AYƏNDƏNİN PROYEKTİ “Hamının haqqı tapdanır”

 

10 yaşlı “politoloq” ölkədə azadlıq olmadığını deyir

«Hüsnü Mübarəkin həyat yoldaşının adına olan məktəbdə oxuyuram»

Biz bu layihə çərçivəsində azyaşlıların uşaq dünyası ilə maraqlanmaq istədik. Amma özümüzün də xəbərimiz olmadan Azərbaycan uşaqlarını çox ciddi məsələlər haqqında fikir yürütməyə hazır gördük. Onlar prezident olmaq haqqında düşünürlər, neft pullarının düzgün bölüşdürülmədiyini vurğulayırlar, Azərbaycanda yoxsulluğun və hüquqsuzluğun tüğyan etdiyini söyləyirlər. Balaca uşaqların bu cür məsələlər barədə mülahizələr formalaşdırması çox pisdir. Uşaqlar dünyanı və ölkəni başqa cür qavramalı, başqa cür dərk etməlidirlər. Biz onları bu qədər neqativin içinə atmalıyıqmı? Biz onları daha gözəl və daha problemsiz bir cəmiyyətdə böyütməli deyilikmi?

Bəs nə üçün bunu etmirik? Uşaqlarınız sizlərə bu sualı verirlərmi? Onlara bir qədər sərbəstlik verin, qoyun, Azərbaycanın nə üçün bu kökdə olduğunu sizin özünüzdən soruşsunlar…

Kamran Hüseynli mənimlə bu və başqa məsələlər barədə danışır.

“Məktəbimiz Hüsnü Mübarəkin arvadının adınadır. O da belə getdi…”

Kamran Hüseynli Xırdalanda yerləşən, Suzanna Mübarəkÿ adına  9 saylı ərəb dili təmayüllü orta məktəbin 4-cü sinfində oxuyur. Musiqiyə böyük marağı var, tariximizi sevə-sevə öyrənir. Kamranda mənim diqqətimi çəkən məqam onun ölkədə baş verən hadisələrin əksəriyyətindən məlumatlı olmasıydı. Həmidə müəlliməsindən çox razılıq etdi, onun çox vətənpərvər insan olduğunu söylədi.

Kamranın xeyli dostları var, onlarla münasibəti də normaldır. Ən böyük arzusu isə böyüyəndə insanlara xeyir verməkdir.

Gözəl tar çalmaq qabiliyyəti var. Çaldığı tar Şuşa musiqi məktəbinin tar müəllimlərindən birinin tarıdır. Bir dəfə tar çalanda, kiçik qardaşı Kamrana deyib ki, sənin çaldığın tar gör nələrin şahidi olub…

***

– Dərslərin necədir?

– Yaxşıdır, dərs əlaçısıyam.

– Məktəbdə hansısa problemlə qarşılaşırsan?

– Xeyr, başqalarının da qarşılaşdığı problemlərdən savayı bir problemimin olduğunu hesab eləmirəm.

– Əlavə kitablar oxuyursanmı?

– Əlbəttə, oxuyuram. Balaca olanda da anam mənə çoxlu nağıllar danışardı. Bütün uşaqlar kimi, mən də nağılları xoşlamışam. Ona görə də nağıl kitablarını çox oxuyuram.

– İdmana münasibətin necədir?

– Xüsusi olaraq, idmanla məşğul olmuram, amma evdə özüm sərbəst məşğul oluram.

– İnternetdən istifadə edə bilirsənmi?

– İstifadə edə bilirəm, amma evdə buna bir qədər məhdudiyyət qoyublar. Bu da ona görədir ki, dərslərimizlə daha çox məşğul olaq. Mən atamla razılaşıram. Əgər atam “yox” deyirsə, deməli, bu olmaz.

“Bir dəfə özümdən mahnı uydurub nota köçürmüşəm”

– Dərslərdən başqa səni daha çox nə cəlb edir? Yəni, maraq dairəni oxucularımızla bölüşməyini istəyirəm.

