü ilin 13 yanvarında Qanunla mübarizəsinə start verilən antikorrupsiyanın 2005-ci ildə təsdiqlənən Əsasnaməsinə 2008-ci ilin 30 oktyabrında “dəyişiklik” edilib. Bu dəyişikliyə əsasən 10-cu maddəni ölkənin baş akademiki Ilham Əliyevə beləcə imzalatdırıb: “Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarlarını iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri qəbul edə bilər”.
Bu əndrəbadi cümlənin məğzi ondan ibarətdir ki, onsuz da əhəmiyyətsiz bir qurum olan Korrupsiyaya qarşı mübarizə Komissiyası Ramiz Mehdiyevdən ibarətdir.
Əslində, Komissiyada təmsil olunan 15 üzvün 5 nəfərinin nazirdən, 5 nəfərinin Milli Məclisdən və 5 nəfərinin Konstitusiya Məhkəməsindən təyin edilməsinin özü cinayətkarları mühakimə edəcək “hakimlər” haqda təsəvvür yaradır. Amma görünür, Ramiz müəllim Komissiya üzvlərinin 6 aydan bir yığışmasına ümumiyyətlə, ehtiyac görməyib!
Antikorrupsiya Qanun və Əsasnaməsinin ildən-ilə dəyişməsi ölkədəki ictimai-siyasi və korrupsiya məntiqinə uyğundur: 2004-cü ildə hakimiyyəti miras olaraq yenicə qəbul edən oğul Əliyev korrupsiyaya qarşı nəsə yaradır, 2005-ci ildə – parlament seçkiləri öncəsi “nəsənin” Əsasnaməsini təsdiq edir, 2008-ci il oktyabrın 30-da, ikinci dəfə prezident təyin edildikdən və hakimiyyətinə heç bir təhlükə hiss etmədikdən, ölkəyə külli miqdarda neft pullarının axmasından, iri-iri layihələrə yekə-yekə pulların xərclənməsi prosesinə başlanılmasından sonra “nəsəni” faktiki olaraq ləğv edir, Komissiya üzvlərini rahat-rahat öz işləriylə məşğul olmağa göndərir. Zatən, kimsəyə ehtiyac yox – korrupsiyaya baş akademik şəxsən nəzarət edəcək!
Amma 2011-ci ildə, heç gözlənilmədən, tarappıltıyla Korrupsiyaya qarşı Komissiyanın iclası çağırılası olur. Və “Inkişafın Azərbaycan modeli”nin banisi Ramiz Mehdiyev bildirir ki, iclas Ilham Əliyevin tapşırığı əsasında çağırılıb.
Niyə? Əvvəla, Komissiya var, Əsasnaməsi yaradılıb, Dövlət Proqramları qəbul olunub, bu azmış kimi antikorrupsiya üzrə Milli Strategiya müəyyənləşib, 6 aydan da bir prezidentə məruzə olunur (və ya olunmalıdır). Iclasın çağırılmasını niyə prezident tapşırmalıdır? Komissiya özü niyə işləmir?
Ikincisi, cənabımız korrupsiya əleyhinə aparılan mübarizənin möhtəşəmliyindən birdən-birə niyə narahat oldu?
Cəmi üçcə ay bundan əvvəl qibleyi-aləmimiz 2010-cu ilin 9 ayına yekun vurdu. Hökumətin geniş iclasında prezident dönə-dönə qeyd etdi ki, ölkədə “tam şəffaflıq” yaradılıb, “Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB-də birincidir”, “investisiyalar üçün cəlbedici” şərait var, təbii fəlakətdən zərər çəkənlərin hamısı xoşbəxt edilib, “yol tikintisi sahəsində böyük işlər görülür”, “əhalinin sosial müdafiəsi gücləndirilir” və s.
Həmin məşhur çıxışı indi də oxumaq və dinləmək mümkündür. Bəs, bu üç ayda nə baş verdi?
Ramiz Mehdiyev Komissiyanın iclasında prezidentin tapşırığı ilə gileyləndi ki, “sahibkarlığın inkişafına süni əngəl yaradılır, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə neqativliklər, rüşvətxorluq və korrupsiya” var bunlar “yeni quruculuq işlərinə kölgə salır”!
Yaxşı, indi biz neyləyək? Üç ay əvvəl şəffaflığın ölkəni başına götürdüyü, tikinti, səhiyyə, sosial müdafiə sahəsində nəhəng layihələrin uğurla icra olunduğu barədə o böyüklükdə cənabımızın sözlərinə inanaq, yoxsa üçcə gün əvvəl o böyüklükdə prezidentin narahatlığı əsasında o səviyyədə baş akademikin Komissiyada dediklərinə? Yəni o yekəlikdə uğurlara üçcə günə kölgəmi düşdü?
Yeri gəlmişkən, Misir ərəbləri hakimiyyətin onları aşağıladığını, yalan satdığını düşündükləri üçün inqilab yolunu seçdiklərini deyirlər.
Ar olsun Hüsnü Mübarəkə – adam da öz vətəndaşlarını aşağılayar, onları aldadar?
Ilham Əliyevə inanaq, yoxsa Ramiz Mehdiyevə?
•