ilham-eliyev3212

İlham Əliyev vahimələnib

 

Ərəb ölkələrində baş verən inqilablar dövlət başçısını qorxudub

 

Tunis diktatoru Bin Əlinin devrilməsindən sonra Misir Ərəb Respublikasının diktatoru Hüsnü Mübarəkin taxt-tacı titrəməyə başlayıb. Misir xalqı ədalətli cəmiyyət uğrunda savaşa qalxıb. Müşahidələr göstərir ki, proses Hüsnü Mübarəkin 30 illik hakimiyyətinin devrilməsilə başa çatacaq. Misirdə etirazların alovlanmasının həmən ardından Yəmən xalqı da avtoritarizmdən qurtulmaq uğrunda mübarizəyə başlayıb. Iki gündür ki, Yəməndə on minlərlə insan küçələrə çıxaraq bu ölkənin diktatoru Əli Abdullah Salehin istefasını tələb edir.

 

Əldə etdiyimiz məlumatlara görə, ərəb ölkələrində başlanan inqilabi proseslər Azərbaycan hakimiyyətinin ciddi narahatlığına səbəb olub. Hakimiyyət yaxşı anlayır ki, Azərbaycan idarəçilik baxımından heç də Tunis, Misir və Yəməndən geridə qalmır. Bu ölkələrdə olduğu kimi, Azərbaycanda da hakim ailə və oliqarxlar xalqın sərvətini talamaqla, insan hüquqlarını kobud şəkildə pozmaqla, korrupsiya və rüşvəti çiçəkləndirməklə və s. bu kimi avtoritar ölkələrin mahiyyətindən irəli gələn qanunsuzluqlarla məşğuldur. Artıq xalqın səbr kasası daşmaq üzrədir. Hakimiyyət ərəb ölkələrindəki “inqilabi sunami”nin Azərbaycana da təsirsiz ötüşməyəcəyinin fərqindədir. Iqtidar ideoloqları hesab edir ki, Tunis, Misir və Yəməndəki proseslər indiki həssas məqamda Azərbaycan xalqının ayağa qalxmasına təkan verə bilər. Ona görə də hakimiyyət, xüsusilə Ilham Əliyev ciddi şəkildə narahatdır. Məlumatlarda deyilir ki, dövlət başçısı Davosa səfər etməmişdən əvvəl Təhlükəsizlik Şurasına daxil olan məmurlarla toplantı keçirib. Həmin toplantıda əsas müzakirə mövzusu ərəb ölkələrindəki inqilabi proseslər və bunun Azərbaycana mümkün təsirləri müzakirə edilib. Iqtidar ideoloqları qərara gəliblər ki, inqilabi proseslərin Azərbaycana keçid almaması üçün bu dönəmdə xalqla bir qədər mülayim davranmaq, insanları qıcıqlandıran addımlar atmaqdan, qərarlar qəbul etməkdən çəkinmək lazımdır. Müvəqqəti olaraq qayda-qanuna ciddi riayət edilməlidir. Məlumatlara görə, bu barədə bütün sahələrə müvafiq tapşırıqlar verilməsi qərara alınıb.

Lakin məsələ burasındadır ki, Ilham Əliyev bu üsulla hakimiyyətini sığortalaya bilməyəcək. Çünki avtoritar hakimiyyətin mahiyyəti hətta müvəqqəti olaraq belə, ona qayda-qanunla işləməyə imkan vermir. Korrupsiya və rüşvəti çiçəkləndirən, talançılıqla məşğul olan hakimiyyət və onun qolları necə qayda-qanunla işləyə bilər? Digər tərəfdən artıq xalq Ilham Əliyev və onun hakimiyyətindən gördüyünü görüb. Ona görə də bu cür üsullarla xalqın könlünü almaq mümkün olmayacaq. Artıq gecdir…

Vidadi