Turqut Ərə qarşı danışdırılan adam ifşa olundu

 

Osman Gezeker Əliyevlərin əlaltısı imiş

Türkiyədə onun diplomatik fəaliyyətinə niyə son qoyulub?

 

“Azadlıqdan Tiranlığa” kitabıyla əlaqədar Azərbaycan hakimiyyətinin yerli telekanallarda Turqut Ərə qarşı təşkil etdiyi kampaniyada bəzi Türkiyə vətəndaşlarından da istifadə olundu. Onlardan biri barədə “Azadlıq”a ilginc məlumatlar daxil olub. Turqut Ərə qarşı danışdırılan bu keçmiş “diplomat” Osman Gezekerdir.

Məlumatda bildirilir ki, Gezeker əslən gürcüdür. 1991-ci ildən 1993-cü ilə qədər Qarsın polis rəisi olub. Bu illərdə Naxçıvanda olan Heydər Əliyev və Ramil Usubovla əlaqə qurub. Osman Gezekeri Heydər Əliyevlə Ramil Usubov tanış edib. Onlara xidmətlərinin əvəzində Türkiyənin Bakıdakı səfirliyində təhlükəsizlik müşaviri təyin edilib.

1993-cü ilin axırında Azərbaycana gələn O.Gezekeri Bakıda iki MTN və Daxili Işlər Nazirliyinin nümayəndələri qarşılamışdılar. O.Gezekerin istifadəsinə Azərbaycan iqtidarı təzə bir qara “Mersedes” hədiyyə vermişdi. Halbuki, o günlərdə Bakıda xarici avtomobil heç kimdə yox idi. Ona ev də vermişdilər. Səfirlikdəkilər, xüsusilə də səfir Altan Karamanoğlu bütün bunlara təəccüblənmişdilər. O vaxt Türkiyənin digər ölkələrinin səfirliklərində belə bir post yox idi. Bu post xüsusilə onun üçün yaradılmışdı. R.Usubov və köməkçiləri hər axşam O.Gezekerlə görüşür, ona qonaqlıqlar təşkil edirdilər. Bir müddət sonra bu münasibət daha da irəliyə getmiş, Türkiyə qanunları qadağan etdiyi halda, dövlət məmuru olan O.Gezeker Bakıda üç kafe, bar və sendviç dükanı açmışdı. Bu müəssisələrdəki personalın əksəriyyəti isə ruslar idi. Heydər Əliyev hakimiyyəti O.Gezekerə başqa imkanlar da yaradaraq, ona Türkiyədən gətirilən malların saxlanılması üçün depolar vermişdi. O.Gezeker hüquq-mühafizə orqanlarından birinin başçısı və 1995-ci ilin mart hadisələrində adı hallanan Kənan Gürəl ilə şərik idi.

Burada ən diqqət çəkən məqam isə odur ki, Əliyev iqtidarının çevrilişdə günahlandırdığı professor Fərman Dəmirqol və Rövşən Cavadov sözügedən deponun müdavimlərindəndir. Azərbaycan hökuməti Gezekeri artıq bir agent kimi istifadə etməyə başlamışdı. Səfirlikdə baş verənləri Gezeker o dəqiqə hakimiyyətə ötürürdü.

Gezeker Cavadovu Türkiyə Daxili Işlər Nazirliyinə, Türkiyəyə dəvət etdirirdi. Gezeker artıq çoxtərəfli agent idi. 1995-ci ilə qədər Əliyev və Ramil Usubova yaltaqlanan Gezekeri sonradan Heydər Əliyev yanından uzaqlaşdırdı. Ancaq Azərbaycan Xarici Işlər Nazirliyinin rəhbərliyi Osman Gezekerdən istifadə etməyə davam edirdi. Gezeker eyni zamanda, Azərbaycandakı PKK-çılarla da əlaqə qurmuşdu. Hətta “Ronayi” dərnəyinin sədrini də Türkiyəyə dəvət etdirmişdi. Səfirlik Gezekerə xəbərdarlıq edirdi, lakin o, artıq Azərbaycan hakimiyyətinin əlaltısı idi. O vaxt belə söhbətlər gəzirdi ki, Azərbaycandakı bəzi məmurların çirkli pullarının xaricə çıxarılmasına kömək etmişdi.

O.Gezekerin bütün bu hərəkətlərinə səfirlik dözə bilməyib və Ankaraya xəbər verib. Türkiyə DIN-i də Gezeker haqqında korrupsiya ittihamları ilə bağlı təhqiqata başlayıb və onu geri çağırıblar. O da təqaüdə çıxmaq məcburiyyətində qalıb. Indi O.Gezeker Bakıda “Özkaya” Şirkətlər Qrupunun sahibidir. Indiyə kimi Türkiyənin xarici ölkələrdəki səfirliklərində cəmi 4 il çalışmış bu adama bənzər başqa bir nümunə yoxdur. Gezeker varlığı araşdırılsa, altından Azərbaycan iqtidarının böyük adamları çıxar.

İnformasiya şöbəsi