“Mən iqtidar adamıyam və inanıram ki, yuxarıdakılar bu işi araşdıracaq və günahkarları cəzalandıracaq”, – deyə polisin işgəncə ilə öldürdüyü Elvin Əsgərovun anası Roza Rəfiyeva bildirib və oğlunun da Yeni Azərbaycan Partiyasının üzvü olduğunu əlavə edib.
Roza xanımın bu kəlməsində Azərbaycanın əsl gerçəkliyi gizlənir. Yəni bu ölkədə vətəndaşlar iki yerə bölünüblər. Iqtidarın adamı olanlar və olmayanlar. Yəni bu ölkədə insan hüquqları yalnız iqtidarın adamlarına aiddi. Yəni bu ölkənin vətəndaşları yalnız o adamlardı ki, onlar iqtidarın adamıdı. Qalanlarının niyə mövcud olması, niyə yaşaması belə anlaşılan deyil. Təxminən belə: Sən iqtidarın adamı deyilsənsə, onda bu viranəyə çevrilmiş yurdda niyə yaşayırsan? Bura yalnız iqtidarın adamlarının yaşaması üçündü. Eyş-işrət görməsi, səfa sürməsi, yağ-qaymaq içində bəslənməsi və iqtidarın adamı olmayanların başını kəsməsi, haqqını yeməsi üçün!
Əslində isə, Roza xanım iqtidarın adamı deyil. YAP-çı olmaq hələ iqtidarın adamı olmaq sayılmaz. Bunun çox ağır şərtləri var. Bütövlükdə isə iqtidarın adamı deyilən bir şey yoxdu. Ya Allah bəndəsi olmaq var, ya ölkə vətəndaşı.
Iqtidar adamı isə, heç yaxşı şey deyil. Heç müxalifətin adamı da olmazlar. Və yenə deyirəm, ya Allah bəndəsisən, ya ölkə vətəndaşı.
“Mən iqtidarın adamıyam” deyirəmsə, deməli, bütün başqa işgəncə görənlərin, əza-cəza ilə öldürülənlərin haqqını yemiş oluram. Onların işlərinin üstünün açılıb-açılmamasının, qatillərin cəzalandırılıb-cəzalandırılmamasının elə də önəmli olmadığını düşünürəm. Demək, iqtidarın adamı olmayan qurbanların qatili cəzalanmasa da olar, onların gözü yaşlı ata-anasının səslərini belə çıxarmağa haqqı yoxdu. Çünki onlar iqtidarın adamı deyillər.
Nə qədər ki, özünü iqtidarın adamı hesab eləyənlər, ona görə hansısa üstünlüyə sahib olduğunu düşünən sadəlövh və sadə insanlar var, o zamanacan bu hakimiyyətin, bu əxlaqsız rejimin fiziki-mənəvi işgəncə aparatı heç vaxt dayanmayacaq, dişlərindən qan süzülməsindən həzz ala-ala, bir vampir kimi insanların, iqtidar adamı olmayanların və özünü sadəlövhcəsinə iqtidar adamı sayıb şəxsini əminlikdə hiss eləyən sıravi yapçıların da qanını içəcək, oxqay deyəcək.
Kiminsə adamı olmaq çox pis sözdü və çox pis şeydi. Əslində kiminsə adamı olmur, kiminsə köləsi olur. Kölə isə heç bir hüququ olmayan şəxsə deyilir. Ağa köləsinin canını da alar, malını da. Köləsənsə, iqtidar adamısansa, demək, sən iqtidara bağlısan, onun iqtidar olduğunu sözsüz-sovsuz qəbul eləyirsən, ən nəhayət, sənə hər nə eləsə də, gərək səsini çıxarmayasan. Bax onda iqtidar adamı olursan. Roza xanım, nə də onun yapçı dediyi rəhmətlik oğlu iqtidar adamı olmayıb, çünki rəhmətlik susmamışdı, onu söyəni söymüşdü, Roza xanım da susmur, oğlunun qatillərinin cəzalanmasını tələb eləyir, sonacan gedəcəyini deyir. Belə iqtidar adamı olurmu?
Iqtidar adamı qatilin cəzalanmasını istəyərmi? Istəməz. Çünki kim bilmir qatilin elə iqtidarın özünün olduğunu. Demək, sən iqtidarın cəzalanmasını istəyirsən. Istəyirsənsə, səni öz adamları hesab eləməzlər. Iqtidar adamı “öldür” deyəndə öldürən, “öl”deyəndə bə-çeşm deyib ölənlərdi.
“Onlar restorana daxil olmayıblar, sadəcə həyətdə görüşüblər, söhbət ediblər və bərkdən gülüblər”, – bu sözləri də Roza xanım deyib. Iqtidar adamları yaxşı bilir ki, bu ölkədə nə bərkdən gülmək, nə bərkdən ağlamaq olar. Bu ölkədə yaşamaq, sabaha diri çıxmaq istəyən hər kəs sadəcə, bərkdən susmalıdı. Yox, o da bərkdən olmaz, eləcə susmaq lazımdı, vəssalam!