Ölkədə narkotrafiki kimlər çiçəkləndirir?

 

Ekspertlər «ağ tranzit»in «yuxarı»dan idarə olunduğunu deyir

 

“Wikileaks” saytının ABŞ-ın Bakıdakı keçmiş səfiri Enn Dersinin narkotrafik probleminə həsr olunmuş 24 sentyabr 2008-ci il tarixli məktubunu dərc etməsii Azərbaycanın narkotranzit ölkə olduğunu bir daha ortaya qoydu.

 

“Wikileaks” saytının yaydığı məxfi sənədə görə Azərbaycan hakimiyyəti ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olan heroinin cəmi 5 faizini dövriyyədən çıxarır. Bu zaman heroinin 95 faizi Irandan daxil olur. Eyni zamanda, narkotrafikin həcmi sürətlə artır. 2003-cü ildə hakimiyyət il boyu cəmi 2 kq heroin, 2006-cı ildə 20 kq, 2007-ci ildə isə 250 kq heroin müsadirə edib.

Sənəddə dolayısı ilə bu məsələdə Azərbaycan Dövlət Gömrük Komitəsi ittiham edilir. Dövlət Gömrük Komitəsinin narkomafiya ilə əlbir olmasına işarə vurulur. “Hazırda Gömrük Komitəsinin nəqliyyatda narkotiki aşkar etmək üçün ən azı 9 ədəd xüsusi avadanlığı (K-9) var, lakin onlardan nadir hallarda, ya da səmərəsiz istifadə olunur. Azərbaycan sərhədinin cənub hissəsində olan zabit qeyd edib ki, Azərbaycan gömrükçüləri bu avadanlıqla nəqliyyat vasitələrinə səmərəli baxış keçirmək iqtidarında və ya bunda maraqlı deyillər”,- deyə sənəddə bildirilir.

Bu arada sabiq müsavatçı, AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər maraqlı açıqlama verib. O, bildirib ki, AXC hakimiyyətinin devrilməsinin bir səbəbi də narkotrafikə qarşı sərt mübarizə olub.

“Wikileaks” saytının yaydığı bu sənəddən və Sülhəddin Əkbərin məlum açıqlamasından sonra yenidən bu mövzuya qayıtmalı olduq.

Oxucuların diqqətinə çatdıraq ki, Azərbaycanın narkotranzit ölkə olması barədə müxtəlif beynəlxalq hesabatlarda kifayət qədər ciddi faktlar əks olunub. Lakin buna baxmayaraq Azərbaycan hakimiyyəti həqiqəti qəbul etmək istəmir.

“Wikileaks” saytında yayılan məlum sənəddə bu məsələdə daha çox Dövlət Gömrük Komitəsi ittiham obyekti olduğu üçün bu sahədə çalışanlardan biri ilə söhbət etdik. Adının çəkilməsini istəməyən gömrük işçisi bu məsələdə təmsil etdiyi qurumla yanaşı, hüquq-mühafizə orqanlarının da suçu olduğunu iddia etdi: “Doğrudur, əsas məsuliyyət Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Çünki Azərbaycana gətirilən narkotika gömrükdən keçirilərək ölkəyə daxil olur. Və doğrudan da bu qurumda narkotrafikə qarşı mübarizə aparmaqda maraqlı olmayan insanlar var. Lakin elə hallar da olur ki, bu Dövlət Gömrük Komitəsinin iradəsindən kənarda baş verir. Yəni, əslində bütün bunlar sistemli şəkildə ”yuxarı”dan idarə olunur. Maraqlar toqquşa bilər və kimlərinsə “malı” ölkəyə buraxılmaz, bu artıq ayrı məsələdir”.

İnformasiya şöbəsi