Adamları istirahətsiz işlədib, qəpik-quruş verirlər
“Ayda 180-186 saat işləyirik. Buna baxmayaraq, ayda cəmi 324 manat maaş alırdıq. Bayram, şənbə, bazar günlərinə, gecə saatlarına görə əməkhaqqı ödənilmirdi. Mən idarənin rəisi Şahbala Quliyevə müraciət etdim. O isə cavabında dedi ki, mənim sizə veriləcək artıq pulum yoxdur”, – deyə vaxtilə Dövlət Neft Şirkətinin Ixtisaslandırılmış Xüsusi Texnika Idarəsində mexanik işləmiş Telman Hüseynov “Azadlıq”a məktubunda yazır.Telman Hüseynov 2001-ci ildən adıçəkilən idarədə müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən idarədə 13-cü dərəcəli “Avtodəstə” rəisi vəzifəsinə təyin edilib. 2007-ci ildən isə onu çıxararaq, aşağı vəzifəyə təyin ediblər.2008-ci ildən idarənin yeni rəisi Şahbala Quliyev olub. Telman Hüseynov yazır ki, o, işçilərin əmək hüquqlarını pozaraq, onlara işlədikləri saatın müqabilində çox az maaş verib: “Mən onun bu hərəkətlərindən Neft Şirkətinin rəhbərliyinə və şəhər prokurorluğuna müraciət edəcəyimi bildirdim. Şahbala Quliyev mənə dedi ki, sən kimsən mənə nəsə edəsən? Mənim arxamda Kompleks Qazma Işləri Trestinin rəisi Isgəndər Şirəliyev, ARDNŞ-in vitse-prezidenti Mikayıl Ismayılov və başqaları dayanır”.Telman Hüseynovun sözlərinə görə, bu cür etirazlarının nəticəsi olaraq, 2007-ci ildən bəri idarədə müxtəlif təzyiqlərlə üzləşib. Ona görə də 2010-cu ilin oktyabrında məcburiyyət qarşısında istefa verərək təqaüdə çıxıb.T.Hüseynov yazır ki, idarədə il yarım ərzində ona çatacaq 5 min manat əməkhaqqını Şahbala Quliyev mənimsəyib. Buna görə, də o, Dövlət Əmək Müfəttəşliyinin rəisi Nəbi Şükürlüyə şikayət edib. O isə şikayətçinin ərizəsini 1 nömrəli əmək müfəttişliyinin rəisi Araz Bayramzadəyə yönəldib. Şikayətin araşdırılması əmək müfəttişi Telman Alıyevə həvalə edilib. Son nəticədə isə, ərizə araşdırılarkən işçinin hüquqları yox, Dövlət Neft Şirkətinin məmurlarının maraqları əsas götürülüb.
Məktublar şöbəsi