Qafqazın ən böyük şəkər zavodu işçiləri bir ucdan çıxarır; FHN-in qəzalı saydığı evlər «bərpa olunsun!» adı ilə nəzarətdən çıxır
Imişlinin bəzi kəndlərində hər üç evdən biri qəzalı vəziyyətdədir
Yolum Imişliyədir. Bakıdan Imişliyə 246 km-dir. Təxminən yolun yarısına – Şirvan (köhnə Əli Bayramlı) şəhərinə qədər yolu rahat gəlmək mümkündür. Yəni, Ipək Yolu buradan keçir (adətən ölkədə rəvan yollara Ipək adı verilir – R.D). Amma Sabirabad, Saatlı və nəhayət, Imişliyə gedən yollarda Ipəkdən əsər-əlamət yoxdur. Bu yollar o qədər bərbaddır ki, hətta ata və oğul əliyevlərin “müdrik kəlamları” belə abrını örtə bilmir.
Qafqazın ən böyük dərdi
Rayonun mərkəzində təbii ki, Heydər Əliyev prospekti var. Bundan yazmaq fikrindən uzağam. Rayonda o qədər problemlər var ki, bir həftə qalıb sərasər yazsan, bitməz. Nədən istəsən yaz. O qədər həllini tapmayan işlər var ki, gəl görəsən.
Imişli Şəkər Zavodu. Bu şirkətin adını hər yerdə eşidə bilərsən. Məsələn, rayona gələndə Qaradağda iri bir dəmir lövhədə “Imişli şəkər zavodu 190 km” sözlərini oxudum. Nə isə…
Rayonda dedilər ki, bu, Qafqazın ən böyük zavodudur. Insafən sadə camaat bu zavoddan çox razıdır. Amma işin dərinliyinə varanda məlum olur ki, sən demə, işlər heç də elə deyilmiş…
Imişlilər zavodun fəaliyyəti ilə evlərinə çörək pulu apara bilirlər. Amma bu ilin ilk günlərindən başlayaraq zavodda 1600-dən artıq iş yerindən yarısı ixtisara düşüb. Bunu sakinlərin dilindən eşidəndə əvvəlcə elə bildim ki, zavodun idxalı azalıb. Öyrənəndə ki, təkcə şəkər tozunun gündəlik istehsalı 1000 tondan yuxarıdır, bu “sokraşeniya”nın əcəba nədən yarandığı məndə sual yaratdı. Öyrəndim ki, iş əvvəlkindən daha yaxşı gedir. Gündən-günə istehsalı artan bir obyekt nədən işçisinin sayını azaldır? Deməli, torbada pişik var. Rəhbərlik işçilərin sədaqətini dərk edib, onların sayını azaltmaq əmri verib. Yox, elə düşünməyin ki, azsaylı işçilərin maaşları qalxıb? Yox, elə deyil! Əksinə, hazırda təxminən 800 nəfər işçisi olan şirkət fəhlələrin iş rejimini 8-10 saatdan 14 saata qədər artırıb. Üstəlik, maaşlarına da toxunmayıb. Fəhlənin dörd gündən bir işə çıxması, indi iki günlə əvəzlənib. Yəni iki nəfərin işini bir nəfər görür. Amma işi elə qurmaq olar ki, sən kimlərinsə xoşuna gələsən və işdən uzaqlaşmayasan.
“Sokraşeniya”dan necə qurtulmaq olar? Orada işləyən bir fəhlənin dediyinə görə, kim “işini” yaxşı bacarırsa, əlavə məlumatları rəhbərliyə çatdırırsa, zavodda çalışa bilər. Bir sözlə, şirkət insanlara zəhmətə görə yox, xüsusi xidmətə görə qiymət verir.
Qafqazın ən böyük zavodu təkcə şəkər istehsal etmir. Şirkətin ərazisində spirt, yağ, mazut, elektrik, ev heyvanları üçün yem istehsal edən müəssisələr fəaliyyət göstərir. Adlarını sadaladığım məhsullar isə xüsusən Irana ixrac olunur. Orta əmək haqqı maksimum 200-300 manatdır. Bu pulların da yarısı bankomatla verilir, yarısı da “qara mühasibat”la əldə edilir. Yəni, maaşların yarısını gizli yolla verməklə rəhbərlik vergidən yayınır. Hər halda bunu işdən azad olunan sakinlər deyir. Onlar bildirirlər ki, maaşı əldə etmək üçün müəyyən “qruplarla” əlaqəyə girmək lazımdır: “Daimi müqavilə yoxdur. Müqavilələr bir aylıq bağlanır. Istər yeddi il işlə, istər bir il; fərqi yoxdur, hamıyla bir aylıq müqavilə bağlanır. Bundan əlavə, etiraz edənlər xəbərdarlıqsız işdən çıxarılır. Özləri necə istəyirlərsə, onu da edirlər”.
Əldə etdiyim məlumatlara görə, öz hesabına məzuniyyətə və yaxud müalicəyə gedənlər bir neçə aydan sonra işdən xaric olunur. Bundan əlavə, orada işləyən yerli sakinlər ən yaxşı halda 300 manat ala bilər, amma başqa millətin nümayəndələri daha yüksək maaşla təmin olunublar. Bir sözlə, zavod “türmə qanunları” ilə idarə olunur.
Hə, bir də onu da qeyd edim ki, zavoddan havaya buraxılan zəhərli qazlar sakinlərin haqlı narazılığına səbəb olub. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə olmayıb.
