Polemikanın adı – avtoritarizm

Dünyada ağır-ağır olsa da, sürəkli demokratikləşmə prosesləri gedir. Bu proseslərin tezliklə bizim ölkəmizə gəlib çatması qaçılmazdır. Eləcə, bir az geci-tezi var. Məncə, indi başlıcası bu deyil, başlıcası bizim demokratiyaya, demokratik dəyərlərə yanaşmamızdır. Başqa cür desək, bizim hansı ölçüdə demokratikləşməyimiz, demokratik prinsipləri yetərincə mənimsəyib-mənimsəməməyimizdir. Çoxdan idi bu yöndə yazılar yazmaq istəyir, bu yazıları gündə sonraya keçirirdim. Elnur Astanbəylinin “Əxlaqsızlığın tərifi” yazısı başlanması olduqca önəmli bir polemikanın özülünü qoydu. Arada xırdaca bir ayrıntı var: mən bizdə demokratik kültür formalaşmasından, daha doğrusu, bu formalaşmanın hamımız üçün, ən başlıcası da siyasi liderlər üçün gərəkliliyindən yazmaq istəyirdim. Mənim ortalama yazmaq istədiyimi Elnur bəy özü də bilmədən konkretliyə yönəltdi.

Elnur bəy konkret olaraq Elçibəydən yazıb. Elçibəyin xarakter görsənişləri ilə bağlı yazdıqlarına sözüm yoxdur. Elçibəylə xeyli yaxın olmuş bir kimsə kimi bildirirəm: bu yerdə onun dedikləri bəyənilə, yasalana bilər. Yalnız bu yerdə, burdan belə yox. Bunlar Elçibəylə bağlı mənəvi dəyərləndirmələrdir – doğrudur! Bundan sonra kimlərinsə Elçibəyi siyasi dəyərləndirmələri ilə bağlı Elnur bəyin, demək olar, siyasi dəyərləndirmələri gəlir. Bu yerdə Elnur bəyi düz saymaq çətindir. Düzünə qalsa, o özü buna yol qoymur.

Kimlərsə Elçibəyin mənəvi xarakteristikasını bəyənir, ancaq bildirirlər: “Bütün bunlar öz yerində. Amma gərək prezident olmayaydı…” Belə bir “yanlış” yanaşmadan acıqlanan Elnur bəy necə qızışırsa, aləmi bir-birinə qatır: “Məntiqə baxın, ağıla baxın: bir insan təmiz qəlbli olacaqmış, millət və dövlət aşiqi olacaqmış, böyük ürək və əxlaq sahibi olacaqmış, aqil olacaqmış, adil olacaqmış, amma prezident olmayacaqmış!” Elnur bəyin burdan belə yazdıqlarını bura köçürməmək də olar. Burası demokratik düşüncə faktoru baxımından utancverici bir görsənişdir. Ölkəmizin demokratiya yoluna çıxması uğrunda apardığımız çarpışmaların öncüllərindən olan Elnur bəy bu yerdə özünü… açıq-aydın avtoritar düşüncə adamı olaraq göstərir. Belə görsənişlər bizə yaraşarmı, Elnur bəy?!

Azərbaycanın 20-ci yüzil tarixində mənim ən yüksək dəyər verdiyim, sevə-sevə oxuyub-öyrəndiyim başlıca siyasi lider Milli Liderimiz, Ulu Öndərimiz Məmməd Əmin Rəsulzadədir. Mən böyük Məmməd Əminə də tənqidi yanaşma yandaşlarındanam. Xalqımızın, ölkəmizin, dövlətimizin uğurlu, demokratik gələcəyi üçün bu belə də olmalıdır – başqa cür ola bilməz. Bizlər demokratiya yolçuları olaraq ölkəmizin dünənki, bugünkü diktatura başçılarına tənqidi yanaşmaya bilərik, ancaq Məmməd Əminə, Elçibəyə, eləcə də bu yolda olan bir çox başqalarına tənqidi yanaşma bizim üçün demokratiya borcudur!

Biz Məmməd Əmini, Elçibəyi, eləcə də bu yolda olan bir çox başqa siyasi liderləri aşıb-daşan, sonsuzca kütlə sevgisi ilə sevə bilərik, ancaq biz onlara kütlə baxışı, kütlə düşüncəsi ilə yanaşa bilmərik. Bizim onlara yanaşmamız kütlə yanaşmasından mütləq ayrı olmalıdır. Məncə, bunu deməyin özü artıqdır: bizim istər dünənki, istərsə də bugünkü siyasi liderlərə baxışımız-yanaşmamız daha çox intellektual-politoloji xarakter daşımalı, onları dəyərləndirmələrimizdə üstünlük demokratik ölçülərə, demokratik kriteriyalara verilməlidir.

Bu baxımdan biz ən azı, elementar politoloji bilgilərə yiyələnməyə borcluyuq. Politoloji bilgilərə görə, üç başlıca yönətim stili var: avtoritar stil; demokratik stil; liberal stil. Bizdə, demək olar, hamı bu gün də prezident Elçibəyi demokratik stil daşıyıcısı olaraq tanıyır. Ancaq Elçibəy, praktik olaraq, demokratik stil daşıyıcısı deyildi. Elə bu faktor da Elçibəy hökumətinin tezliklə devrilməyində başlıca rol oynadı…