Bakıda 200 minə atı kim alır?

Generalın yaxın adamı dəyəri 30 mindən baha olan bir neçə at aldı

Alıcıları əsas etibarilə məmurlardan ibarət hərraca Kəmaləddin Heydərov sponsorluq edirdi

 

Dünən Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” Atçılıq Kompleksində Atçılıq Federasiyasının təşkilatçılığıyla konkur və cıdır atlarının açıq satışı – hərracı keçirildi. Bu tədbir Azərbaycanda ilk dəfə keçirilirdi. Tədbirin sponsorları “Alten Group” şirkəti və “Jalə” idi. Bu məqamın özü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da at hərracından kənarda qalmadığını göstərir.

Tədbir nəzərdə tutulduğundan təxminən iki saat gec başlasa da, bu gecikmənin səbəbləri açıqlanmadı. Atların nümayiş olunduğu meydançanın sağ tərəfində alıcılar əyləşmişdi. Sol tərəfdəki yerlər isə xüsusi qonaqlar üçün nəzərdə tutulmuşdu. Elə hərrac başladıqdan təxminən yarım saat sonra Atçılıq Federasiyasının prezidenti – Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev başda olmaqla, xüsusi qonaqlar orada öz yerlərini tutdular.

Yeri gəlmişkən, tədbirə televiziyalar dəvət olunsa da, nədənsə, qəzetlərə xəbər verilməmişdi. Biz də “Azadlıq” olaraq, özəl mənbələr vasitəsilə bu tədbirdən xəbər tutub, reportaj hazırlamaq qərarına gəldik.

Təhlükəli vəziyyət

Atların nümayiş etdirildiyi meydança ilə hərrac iştirakçılarının əyləşdikləri hissəni heç bir ciddi maneə ayırmırdı. Təbii ki, bu da insanlar üçün müəyyən təhlükə yaradırdı. Çünki bəzən nümayiş olunan atlar hürkərək, az qala, nəzarətçilərin əlindən çıxırdılar.

200 min manatlıq at

Hərraca çıxarılan atların kataloqu hazırlanaraq əvvəlcədən alıcılara təqdim edilmişdi. Burada atların fotosu ilə yanaşı, onların ilkin qiyməti, adı, rəngi, cinsi, yaşı, ata-anası da göstərilmişdi.

Hərraca çıxarılan ən bahalı atın qiyməti 200 min manat idi. “Simli Qold” ləqəbli bu bahalı Ingilis atına alıcı tapılmadı. Sonradan öyrəndik ki, əslində, satıcılar bu qiymətə atın satılmayacağını bilirmişlər. Sadəcə, görüntü yaratmaq və tədbirin möhtəşəmliyini nümayiş etdirmək üçün yüz minlərlə qiyməti olan atları satışa çıxarıblar.

Bundan əlavə, satışda iki cür 100 min manatlıq at da var idi. Onlar Ingilis və Belçika atları idi. 50 min manatlıq “Şakramento” ləqəbli Belçika atına da alıcı tapılmadı. Aparıcı bir neçə dəfə atların qiymətini təkrarlasa da, bu atlara görə əlini qaldıran olmadı.

Generalın qohumu 90 min xərclədi

Lakin hərracda xəsislik etməyib, atdan ötrü 90 min manatından keçən də tapıldı. Ilkin qiymətləri 30 min manat olan “Velqa” və “Xəzər” ləqəbli Holşteyn atlarına general Elçin Quliyevin yaxın qohumu olduğu bildirilən, eyni zamanda “VIP” yerlərdə DSX rəhbərilə əyləşən Etibar Quliyev yiyələndi. Etibar Quliyev atların birini 34, digərini isə 32 min manata aldı. Bundan əvvəl isə, Etibar Quliyev dəyəri 16 min manat olan “Baron” ləqəbli Ingilis atına və 7 min manatlıq başqa bir ata sahib olmuşdu. Ümumilikdə Quliyev atlara 89 min manat pul xərclədi.

Hərraca çıxarılan atların ən ucuzu isə 3 min manata idi. Kataloqda hər bir atın sahibi də göstərilmişdi. Diqqətimizi çəkən məqamlardan biri də ən bahalı atların (50, 100, 200 min manatlıq) Anar Yusifov adlı şəxsə məxsus olması idi. Onun kimliyini, hansı işlə məşğul olduğunu dəqiqləşdirə bilmədik. Ancaq oradakı at həvəskarlarından öyrəndik ki, həmin atlar əslində, məmur-oliqarxlarındır. Sadəcə, gözdən pərdə asmaq üçün onları ayrı-ayrı şəxslərin adı ilə satışa çıxarırlar.

Aylıq orta əmək haqqının 325 manat olduğu Azərbaycanda oliqarxların yüz minlərlə pulu atlara xərcləməsinə görəsən nə ad vermək olar? Bu sualın cavabını oxucuların öhdəsinə buraxırıq.

Elmin