Nə qədər ki, oğlunuzu öldürməyiblər…

Bəlkə də “yersizdi” deyəcəksiniz açıqlayacağım fakta. Bəlkə də başqa bir vaxt bu faktın üzərində nəhəng bir məqalə qurmaq olardı. Bəlkə də…

Məni tərəddüdə salan fakt gündəmin hadisəsilə – ötən həftə polislərin vəhşicəsinə qətlə yetirdiyi Elvin Əsgərovla bağlıdır.

Mərhum Elvinin anası Roza xanım heç demə, paytaxtın Nizami rayonunda məntəqə seçki komissiyasının sədri olub. Onun məntəqəsindəki seçki rüsvayçılığı rəsmi protokoldan aşkar görünür. Seçki günü həmin məntəqədə müşahidəçi olan tanışlarımda da saxtakarlıqdan “bəs” deyincə faktlar var.

Beləliklə, yüzlərlə məntəqə sədri kimi, Roza xanım da 7 noyabrda seçki komissiyasına yox, müdhiş cinayətkarlığa öz çapında rəhbərlik edib. Etməsəydi, nə olacaqdı? Bu halda gənc Elvin vaxtsız ölümün cəngindən qurtaracaqdımı? Yəqin ki, yox…

Ağırlıq salmaq istədiyim məqam heç də “bütün saxtakarların oğlu ölməlidir” kimi sərsəm fikir deyil. Ancaq nakam Elvin və onun anasının misalında bizi dörd bir yandan saran siyasi-sosial bəlaları çək-çevir imkanı əldə etmişik.

Şübhəsiz ki, vəfat edən gəncin də, onu itirən ananın da acısının bir nömrəli səbəbkarı hakim rejimdir, avtoritar üsul-idarədir. Bəs elvinlərin ömrünü yarıda kəsən bu rejimi ayaqda saxlayan kimlərdir? Heç kim buna görə yaxasını kənara çəkib, məsuliyyətdən qaça bilməz.

Bu ölkədə Roza xanım kimi 2 min adam var. Onlar hər seçkini “uf” demədən saxtalaşdırırlar. Seçki saxtakarlığı cinayətdir. Bu cinayət xalqın dəyər verdiyi, seçdiyi insanların haqqının yeyilməsilə gerçəkləşir. Göz görə-görə etdikləri haqsızlıqların necə böyük bir müsibət olduğu çox vaxt onu həyata keçirənlərin heç vecinə də gəlmir. Bu insanlara elə gəlir ki, haqq-ədalət hər nədirsə, seçkiyə, səsverməyə, ümumiyyətlə, seçki prosesinə aidiyyəti olmayan məhfumlardı. Halbuki, “ədalətin təməli seçkidə qoyulur” deməyə iddialıyam. Insanları qazandığı haqdan məhrum etməkdən böyük zalımlıq tanımadığımı da deməliyəm.

Roza ananın bütün ağrılarını bölüşürəm. Elvinin qətli ən yaxın adamıma olan qəsd kimi məni də yandırdı. Bu haqda neçə yazım oldu, hələ davam edəcək… Ancaq bilmirəm, Roza ana da hər seçkidə haqqımızı əlimizdən alan komissiyaların bizə yaşatdığı sitəmləri bölüşməyə hazırdırmı?

Bəli, bizlər də saxtalaşdırılan seçkidə az oğullarımızı itirmədik…

Bu seçkilər bizdən Həmidağa Zahidovu alıb, 21 yaşlı Alqayıt Məhərrəmovu çiçəyi burnunda aparıb…

Biz bu seçkilərdə daha nələri itirmədik ki, Roza xanım…

Ümidlərimizi, dostlarımızı, enerjimizi, işıqlı gözləntilərimizi, əsəblərimizi, normal təzyiqimizi…

Sayı iki mindən çox olan Mnsk sədrləri, DSK sədrləri…

Bilmirəm, bu yazı sizə çatacaq, ya yox. Hətta sizlərdən biri bu köşəni oxuyacaqsa, bəsimdir. Bilirəm ki, sizin o komissiyalardan aldığınız pullar heç bir aylıq ehtiyaclarınız üçün kifayət etmir. Həyata keçirdiyiniz mükəmməl saxtakarlıqla sizlər gənc, məsum Elvinləri qətlə yetirən bir rejimi ayaqda saxlayırsınız. Bunu məhz sizlər edirsiniz, sağa-sola boylanmayın.

Bilin, sizin zəhmətiniz sayəsində gündən-günə azğınlaşan hakimiyyətdən heç biriniz sığortalanmamısınız. O, sizin də balalarınızı yeyəcək. Özünüzdə təpər tapın, sizdən fövqəladə qəhrəmanlıq tələb edən yoxdur. Heç kim sizdən Isa Qəmbər olub, Ilham Əliyev hakimiyyətinə “görməmiş” deməyi, Əli Kərimli olub, ev dustağına çevrilə-çevrilə ələ düşən bütün fürsətlərdə “cümlə cinayətlərə baiskar Əliyevlərdi” bəyanatını verməyi tələb etmir.

Sadəcə, saxtakarlıq etmək üçün əliniz gidişməsin, yetər.