Devrimin sürəti

“Azadlıq” yazır ki, Ilham Əliyev islam dünyasını bürümüş inqilablardan sonra bərk narahat olub.

Yəni fikirləşib ki, dünyanın işini bilmək olmaz, bir də gördün Azərbaycan da ayağa qalxdı. Qalxdı, qalxdı da. Məsələ onda deyil ki, xalq inqilab eləmək, Əliyevləri devirmək üçün ayağa qalxa, yox, bizim qan-qadayla işimiz yoxdu, sadəcə, hərə bir səbəbdən ayağa qalxa bilər. Kimsə bulvara getmək istəyər, kimsə rayondan Bakıya gəlmək fikrinə düşər, kimsə dükana yollanmaq gərəyi duyar, kimsə də sadəcə su başına getmək üçün yanını yerdən qopardar. Ancaq nə dəxli var, qalxmaq qalxmaqdı. Bunun da axırı yaxşı qurtarmaya bilər.

Hər halda müdrik dövlət başçıları həmişə hər şeyə qabaqcadan çarə qılmalıdırlar. Elə-belə deməyiblər ki, ağıllı adam istənilən çətin vəziyyətdən çıxa bilər, müdrik adam isə çətin duruma heç yerli-dibli düşməz.

Bəli, narahatçılığa əsas var. Bu üzdən də dövlət başçısı saray adamını başına toplayıb, onlarla dərdləşib və inqilabları müzakirə eləyiblər. Götür-qoy eləyiblər ki, bu şoğərib inqilab Azərbaycana da gələ bilər, ya yox.

Mən əminəm ki, o toplantıda hamı bir ağızdan deyib ki, narahatçılığa əsas yoxdu. Xalqımız səbrli xalqdı, mərdiməzar deyil, qanını şüşəyə tutsan da səsini çıxarmaz, onların səsini seçkilərdə kökündən oğurlamışıq, səs tellərini kəsib atmışıq, işdi-şayəd səsi çıxsa da, o səsi gözlərinə qara eləyərik. Və ya deyiblər ki, əşşi, nə inqilab, məgər bizim ölkədə inqilab üçün şəraitmi var? Hamı yağ-qaymaq içində üzür. Biz yuxarıdan sökürük dövləti, onlar aşağıdan. Xalqla aramızda bir centlmen razılaşması var. Biz yuxarıdan yeyib sökəcəyik, onlar da yalançı təqaüddən-məqaüddən alıb yerlərində dinc oturacaqlar. Onsuz da onların əllərinə çatan bir xurmadı. Onu da başlarına qapaz vurub əllərindən alsaq, həmin saatda canları çıxar və lal-daş olub oturarlar yerlərində. Kəsəsi, adam başı üzən itlərimiz var, su fışqırdan maşınlarımız, adamı iki “dubinkayla”-zopayla o dünyaya göndərən polisimiz. Əmi canı, heç qorxusu yoxdu.

Təbii, bütün müdrik dövlət başçıları kimi, elə Ben Əli, Hüsnü Mübarək və başqaları sayaq bizimki də bu deyilənlərə inanıb, əmin-arxayın olub, ancaq hər ehtimala tapşırıb ki, bir az, çox yox, bir az mədəni olmağa çalışın. Yəni dünən 5 alırdız, bu gün 4.99 alın, dünən polisdə adamları 5 zərbəylə öldürürdüzsə, bu gün 2 zərbə vurun (daha humanist olsun). Yol polisi 100 gizli radardan birini ixtisara salsın, müəllimlər 4 imtahandan cəmi üçündən rüşvət alsınlar, park salmaq üçün, yol çəkiləndə söküləcək 100 evdən barı birinə dəyməyin, siyasi şantaj üçün gizli kamerayla seksi videoya çəkib Tv-də yayanda reportajların hər beş dəqiqəsindən birini kəsib atın, jurnalistlərin cibinə, ayaqqabısına atılan narkotikin miqdarını beşdə bir qədərdə azaldın və s.

Inanıram ki, inqilab baş vermiş ölkələrin hər birində inqilaböncəsi belə toplantılar olub və əyan-əşrəf də öz qibleyi-aləmlərini arxayın salıblar ki, qorxulu heç nə yoxdu. Ancaq Ben Əlinin Interpol axtarışına verilməsi haqda sərəncamı elə onu arxayın salan nazirlərdən biri imzalayıb.

Məncə, rejimi müvəqqəti mülayimləşdirməkdənsə, YAP texnoloqları devrimin sürətini ölçməlidirlər. Deyək ki, devrim Tunisdən, Əlcəzairdən, Misirdən, sonuncusu Yəməndən bizim ellərə nə qədər müddətə çata bilər. Səsin, işığın sürətini tapa bilən insan oğlu üçün bu, zənnimcə, o qədər də çətin olmamalı. Ancaq axtarışlar işıq sürəti ilə aparılmalı. Yoxsa gec ola bilər.