«Başda duranlar rüşvət almasa, aşağıda duran verə bilməz»
Cavanşir Quliyev: «İlham Əliyevin prezident olduğu ölkədə yaşamaram fikrimin üstündə dururam»
Tanınmış bəstəkar, 2005-ci ildən Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki (Şimali Kipr Türk Respublikası) Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsində dərs deyən, bu universitetin professoru Cavanşir Quliyevin qısa müddətə Bakıya gəlib. Fürsətdən istifadə edib onunla söhbət etmək qərarına gəldik. Ölkə mədəniyyətində baş verənlərdən tutmuş siyasi səhnədəki olaylara qədər münasibətini öyrəndik.
– İnsana dəyər verilməyən bir ölkədə yaşayırıq. Əgər Rasim Balayev, Rüstəm Ibrahimbəyov, Cavanşir Quliyev kimilərinə dəyər verilmirsə, bəs onda kimə verilir?
– Burda yaltaqlara dəyər verilir. Əgər adını çəkdikləriniz də yaltaq olsalar, onlara da dəyər verərlər. Bizdə insana dəyər onun elədiklərinə görə deyil, hakimiyyətə loyal və qeyri-loyal olmasının dərəcəsinə görə verilir. Bu da məlum olan şeydir. Totalitar rejimlərdə həmişə belə olur.
– İlham Əliyev birinci dəfə prezident seçiləndə demişdiniz ki, onun rəhbərlik etdiyi ölkədə yaşamaram. Fikriniz dəyişməyib?
– Gəlməmişəm ki, deməli, fikrim dəyişməyib.
– Onun hələ prezidentlik dövrü davam edir. Yaxın vaxtlarda qayıtmaq fikriniz yoxdur?
– Onu indidən deyə bilmərəm. Çünki sabah nə olacağını bilmək olmur.
– Səhv etmirəmsə, vaxtilə müxalif siyasi partiyalardan birinin üzvü olmusunuz. Siyasi əqidədaşlarınızla görüşləriniz olur?
– Burada siyasətlə məşğul deyildim. Bu, yanlış fikirdir. Heç bir siyasi partiyanın üzvü olmamışam. Siyasi fəaliyyətlə məşğul olmaq üzv olduğun partiyanın tapşırıqlarını yerinə yetirmək, yığıncaqlar təşkil etmək, müxtəlif partiya işlərini görməkdir. Partiya hakimiyyətə gəlsə, bir funksioner vəzifəsində işləmək deməkdir. Elə adamlar hər partiyada, iqtidarda da, müxalifətdə də var. Mən elə olmamışam. Çünki heç vaxt elə niyyətim olmayıb. Mənim peşəm var. O peşəmdən heç vaxt ayrılmaram. Sadəcə olaraq demokratik hərəkatı dəstəkləmişəm. Özü də bir partiya deyildi. Başqa partiyalar da var idi. Hətta başqa partiyaların içində ayrı-ayrı adamlar, dostlarım, əqidələrini bildiyim, inandığım adamlar var. Onlarla yaxınlıq etmişəm, dəstəkləmişəm. Bu fikrimdə də dəyişiklik yoxdur. Məni siyasətçi kimi, siyasi fəaliyyət göstərən adam kimi göstərmək bir az eləmədiyim işləri boynuma qoymaq kimi görünür. Elə olur də. Deyir adamın adı çıxınca canı çıxsın. Adamın adı bir şeydə çıxır. Sonra həmin şəxsə bir sahə verirlər. Ancaq məlum olur ki, bu adam o sahəni idarə edə bilmirmiş. Mən də elələrindənəm. Siyasətçi deyiləm və ola da bilmərəm. Məndən siyasətçi çıxmaz. Çünki düşündüyümü saxlamıram, deyirəm. Çılğın adamam. Siyasətçi bir az təmkinli olmalıdır. Hər düşündüyünü söyləməməlidir. Bəzən düşündüyünün əksini söyləməlidir. Məndə o keyfiyyətlər yoxdur. Ona görə də lütfən, məni siyasətçi etməyin.
