Məhəmməd Talıblı: «Azərbaycan neftinin pik dövrü artıq geridə qalıb»
Gəlirin azalması sosial gərginliyi artıracaq
Avropa Yenidənqurma və Inkişaf Bankının MDB ölkələri arasında 2011-ci ildə ÜDM-in ən aşağı artım tempinin Azərbaycanda olacağını proqnozlaşdırması bəzi məqamlara diqqət yetirməyi gərəkli edir. Çünki, bir qayda olaraq, ÜDM-in artmasının müsbət tərəflərini adi vətəndaş həyatında hiss etmir. Bəs görəsən, AYIB-in proqnozları doğrulacağı təqdirdə ÜDM-in artım tempinin aşağı düşməsinin hansı neqativ tərəfləri olacaq? Bu tendensiya iqtisadiyyatın hansı sahələrinə sirayət edəcək? Və nəhayət, AYIB-in hesabatında eyni zamanda qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası vacibdir, çünki neftdən asılılıq riskləri hələ də qalmaqdadır.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, 2003-cü ildən başlayaraq Azərbaycanda illər üzrə ÜDM-in artma dinamikası baş versə də, artıq son illər burada ciddi artım templəri müşahidə olunmur. M.Talıblı müqayisə üçün bildirdi ki, Azərbaycanın ÜDM-in səviyyəsi 2004-cü ildə 10,2, 2005-ci ildə 26,4, 2006-cı ildə 34,5, 2007-ci ildə 25 faizlik illik artım tempinə malik olub. Iqtisadçının sözlərinə görə, 2010-cu ildə olan ÜDM-in artım səviyyəsini 2006-cı illə müqayisə etdikdə görürük ki, onlar arasında fərq yeddi dəfədir: “Şübhəsiz ki, burada ÜDM-in azalma səbəbləri olduqca ciddidir. Fikrimcə, bunun bir neçə əsaslı səbəbi var. Birincisi, ÜDM-də xüsusi payı olan neft sektorundakı hər hansı dalğalanmalar ÜDM-i artım templərini aşağı salır. Ikincisi, neft sənayesində hasilatın aşağı düşməsi ÜDM-in həcmini azaldır. Göründüyü kimi, ölkə iqtisadiyyatında neftin dominant rolu qaldıqca yenə də ÜDM-in səviyyəsi kövrək olacaq. Yəni, qeyd etdiyimiz istənilən amil ÜDM-i aşağı sala və beləliklə, iqtisadiyyatda iqtisadi dinamizmi poza bilər. Ona görə, hər zaman qeyd olunduğu kimi, neftin uzun müddət davam edən üstünlüklərindən istifadə edib qeyri-neft sektorunu inkişaf etdirməyə xüsusi ehtiyac var”.
M.Talıblı hesab edir ki, əgər ölkə iqtisadiyyatı proporsional inkişaf etdirilsəydi, heç şübhəsiz, neft sektorundakı hər hansı səbəbdən baş verən kataklizmlər ÜDM-i belə əhəmiyyətsizləşdirə bilməzdi. Amma indiki kövrək iqtisadi situasiya bunu söyləməyə imkan vermir. M.Talıblının fikrincə, o da nəzərə alınmalıdır ki, Azərbaycan neftinin pik dövrü artıq geridə qalıb: “Dünya Bankının hesablamaları göstərir ki, 2011-ci ildən sonra neftin hasilatında mərhələli olaraq aşağı düşmələr başlayacaq. Bu zaman isə ÜDM-in əsas donoru olan neft sektorunda da enmələr olacaq. Onda isə ÜDM-in kəskin azalması baş verəcək. Ciddi hesablamalar göstərir ki, 2011-2023-cü illər arası ÜDM azalaraq 2006-cı il səviyyəsinə düşəcək. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatının artım templəri yüksəlməyəcək, iqtisadi fəallıq səviyyəsi aşağı düşəcək”.
ÜDM-in azalmasının əhalinin pul gəlirlərini də azaldacağını, sosial gərginliyi artıracağını düşünən M.Talıblı qeyd etdi ki, eyni zamanda büdcə vasitəsilə maliyyələşən tikinti-investisiya layihələri də ciddi surətdə azalacaq: “Başqa sözlə, belə iqtisadi inersiya sosial gərginliyi artıracaq. Çoxlu sayda ölkə təcrübələri ilə tanış olaraq söyləyə bilərəm ki, harada spontan və təsadüfi gəlirlər var, orada fantastik iqtisadi artımlar var. Bu isə sonradan avtoritar hökumətlərdə başgicəllənmə ovqatı yaradır, rəqəmlərlə ifadə olunan iqtisadi göstəricilərə aludə olurlar. Cəmiyyəti bu cür populist vədlərlə aldadan hökumətlər sonradan həmin sınaq dövründəki qüsurları avtoritar resurslar hesabına ört-basdır etməyə çalışırlar”.
Bu baxımdan, M.Talıblının qənaətincə, ÜDM-in azalması yenə də neft sektorundan qaynaqlanır. Buradan çıxarılan nəticə isə ondan ibarətdir ki, qeyri-neft sektoru vaxtında yaxşı inkişaf etdirilsəydi, onda ÜDM-in belə kəskin azalması baş verməzdi. “Qeyri-neft sektorunda baş verən artım templəri neft sektorundakı bu dalğalanmanı zərərsizləşdirəcəkdi. Amma bizdə belə olmadı. Bu onu göstərir ki, bizdə ÜDM-in də artımı neftə istinadən yarandı və ona istinadən də endi. Bu isə ölkə iqtisadiyyatının neft ”iynəsi” üzərində oturması ilə bağlıdır”, – deyə M.Talıblı vurğuladı.
Xəyal