– Əlavə olaraq musiqiyə böyük marağım var.

– Necə oldu ki, musiqiyə maraq göstərdin? Hansısa musiqi alətini seçdin?

– Özümün də həvəsim var. Atam da deyir ki, babam həmişə nəvələrindən birinin musiqiçi olmasını istəyirmiş. Bəlkə də bu maraq məndə ona görə yaranıb, bilmirəm.

– Hansı tip musiqiyə qulaq asmağa üstünlük verirsən?

– Sakit musiqiləri dinləyirəm, səs-küylü musiqiləri xoşlamıram.

– Musiqi yazmaq fikrində olmamısan?

– Olub, bir dəfə özümdən mahnı uydurmuşam, hətta onu nota da köçürmüşəm.

“Böyüklərin işi daha çətindir”

– Uşaq olmaq yaxşıdır, yoxsa, böyük olmaq?

– Hər ikisinin üstünlükləri var. Amma böyüklərin işi daha çətindir. Məsələn, atam özü ilə bərabər, ailəmizi də dolandırmalıdır. Uşaqlarsa, bunu fikirləşmir.

– Dolanışığın çətin olmasından atan tez-tez gileylənir?

– Yox, gileyləndiyini eşitməmişəm. Amma özüm görürəm axı… Nəsə çatır, nəsə çatmır…

– Sən özünü azad sayırsan?

– Tamamən yox. Məktəbdə forma payladılar. Bunu biz istəməsək də, verirlər. Başqa şeylər də olur. Ölkədə də tamam azadlıq yoxdur, o ki qalmışdı məktəbdə, ailədə…

***

– Böyüyəndə hansı peşəni seçəcəksən?

– Musiqiyə marağım daha böyük olduğundan bəlkə tarzən oldum. Amma ola bilər, irəlidə fikrimi dəyişə də bilərəm.

– Sənin üçün daha hansı peşələr maraqlıdır?

– Mənə atam-anam, çox adam deyir ki, hüquqşünas olsan, yaxşı olar. Hələlik, mənim musiqiyə daha çox həvəsim var. Amma bilmək olmaz, ola bilər ki, gələcəkdə fikrimi dəyişim. Fikrimi dəyişsəm belə, yenə də musiqi ilə məşğul olacağam.

Kamranın idealı Babəkdir

– Məktəbinizdə vətənpərvərlik mövzusuna yer verilirmi?

– Bəli, bizim müəllimlər bu mövzulara geniş yer verirlər. Həmidə müəllimə də, uşaqlarımız da vətənpərvərdilər. Məktəbdə bizə həmişə Qarabağla, milli qəhrəmanlarla bağlı  məlumatlar verilir.

– Qəhrəmanlarımızdan kimləri tanıyırsan?

– Babək, Qaçaq Nəbi, Cavad xan, Şah Ismayıl Xətai, Koroğlu, Təbriz Xəlilbəyli, Mübariz Qurbanov, Çingiz Mustafayev…

– Sənin idealın olan bir qəhrəman varmı?

– Mənim seçdiyim Babəkdir. Şah Ismayıl Xətai də var, Cavanşir də var. Onlar da bizim ölkəmiz üçün vuruşublar, savaş aparıblar. Əsasən, mənə yaxın olan Babək və Qaçaq Nəbidir. Bu qəhrəmanlar xalqın problemlərinin olmaması üçün vuruşublar, ədalət uğrunda vuruşublar.

– “Ədalətli olmaq” nədir ki?

– Ədalətli olmaq, insanların haqqını tapdalamamaqdır.

– Yaşadığımız cəmiyyətdə yaşıdlarının, eləcə də böyüklərin haqqı tapdanırmı?

– Məncə, böyük-kiçikliyindən asılı olmayaraq, hamının haqqı tapdalanır.