“AXCP ilə Müsavat birləşsə, yaxşı olar”
– Son vaxtlar əsas müzakirə olunan mövzu AXCP ilə Müsavat partiyasının birləşməsi məsələsidir. AXCP artıq qərar verib. Ancaq Müsavatda hələ müzakirələr gedir. Hətta müəyyən tərəddüdlər də var. Ölkənin iki böyük müxalifət partiyasının birləşməsini necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, birləşsələr, yaxşı olar. Problem nədən ibarətdir, bilmirəm. Güman edirəm ki, böyük problem olmamalıdır. Mən də bir vətəndaş olaraq Azərbaycanda partiyaların çox sayda olmasının tərəfdarı deyiləm. Çünki əhalimiz çox deyil. Yaxşı olar ki, bir yerdə olsunlar. Cəmiyyət də bilsin ki, bu qırmızıdı, bu sarıdı, bu qaradı, bu ağdır. Çünki bəzən insanlar çaşır. Sevdiyi, hörmət etdiyi siyasətçi gedir təzə partiya qurur. Adam bilmir onu dəstəkləsin ya yox. Işin içində olmadığından, amma o adamı öncədən tanıdığından, hörmət etdiyindən dəstəkləməyə də bilmirsən. Çünki o siyasətçini tanıyıram. Amma o tanıdığım başqa bir partiyadan da ayrılıb. Nədən ayrıldı. Təbii ki, bunu heç vaxt açıqlamırlar. Yanlış şeylər söyləyirlər.
Mən də bir vətəndaş olaraq çaşıram. Çaşdığımdan da sonda doğru addım atmıram. Bununla da müxalifət hərəkatı parçalanır və qüvvəsini itirir.
“Kənarda saxtakarlığı, qanunsuzluğu eşidəndə utanıram”
– Prosesləri daimi izləməyə bilərsiniz. Ancaq elə hadisələr olur ki, onların sorağı Azərbaycanın hüdudlarından kənara çıxır. Məsələn, seçki saxtakarlığı, yaxud hansısa beynəlxalq təşkilatın hesabatında Azərbaycanın adının axırıncı yerlərdə olması. Bu xəbərləri orada necə qarşılayırsınız?
– Bu, yenilik deyil. Son 15 ildə həmişə belə olub. Davam da edəcək. Başqa nəticə olsaydı, təəccüblənərdim.
– Ölkənin içində olanda belə xəbərləri yaşamaq çətindir, yoxsa kənarda olanda?
– Təbii ki, adam vətəndaşı olduğu ölkənin seçkisində saxtakarlığın olduğunu eşidəndə məyus olur. Çünki ordakı insanlar da bunu eşidəndə sənə baxırlar, səndən cavab gözləyirlər. Bilmirsən onlara nə deyəsən. Onlar bilmir saxtakarlıq nə olan şeydir. Anlamırlar ki, niyə belə etmək lazımdır axı. Onun səbəbini anlamırlar.
Bunu etməyə nə ehtiyac var? Sonda da deyirlər ki, niyə on milyonluq xalq sakitcə bunu qəbul edir. O sualların cavabını vermək olmur. Hətta utanırsan da.
“Azərbaycanda rüşvət hər şeyi öldürür”
– Kiprdə mükəmməl təhsil sistemi var. Azərbaycanda isə bu sahə bərbad vəziyyətdədir. Vəziyyətin bu həddə çatmasının səbəbi nədir? Iki fərqli sistemi necə müqayisə edərdiniz?
