ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun (DTIHB) Azərbaycandakı son parlament seçkisi ilə bağlı yekun rəyi kifayət qədər sərt olub. Əslində bu sənədi bundan əvvəl verilən rəylərin davamı saymaq olar. Sənəddə deyilir ki, seçkilər əsasən ATƏT standartlarına və Azərbaycanın yerli qanunvericiliyinin mühüm elementlərinə cavab verməyib. Çoxsaylı seçki pozuntularının vurğulandığı sənəddə birmənalı şəkildə işarə edilir ki, keçən il noyabrın 7-də keçirilən seçkiləri azad və ədalətli saymaq olmaz. Sənədə görə, seçkidə YAP-ın əsas alternativi “AXCP-Müsavat” bloku olub. Ancaq bu blokdan cəmi 38 namizəd qeydə alınıb. Bütün səviyyələrdə seçki komissiyaları da hakim partiyanın nəzarətində olub. Bəs görəsən, adı çəkilən müxalifət partiyaları seçki ilə bağlı verilən hesabatı necə qiymətləndirirlər?
«Son parlament seçkisində baş verən pozuntuların vurğulanması baxımından sənədi obyektiv saymaq olar»
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun fikrincə, ATƏT-in yekun hesabatını Azərbaycanda son parlament seçkisində baş verən pozuntuların vurğulanması baxımından obyektiv saymaq olar. Hesabatda seçki öncəsi çatışmazlıqların, ciddi qanun pozuntularının qeyd olunmasını təqdir edən H.Kərimov vurğuladı ki, əslində bütün bunlar seçkinin taleyinin seçki günü həll olunmadığının sübutudur: “Seçki öncəsi sərbəst toplaşmaq azadlığına qoyulan qadağalar, namizədlərə bərabər şəraitin yaradılmaması, təbliğat imkanının məhdud olması seçkinin mahiyyətini açıq şəkildə göstərir. ”AXCP-Müsavat” bloku Bakı şəhərində seçicilərlə görüşmək üçün dəfələrlə meriyaya müraciət etsələr də bu müraciətlərin heç birinə müsbət cavab verilmədi. Eyni zamanda namizədlərə efir vaxtının verilməsində ciddi məhdudiyyətlər tətbiq olunmuşdu. ITV-nin verdiyi dörd dəqiqəlik müddət mövcud ictimai-siyasi ab-havanı təhlil etməyə imkan vermirdi”.
“AXCP-Müsavat” blokunu təmsil edən namizədlərin əksəriyyətinin qeydə alınmamasının da hesabatda əksini tapmasını müsbət hal kimi dəyərləndirən H.Kərimov vurğuladı ki, bir qayda olaraq hakimiyyət ona ünvanlanan sərt mesajlardan zəruri nəticəni çıxarmaq əvəzinə onları qulaqardına vurur.
«Hesabatın əsas prinsipləri ilə tanışlıq zamanı görünür ki, sənəd yetərincə sərt tonda hazırlanıb»
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı da vurğuladı ki, hesabatın əsas prinsipləri ilə tanışlıq zamanı görünür ki, sənəd yetərincə sərt tonda hazırlanıb. ATƏT-in yekun hesabatının digər qurumların hesabatından fərqləndiyini deyən A.Hacılı bildirdi ki, sənəddə seçki və demokratiya ilə bağlı məsələlərə toxunulması bu fərqi ortaya qoyur: “Sənəddə açıq formada qeyd olunur ki, seçkilər xalqın iradəsini tam əks etdirmir. Düşünürəm ki, bu, müsbət məqamdır. Çünki ATƏT kimi nüfuzlu qurum seçkinin əhalinin iradəsini əks etdirmədiyini vurğulayırsa, bu o deməkdir ki, seçkinin nəticələri tanınmır”.
ATƏT-in bu sərt hesabatına hakimiyyətdən də reaksiya gəlib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinin son sayına açıqlamasında deyib: “Hesabat qərəzlidir, ATƏT-dən başqa cür hesabat da gözləmirdik”.
Xəyal