«Domodedovo» olayına görə baş nazir və ona yaxın kadrlar günahlandırılır
Rusiyanın xüsusi xidmət orqanları terror aktı törədiləcəyi barədə əvvəlcədən xəbərdar olub
“Domodedovo” hava limanında 35 nəfərin ölümü və 180 nəfərin yaralanmasıyla nəticələnən terror aktı Rusiyanın hakim dairələrində parçalanma yaradıb. Prezident Dmitri Medvedev aeroport rəhbərliyini və ölkənin aparıcı təhlükəsizlik sistemini məsuliyyətsizlikdə ittiham edib.
Maraqlı odur ki, adətən bu tip hadisələrdə həm baş nazir, həm də hüquq-mühafizə orqanları üzərində qeyri-rəsmi hökmran Vladimir Putin sərt açıqlamalarıyla yadda qalırdı. Lakin bu dəfə hökumət rəhbəri nisbətən sakit mövqe sərgilədi.
Bundan başqa, Rusiyanın aparıcı KIV-lərində və sosial şəbəkələrdə Vladimir Putinin ünvanına sərt fikirlər səsləndirilib. Sosial şəbəkələrdə gedən müzakirələrdə “Putinin imicinə palçıq yaxıldı”, “Putinin komandası Rusiya üçün təhlükədir” kimi ifadələr yer alıb.
“Moskovskaya komsomolets” qəzetində dərc olunmuş məqalədə terror olaylarının intensivləşməsinin səbəbi kimi ölkənin idarəçilik sistemində ciddi problemlərin mövcudluğu qeyd olunur. Bunların arasında korrupsiya halları, qanunsuzluq və ədalətsizlik mühiti, eləcə də ciddi sosial problemlər başlıca amil kimi vurğulanır: “Biz total korrupsiyalaşmış ölkədə yaşayırıq. Bu ölkədə milis əməkdaşını rüşvətlə satın almaq, istənilən qanunsuzluqları ört-basdır etmək mümkündür”.
Istefada olan general Leonid Ivaşov da Rusiyada terror aktlarının artımında korrupsiyanın müstəsna rol oynadığını bildirib. Onun sözlərinə görə, terrorçuların partlayıcı əldə etməsi və onu istənilən əraziyə rahatlıqla apara bilməsində qeyri-adi bir şey yoxdur. Çünki rüşvət verməklə bütün görən gözləri bağlamaq mümkündür.
“Heç bir terrorçu Dağıstandan Moskvaya partlayıcı gətirmir. Qanlı olayı planlaşdıranlar lazım olan partlayıcını Moskva və yaxud Moskvaətrafı bölgələrdən alırlar. Belə olan halda, terror aktlarının davamının olacağı qaçılmazdır. Buna görə də əvvəlcə Rusiya özü dəyişməlidir. Total korrupsiyalaşmış ölkədə yaşamağa davam etmək təhlükəlidir”, – deyə qəzetdə dərc olunan başqa bir məqalədə bildirilir.
“Vedomosti” qəzetindəki məqalədə də ölkənin təhlükəsizlik qurumları sərt tənqid olunub. Müəllif xüsusi xidmət orqanlarının rəhbərliyindəki şəxslərin postları ilə vidalaşmalı olduğunu yazıb.
Kamikadzelər Rusiyaya haradan gəlib?
Bundan başqa, Moskva aeroportundakı terror aktını həyata keçirən kamikadzenin qopmuş başının fotolarını yayımlayan “life.ru” internet saytı dünən maraqlı xəbər yayıb. Sayt Rusiyanın xüsusi xidmət orqanlarına istinad edərək 5 terrorçunun ötən ay Türkiyə, Iran və Gürcüstan üzərindən Rusiyaya gəldiyini xəbər verib.
Xəbərdə o da qeyd olunur ki, xüsusi xidmət orqanları Pakistanda təlim keçmiş 5 yaraqlının Türkiyə, Iran və Gürcüstandan Rusiya ərazisinə daxil olaraq dekabr-yanvar aylarında qanlı olaylar törətməyi planlaşdıracaqlarından məlumatlı imiş.
Turan