– Türkiyə 1974-cü ildən sonra oranı təhsil adası kimi nəzərdə tutmuşdu. Bunu da həyata keçirib. Əhalisinin sayı Bakının bir mikrorayonu qədər, 250 min olan bir ölkənin 6 universiteti və bir Türkiyə universitetinin filialı var. Hər il müxtəlif universitetlərdə 60 minə yaxın tələbə oxuyur. Orda təhsil sistemi təbii ki, beynəlxalq normalara uyğun qurulub. Oradakı universitetlər Avropa, beynəlxalq universitetlər cəmiyyətinin üzvüdür. Onların təklif etdiyi bütün qaydalarla fəaliyyət göstərir. Bu il mənim işlədiyim universitetə 104 azərbaycanlı tələbə gəldi. Keçən il 20-dən bir az artıq idi. Bir ilə bu qədər artım oldu. Hesab edirəm ki, gələn il bir neçə yüz tələbə gələcək. Bu yaxınlarda tələbələrdən birinin valideyni gəlmişdi ora. Çox razılıq etdi. Dedi ki, indi rahat gedə bilərəm. Çünki bu universitetdə nə rüşvət, nə yalan, nə də saxtakarlıq var. Müəllimlərin tələbələrə heç bir fərq qoymadan, heç birin o birindən ayırmadan dərs keçməsinin şahidi oldum. Universitet rəhbərliyinə təşəkkür etdi və rahat, arxayın çıxdı getdi. Deyir bildim ki, mənim uşağım burda bilik alacaq. Valideynlərin də istəyi budur. Burda da valideynlər bunu istəyir. Ancaq təəssüf ki, burda rüşvət hər şeyi öldürür. Pis nə varsa, hamısının səbəbi rüşvətdir. Müəllim rüşvət alandan sonra onun tələbənin gözündə nə hörməti qalar, nə də düz-əməlli bilik verə bilər. O tələbələr də sonra bu ölkəni idarə edəcəklər. O üzdən də bu gün ölkə belə idarə olunur. Çünki bu gün ölkəni idarə edənlərin bir çoxu 70-ci illərdə rüşvətlə oxuyurdular. Vəziyyət belədir.
“Yuxarıdakı almasa, aşağıda duran rüşvət verə bilməz”
-1992-ci ildə bir ilin içində universitetlərə rüşvətsiz qəbul təşkil olundu. Bu onu göstərir ki, qısa müddətə istənilən nailiyyəti əldə etmək olar. Ancaq indi problemlər üzə çıxanda Azərbaycanın hələ yenicə inkişafa başlandığı bəhanə gətirilir. Bununla bağlı nə deyə bilərsiniz?
– Bunu deyənlərə sual verirəm: siz inana bilərdiniz ki, Gürcüstan kimi ölkədə bir ayın içində rüşvətin kökü kəsilsin? Gürcüstanda hətta polis rüşvət almır. Hətta vətəndaş rüşvət təklif etsə, ona buna görə cinayət işi açarlar. Özü də rüşvət məsələsində Gürcüstan bizdən qat-qat öndə idi. Ancaq kökü kəsildi. Deməli, qısa müddətdə rüşvətin kökünü kəsmək mümkündür. Bizdə də belə deyən adamlara Gürcüstanı xatırlatmaq lazımdır.
– Bu vəziyyət Azərbaycana daha hansı zərbələr vura bilər?
– Vəziyyəti qısa müddətə düzəltmək olar. Saakaşvilidən soruşdular ki, necə oldu rüşvətin kökünü kəsdiniz. Dedi ki, mən rüşvət almıram. Yəni ki, yuxarıda duranlar rüşvət almasa, aşağıda duran onu verə bilməz. Hər şey də bitər gedər. Inandırım sizi, rüşvətin kökünü kəsmək çox rahatdır. Azərbaycanın başqa daha ağrılı problemləri var. Məsələn, sənayenin qurulması. Ölkədə ərzaqdan başqa ciddi heç nə istehsal olunmur. Sabah neftimiz, qazımız qurtarsa, xaricə satası heç nəyimiz olmayacaq. Başqa sahələri inkişaf etdirmək lazımdır. Bu daha çətin məsələdir. Amma rüşvətin kökünü kəsmək çox asandır.
Fizzə Heydərli