Ziya Məmmədovun işçiləri yenə qan tökdülər

Nazirin sözçüsünün isə deyəsən, bu özbaşınalığa deməyə sözü qalmayıb

 

Yanvarın 27-də Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücüsünün üstündən maşınla keçiblər. Hadisə şahidlərinin məlumatına görə, günorta saat 13:30 radələrində Babək prospektində Nəqliyyat Departamentinin əməkdaşları taksi fəaliyyətilə məşğul olan 41 yaşlı Bəşirov Yusif Eldar oğlunu saxlayıblar. Onlarla Y.Bəşirov arasında mübahisə düşüb. Mübahisə zamanı departamentin işçiləri onu döyüb. Y.Bəşirov yıxıldıqdan sonra onlar avtomobillə Yusifin ayağının üstündən keçiblər. Yaralı 2 saylı Əfəndiyev adına şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Y.Bəşirovun Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən döyüldüyünü təsdiqləyiblər.“Bizim yol” qəzetinin yazdığına görə, məsələ mətbuatda işıqlandırıldıqdan sonra nəqliyyat naziri Ziya Məmmədovun göstərişilə yaralı dərhal başqa xəstəxanaya köçürülüb. Məsələyə Nəqliyyat Nazirliyinin də münasibətini öyrənmək üçün dünən gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamağa çalışdıq. Dəfələrlə Həsənovun həm xidməti, həm də mobil telefonuna zəng vurduq. Lakin nədənsə, mətbuat katibi bircə dəfə də olsun, dəstəyi qaldırmadı.Baş verənlərlə bağlı günahkarların məsuliyyətə cəlb olunub-olunmadığını öyrənmək üçünsə Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla da əlaqə saxladıq. DIN sözçüsü isə ümumiyyətlə, məsələdən xəbərsiz olduğunu bildirdi.
 

 

Elmin