Rusiya dünyanın ən böyük ölkəsidir, ərazisinin çoxu işğalla yaradılıb

– Sən necə fikirləşirsən, müharibələr niyə baş verir?

– Bəzi ölkələrin başqasının torpağında gözü olur. Ermənilər də, ruslar da, ingilislər də, amerikanlar da… Bunu çoxlarında görmüşəm.

– Necə yəni görmüşəm? Həm, sənin nə yaşın var ki, nə də görəsən?

– Görmüşəm, yəni eşitmişəm, oxumuşam. 10 yaş o qədər də az yaş deyil ki…

– Axı, deyirlər, Amerika daha çox dünya ölkələrində demokratiyanın qurulmasında maraqlıdır?

– Nə olsun ki, deyirlər?! Bəlkə də istəyir demokratiya olsun, amma torpaqda da gözü var?! Ola bilər, indi elədir, amma əvvəllər Amerika Yaponiyaya da hücum edib. Əsasən, Rusiya belədir. Onlar Azərbaycanın da torpaqlarını işğal ediblər. Çeçenistanı da işğal eləyiblər. Ümumiyyətlə, Rusiya dünyanın ən böyük ölkəsidir, ərazisinin çoxu işğalla yaradılıb.

– Sən siyasətçi kimi danışırsan…

– Mən siyasətçi deyiləm, amma tarixlə maraqlanıram. Tarixçi olmaq fikrim yoxdur. Tarixə həvəsim var, amma tarixçi olmağa həvəsim yoxdur.

– Qarabağ haqqında nə bilirsən?

– Qarabağ həm də anamın doğulduğu yerdir, indi ermənilər buranı alıblar. Ermənilərin də, rusların da gözü həmişə Qarabağda olub. Azərbaycanın nefti olduğuna görə onların gözü bizim torpaqlardadır. Neft bizim qiymətli sərvətimizdir.

Kamran sosial problemlərdən xəbərdardır

– Zəngin nefti olan ölkənin uşaqlarının şəraiti yaxşıdırmı?

– Məncə, yox. Azərbaycanda xeyli uşaq var ki, onlar üçün yaxşı şərait yaradılmayıb.

– Niyə yoxdu, neftimiz var axı?

– Neftin bizə dəxli yoxdur, biz neftdən istifadə etmirik. Neftdən hakimiyyət istifadə edir, xalqa faydası olmur.

– Bəs yaşıdlarına hansı şəraitin yaradılmasını istəyərdin?

– Belə baxanda, mən deyə bilmirəm kimə nə lazımdır. Hər kəsin ayrıca problemi var. Ümumiyyətlə, adamlar üçün yaxşı şərait yaradılmalıdır. Indi nəinki yaşıdlarımın, elə böyüklərin də problemləri var. Məsələn, indi çox adam ərzağın qiymətinin bahalaşmasından narazıdır. Mən istərdim bunun kimi narazılıqlar olmasın.

– Azərbaycanda varlılar çoxdur, yoxsa, kasıblar?

– Kasıblar çoxdur. Varlılar kasıblara yardım etsə, kasıbların da sayı azalar.

“Adam elə durduğu yerdə gedib yolu bağlamır ki…”

– Qəzet oxuyursanmı?

– Hərdən oxuyuram. Bircə “Azadlıq” qəzetini oxuyuram. Onsuz da atam həmişə “Azadlıq” alır.

– Orada hansı mövzuları oxuyursan?

– Əvvəlcə başlıqlara baxıram, mənə maraqlı gələni oxuyuram. Məsələn, oxuyuram ki, mitinq olub, qarşıdurma olub. Mənə maraqlı gəlir ki, görəsən, insanlara nə ediblər ki, onlar mitinqə çıxıblar. Yəqin ki, onların da haqqı tapdanıb ki, mitinq edirlər. Yoxsa, adam elə durduğu yerdə gedib yolu bağlamır ki…