Azərbaycanın ən təmiz korrupsioneri – Ramiz Mehdiyev!

Ərəb dünyası demokratik devrim dönəmini yaşamaqdadır. Tunis estafeti Misirə verib. 30 ilin diktatoru, general-prezident Hüsnü Mübarək açıq-aydın qanmazlıq sərgiləməkdədir: arxasını orduya dirəyib, “ölərəm, getmərəm!” deyir. Düzdür, hələlik o öldürməkdə, xalqı qırmaqdadır. Ancaq… xalq da xalqdır: Bakının… bağışlayın, Qahirənin baş meydanı (gəlin ona bizdəki kimi Azadlıq-Özgürlük meydanı deyək) XALQIN əlindədir. Gerçəyə qalsa, bu gün bütün Misir xalqın əlindədir. Mübarək olmamışın əlində olan indi yalnız prezident sarayı ilə ordudur. Onların hər ikisinin Mübarəkin əlindən çıxacağı bir neçə günün işidir. Mübarək reforma ritorikasına girişməkdə, reforma imitasiyasına baş vurmaqdadır. Gecdir, çox gec!
Diktatura rejimlərinin yoxsulluq-yolsuzluq içində boğduğu ərəb xalqı ölkə-ölkə ayağa qalxıb diktatorların üzərinə yeriyir. Ərəb dünyasındakı çalxalanmalar Əliyevlər hakimiyyətini qorxuya salıb. Hansı rejimin başında durduğunu gözəl bilən Ilham Əliyev necə bir qorxu ilə üzləşdiyini də gözəl bilir. Bilir, ancaq, görünür, özü ilə bacarmır. Başqa cür desək, düzgün yol tutub demokrata çevrilə bilmir. Budur, o, 18 illik ata-oğul hakimiyyətləri boyunca ölkəni başdan-ayağa batırdıqları rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq bataqlığından çıxarmaq üçün xırdaca bir addım da atmaq istəmir. Devrim dalğası Azərbaycana gəlib çatanadək o, xalqın ona, onun rejiminə olan acığını azacıq da olsa azalda bilər, ancaq, bir daha demək gərəkir: YAP-ın möhtərəm cənab prezidenti özü ilə bacarmır. Elə buna görə də o, dar ayaqda görün kimə əl atır – Ramiz Mehdiyevə!
I.Əliyev ata-oğul hakimiyyətləri boyunca özlərinin rüşvət-korrupsiya işlərini inanıb tapşırdıqları R.Mehdiyevi yalandan, xalqı, demokratik dünyanı aldatmaq üçün yaratdığı Antikorrupsiya komissiyasına başçı qoyub. Olduqca düzgün bir seçim! Prezident olaraq sənin istəyin nə yolla olur-olsun varlanmaq, xalqdan oğurladığın milyardları qat-qat artırmaqdırsa, Antikorrupsiya komissiyası yaratmaq, bu komissiyanın başında R.Mehdiyev kimi tanınmış bir administrator-filosof-professionalı oturtmaq ən əlverişli yoldur. Bununla bir gülləyə iki dovşan vurulur. Bir yandan Antikorrupsiya komissiyası adında gurultulu qurum yaradıb xalqı, demokratik dünyanı aldadırsan, o biri yandan bu qurumun başına bütün administrativ rıçaqları əlində saxlayan bəlli bir professionalı oturtmaqla MƏRKƏZLƏŞDIRILMIŞ KORRUPSIYA SISTEMI yaradırsan!
Bu sistem indiyədək çox gözəl işləyib, onu quranlara, başında duranlara milyonlar, milyardlar qazandırıb. Ancaq indi başqa çağ gəlib; o milyonların, milyardların Tunisdə, Misirdə olduğu kimi bir neçə günün içində itirilməsinə gətirən çağ. Bu çağ qorxusunu ötüşdürməyi, göründüyünə görə, I.Əliyev R.Mehdiyevə tapşırıb. I.Əliyev xalqın acığını azaltmaq üçün, 1993-dən bu yana başında durduqları rüşvət-korrupsiya görsənişlərini Antikorrupsiya başçısının (burada – R.Mehdiyev) boynuna qoyub PA başçısı postundan uzaqlaşdırmaqla ona cinayət işi açdırmalı idi. Ancaq o nə etdi? O, Ərəb dünyasındakı devrimlərdən qorxuya düşərək… R.Mehdiyevə antikorrupsiya toplantısı keçirməyi tapşırdı!
R.Mehdiyev nə edəcək? Keçənlərdən bildiyimiz kimi, o da öz sırasında “prezidentin adından” yararlanaraq bir yandan rüşvətin, korrupsiyanın, soyğunçuluğun stavkasını qaldıracaq, o biri yandan, rejimə bağlı teleradiolarda, qəzetlərdə antikorrupsiya şousu başladacaq. Ancaq ilkin şounu o özü başlayıb: ölkəni bürüyən rüşvətxorluq, korrupsiya “hallarından”, “vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlər daxil olmasından” danışmaqla.
Bunlar indiyədək bizim yazdıqlarımızı “yalan”, “böhtan” adlandırırdılar. Devrimə doğru!