ADNA-dakı qətliamla əlaqədar həbsdə yatanlar ifadələrini işgəncə altında verdiklərini deyirlər
Leyla Yunus: «Əslində hakim bu ifadələr əsasında cinayət işinin başladılmasına qərar verməlidir»
2009-cu ilin aprel ayında Neft Akademiyasında baş verən terror olayı ilə bağlı az qala, hər məhkəmə prosesi şok yaradan işgəncə etirafları ilə yadda qalır. Son prosesdə təqsirləndirilənlərdən Nadir Əliyev tükürpədici ifadələr səsləndirib. O bildirib ki, ondan ifadələri göydən asılı vəziyyətdə alıblar. “Bir əllərimə baxın, görün, məni nə günə salıblar. Bu ifadələrin alınması üçün məni göydən asıblar, üç gün döyüblər. Məni asmaqla, işgəncə verməklə ürəkləri soyumadı. Onlar cinsiyyət orqanlarımı toka verdilər. Namusuma toxundular. Bunları ”Bandotdel”də Teyyub, Müzəffər adlı şəxslər edib – deyə N.Əliyev bildirib.
Qeyd edək ki, bu, ADNA işi üzrə ilk belə etiraf deyil. Bundan əvvəl də təqsirləndirilənlər işi onların boynuna qoymaq üçün işgəncələrə, qeyri-insani rəftara məruz qaldıqlarını bildiriblər. Lakin onların bu ifadələri üzrə bu günə qədər heç bir araşdırma aparılmayıb. Məsələyə münasibət bildirən hökumət rəsmiləri isə hələ məhkəmə araşdırması başa çatmamış onları cinayətkar elan edərək gənclərin işgəncələrlə bağlı ifadələrini şou adlandırıblar.
Azərbaycanda ədalətli məhkəmə sistemi olmadığı üçün cinayəti həqiqətən hazırda mühakimə olunan gənclərin törətdiyini birmənalı demək çətindir. Amma məsələ ondadır ki, bu gənclər hətta cinayəti törətmiş olsalar belə, onlara ağlasığmaz işgəncə metodlarının tətbiq olunması hüquq prinsipinə açıq hayqırıdır. Törədilmiş cinayətin əvəzi işgəncə yox, qanunla müəyyən edilmiş cəza metodu olmalıdır.
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, əslində, məlum işgəncə etirafları əsasında cinayət işi başladılmalıdır: “Müstəqil məhkəmə sistemi olan ölkələrdə hakim bu cür ifadələr əsasında cinayət işinin başladılmasını tələb edir. Təqsirləndirilən şəxslər istintaqçılara qarşı açıq ittiham irəli sürürlər. Amma bu ittihamlara məhəd qoyan yoxdur. Azərbaycanda bir dəfə olsun bu cür ifadələri əsas götürməyiblər. Bizdə Sərdar Cəlaloğlu, Novruzəli Məmmədovla bağlı nümunələr var. Işgəncələr davam edir və bəzən insanlar işgəncəyə görə həyatlarını da itirirlər. Ən qorxulusu isə odur ki, həqiqi cinayətkarlar çox vaxt azadlıqda gəzir. Bunu ADNA işi üzrə də demək olar. Əsl cinayətkarları tapmaq əvəzinə günahı başqalarının üzərinə atırlar. Işgəncələr altında cinayəti boyunlarına almağa məcbur edirlər. Bu gün Azərbaycanda istənilən şəxs şərlənərək ittiham oluna və işgəncəyə məruz qala bilər. Terror kimi ağır cinayətlər törədənlər isə azadlıqda gəzir”.
L.Yunusun sözlərinə görə, təqsirləndirilən N.Əliyev ifadəsi zamanı ona işgəncə verən şəxslərin adlarını çəkib. Ona görə də, həmin şəxslər barəsində istintaq başladılmalıdır: “Onlar barəsində tədbir görülməlidir. 2003-cü ildə dəfələrlə Vilayət Eyvazovun adı çəkilmişdi. Amma nəticə nə oldu? Onun vəzifəsini bir az da artırdılar. Hər dəfə ad çəkilir, amma tədbir görən yoxdur. Belə insanlara qarşı bir neçə üsuldan istifadə etmək olar. Məsələn, xüsusi bir internet saytı yaradılsın. Belə adamların şəkilləri və məlumatları həmin sayta yerləşdirilsin. Məlumatlar üç dilə tərcümə olunsun və səfirliklərə təqdim edilsin. Qoy, onlara xarici ölkələrə getmək üçün viza verilməsin. Ictimai qınaq olmasa, bu problemin qarşısı alınmayacaq. Bu necə ola bilər ki, çox ağır cinayət törədirlər amma məsuliyyətə cəlb olunmurlar”.