Icra nümayəndələri də “at oynadır”
Bir neçə gün öncə fövqəladə tikintilər zamanı yol verilən qanunsuzluqlara etiraz olaraq rayonun Bərcivan kəndinin sakinləri Bakı-Horadiz dəmir yolunu bağlayıblar. Məsələnin dərinliyinə varmaq üçün sözügedən kəndə yollanıram.
Kəndin 75 yaşlı sakini Qəmər Fərmanova deyir ki, daşqınlar zamanı evi qrunt sularından ən çox zərər görüb: “Dörd nəfərlə iki mərtəbəli evdə qalırıq. Artıq ikinci mərtəbədə də yaşaya bilmirik. Rayonun fövqəladə hallar komissiyası da həmin yaşayış yerinə baxış keçirib, FHN-dən göndərilən mütəxəssislər də. Bizim ev kənd üzrə yaşayış şəraiti ən acınacaqlı altı evdən biri olub. Amma FHN-in tikinti briqadası kəndə gələrkən nədənsə icra nümayəndəsi bizi siyahıdan çıxartdı. Hazırda siyahıda olan evlərdən bir neçəsinin özülü qazılıb. Nədən bizə diqqət ayrılmır?”. Q.Fərmanova deyir ki, siyahıda olan evlərdən bir neçəsini məmurların əli ilə həll ediblər.
Kəndin başqa sakini Vəkil Ibadov FHN-dən gələn nümayəndələri güclə evinə gətirdiyini deyir: “Uzun illərdir qara ciyərimdən müalicə olunuram. Həyat yoldaşım isə Allahın ümidinə yaşayır, ikinci qrup əlildir. Üstəlik, hərbi xidmətə yolladığımız oğlumuzu xəstə halda üstümüzə göndəriblər. Heç yerdən qazancımız yoxdur. 7 nəfərlik ailə 20 kvadrata sığışa bilmir. Məcbur qalıb evin gəlinini nəvəmlə birgə qışı ata evində keçirməyə göndərmişəm”.
Həyat yoldaşı Xədicə xala kəndin icra nümayəndəsi Xudaverdi Hüseynovun (Yaxın günlərədək Yasamal rayon polis idarəsinin rəisi olmuş Möhübbət Hüseynovun qardaşıdır) evinə dəfələrlə getsə də, ondan heç bir kömək görməyib: “Bizim evimiz qəzalı ola-ola siyahıya salmadı”. Onun sözlərinə görə, özülü qoyulan yeni evlər yerli icra nümayəndəsinin marağı və kənar şəxslərin sifarişi ilə olub.
Adının çəkilməsini istəməyən başqa bir sakinsə deyir ki, özülü qoyulan evlərdən birinin tikintisini deputat Çingiz Qənizadə xahiş edib: “Digər bir evin sahibi – qəssabdan 1500 manat alındığı söylənilir. Üçüncü evin sahibi icra nümayəndəsinin müavinidir. Əslində onun həyətində 4 min ədəd tikinti daşı var. Icra nümayəndəsi sakinlərlə bu şərtlə razılaşıb ki, yeni ev tikintisi üçün onların həyətinə boşaldılacaq daşın bir hissəsini öz həyətinə gətirəcək”. Müsahibimin sözlərinə görə, Qonşu Qaravəlli və Mirili kəndləri üzrə icra nümayəndələri isə lap “gül vurub”. Belə ki, məhdud sayda tikilən evlərdən üçünü Mirilinin icra nümayəndəsi ələ keçirərək özünə və qohumlarına verib.
Yağma yağış!
Rayonun Mikayıl Müşfiq küçəsinin sakinləri ilə görüşəndə mənim FHN-dən gəldiyimi zənn edib hər kəs öz dərdini söyləməyə başladı. Bildirdilər ki, təxminən 50-yə yaxın yeni ev tikilib. Onun 30-u evi qəzalı olan sakinlərə, yerdə qalanları isə rayonun imkanlı şəxslərinə verilib. Kim pul veribsə, onu yeni evlə təmin ediblər: “Heç bir baxış keçirilmədən pul alıb, ev tikiblər. Halbuki adıçəkilən küçədə onlarla ev var ki, tam qəzalı vəziyyətdədir”.
Bəzi qəzalı evlər isə “bərpa olunsun!” siyahısına salınıb. Amma verilən bu əmr də hələ ki, yerinə yetirilmir. Kompensasiyanın verilməməsi isə adi hala çevrilib.
Küçənin ən böyük dərdi kanalizasiya sisteminin olmamasıdır. Yağış yağanda uzun müddət su həyətlərdə qaldığından hər yeri üfunət bürüyür. Halbuki problemi çox asanlıqla həll etmək olar: “Küçənin kənarından kollektor keçir. Həyətlərdə yığılıb qalan suyu həmin kanala yönəltmək böyük vəsait tələb etmir”. Hətta həyətlərindən çəkiləcək boruları özləri almağa razı olan sakinlər küçənin yollarını FHN-in yük maşınlarının bərbad günə saldığını dedilər.
***
Cəmi bir gün Imişlidə oldum. Amma bu bir gündə nələr eşitmədim. Problemlər o qədərdir ki…
Sakinlər bu problemlərini həll etmək üçün rayona ayrıca bir prezidentin təyin olunmasını istəyirlər. Çünki nə prezident, nə də icra başçısı onlarla maraqlanır. Imişlililər özlərini sahibsiz ölkənin vətəndaşları kimi hiss edirlər. Ona görə də öz torpaqlarını “arıq eşşəyin yaylağı” adlandırırlar…
Ramin DEKO, Bakı-Imişli-Bakı