Mark Tvenin dəcəl Tom Soyyeri həsədlə deyirdi ki, Parisdə balaca uşaqlar da fransız dilində danışır. Elə biz də Avropaya beləcə baxırdıq. Neçə adam oraları görmüşdü? Az deyildi. Amma görmək təşnəni bir az da artırırdı. Və elə bir gün gəldi ki, bizə də avropalı olmağı təklif etdilər, düz on il bundan əvvəl. Həmin vaxtı mən də gözəl xatırlayıram. Azərbaycanın Şuraya üzvlük məsələsi həm də müxalifətdən asılı idi, müxalifət də öz razılığını verməli idi və onlar razılıq verdilər. Səhv hərəkət etdilərmi? Qətiyyən! Bəlkə də hakim partiya ölkənin Avropa Şurasına üzv olmasından peşmançılıq çəkir, amma müxalifət peşman deyil. Ona görə yox ki, Şura da bütün ümidləri doğrultdu. Ümidlər həqiqətən də böyük idi. Amma məsəl var, deyirlər ki, buna da şükür. Indi mən məsələnin bütün təfsilatına varmaq, neçə adam azad olundu, neçə qanun qəbul olundu – bunları sadalamaq fikrində deyiləm. Bunu hamı bilir, insanlar Avropa Insan Haqları Məhkəməsinin sayəsində bu haqda bizdən də çox oxuyub, çox eşidiblər, hətta, oralara baş çəkənlər də olub. Olsun. Bunu ancaq alqışlamaq olar. Amma bir məsələ var ki, o, adamı narahat etməkdə davam edir. Avropaya şikayət etməyi öyrəndik, amma avropalı ola bilmədik.
Ən son moda ilə geyinməyi, ingiliscə, fransızca parisli uşaqlar kimi dil-dil ötməyi öyrəndik, amma avropalı ola bilmədik, hələ də uzun çuxalı asiyalı və əyalət insanı kompleksindən qurtula bilməmişik. Mən bunun səbəbini təkcə bu hakimiyyətdə görmürəm, çünki onlar da bizim hakimiyyətimizdir, o vaxt başımızı dik tuta bilərik ki, tamam fərqli bir siyasi situasiya yaransın və bu ölkədə də normal, Avropaya layiq bir siyasi sistem qurulsun. Mən necə də Baltikyanı respublikalara həsəd aparıram! Onlar üçün 20 il hədər ötmədi və əslində onlar elə əzəldən avropalı idilər, indisə sadəcə, bunu təsdiqlədilər. Bu yaxınlarda V.Landsbergis haqqında oxuyurdum. Fikrim uzaqlara, 90-nın ilk illərinə getdi. O vaxt Pribaltikanın hər addımını izləyirdik, bizə elə gəlirdi ki, onlarla ayaqlaşırıq, amma, sən demə, bu, bir miraj imiş, çəkildi və məlum oldu ki, geriləmişik, irəli getməmişik. Doğrudan da, mütləq sükunət yoxdur.
Ümid sizədir, ərəb qardaşlar!
Tunisdən sonra bütün ərəb dünyası bir-birinə dəyib, neçə ölkədə etirazlar baş alıb gedir. Etnologiya ilə məşğul olanlar ərəblərdə passionar periodun davam etdiyini yazırdılar. Həqiqətən də passionarlıq var. Amma yaxşı olardı ki, etnik enerji faydalı proseslərə sərf olunsun. Bu yazını Fransız dili haqda Tomun müdrik kəlamı ilə başladıq. Çox maraqlıdır. Qiyam edənlərin hamısı elə fransızdillilərdir, səhv etmirəmsə, vaxtilə Fransanın koloniyaları olublar.
Bu da maraqlı detaldır. Avropanın vaxtilə mavr adlandırdığı insanlar artıq asiyalı kimi idarə olunmaq istəmirlər. Mavrlar qiyam edir. Yadıma Heyne və onun bir şeiri düşür. “Insan təbiətən qiyamçıdır, amma qiyamçılar xoşbəxt olurmu?”. Son cümlə F.Dostoyevskinin “Karamazov qardaşları”ndandır və mən bunu yazanda Tunisin və Əlcəzairin insanları haqda düşünürəm, çox istəyirəm ki, onlar xoşbəxt olsunlar. Nə vaxta qədər keçmişlə öyünmək olar, nə vaxta qədər şanlı ata-babalardan dəm vurmaq olar? Bu gün də vacib və əsasdır axı! Bəli, xilafət, ərəb atlarının dırnaqları altında qalan Avropa – bütün bunlar olub və keçib, indidən danışmaq lazımdır, ərəb qardaşlar! Biz mavrlar da azadlığa layiq olduğumuzu sübut etməliyik. Necə ola bilər ki, metropoliyaya (qəsdən imperiya yazmıram) qalib gələn koloniyalar öz milli müstəbidlərinin əlində girinc qalsınlar?! Amma burada yadıma Azərbaycan düşür və mən mövzunu dəyişirəm.
Kiçik sözardı
Deyirəm, bəlkə elə səbəb ondadır ki, Strasburqda da uşaqlar fransızca dil-dil ötürlər? Bəlkə biz hələ Avropanı anlamırıq? Biz rusları və Rusiyanı təzə anlamağa başlamışdıq ki, bizi ayırdılar. Qorxuram, Avropa da belə olsun!
Kim bilir? Dünya o qədər sirli və o qədər müəmmalıdır ki… Hər halda tərəzi üçün material var. 200 il Rusiya imperiyası və 10 il Avropa! Müqayisə etmək olar və hətta lazımdır. Düz deyirəm, deyilmi?