Saakaşvili deyir ki, Rusiya Gürcüstanı udmağa hazır olan timsahdır
Gürcüstan prezidenti Mixail Saakaşvili Britaniyanın tanınmış qazeti “The Independent”ə verdiyi açıqlamada bildirib ki, Moskvanın “Domodedovo” hava limanında baş verən partlayış Rusiyanın Şimali Qafqazda yürütdüyü yanlış siyasətə cavabdır. Qəzetin yazdığına görə, Saakaşvilinin 2008-ci ildən sonra bu cür ritorikaya müraciət etməsi təəccüblü deyil. Saakaşvili bu fikirləri eyni zamanda telekörpü vasitəsilə gürcü xalqına müraciəti zamanı da təkrarlayıb. “Amma ”bumeranq effekti” deyilən bir anlayış var. Moskvada böyük faciə baş verib. Terrorizmə heç bir bəraət yoxdur. Amma baş verənlər Rusiyanın apardığı siyasətin nəticəsidir. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edib”, – deyə M.Saakaşvili vurğulayıb. Prezidentin fikrincə, Rusiyanın bu davranışını “Gürcüstanı udmağa hazır olan timsahın” hərəkətlərinə bənzədir: “Mən bu sözləri tez-tez deməkdən məmnunluq duymuram. Amma sənin evinə girən, sənin vətəndaşlarını öldürən, evlərindən qovanı hüquqi dildə ”rəqib” və insani dildə “düşmən” adlandırmaq olar”.M.Saakaşvili eyni zamanda gürcü müxalifətinin Putinlə əlaqələrinə də münasibət bildirib. O qeyd edib ki, əgər Rusiya rəhbərliyi ilə danışıqlar mümkün olsaydı, o zaman heç kəs onu qabaqlaya bilməzdi. Saakaşvili eyni zamanda Rusiyanı qonşuluğunda yerləşən ölkələrdə separatizmə dəstək verməkdə ittiham edib. Bu zaman Saakaşvili onunla Putin arasında baş verən maraqlı bir dialoqdan sitat da gətirib: “Mən Putinə demişəm ki, onun ölkəsi üçün separatizmi dəstəkləməyin ağır nəticələri ola bilər. Zorakılıq əks-effekt verə bilər. Onun cavabı isə belə oldu ki, əgər kimsə bizə qarşı zor işlətmək fikrinə düşərsə, biz onları tarakan kimi əzərik”.
Xəyal