FIFA Ukraynanı hədələdi

 

Bu ölkə beynəlxalq yarışlardan kənarlaşdırıla bilər

 

FIFA Ukrayna Futbol Federasiyasını cəza ilə hədələyib. Buna səbəb ukraynalı siyasətçilərin ölkənin futbol həyatına müdaxiləsidir. FIFA xəbərdarlıq edib ki, əgər proseslər bu şəkildə davam etsə, Ukrayna beynəlxalq yarışlardan kənarlaşdırıla bilər.

 

Məsələ burasındadır ki, ölkədə Ukrayna Futbol Federasiyasının hazırkı prezidenti Qriqori Surkisin istefası tələb olunur. Bu tələblə çıxış edənlər addımlarını Surkisin Kiyev “Dinamo”suna simpatiyasıyla izah edirlər.

FIFA isə bəyan edib ki, indiki rəhbərlik istefaya göndərilsə belə, onlar yeni prezidenti tanımayacaqlar. Hazırkı rəhbərlik 2012-ci il dekabrın sonuna kimi fəaliyyətini davam etdirməlidir.

Əgər FIFA-nın tələbləri fevralın 4-nə kimi yerinə yetirilməsə, Ukrayna Futbol Federasiyası FIFA üzvlüyündən çıxarılmaqla, gələn il Avropa çempionatının final mərhələsinə “ev sahibliyi” etmək hüququndan da məhrum olacaq.

Qeyd edək ki, FIFA-nın bu cəzasına 2002-2003-cü illərdə Azərbaycan da məruz qalıb. Həmin illərdə AFFA FIFA tərəfindən cəzalandırıldığı üçün klublarımız 2 il beynəlxalq yarışlardan kənar qalmışdı.