Azərbaycan hansı sıraya soxulur?

 

Peyk antennaları harada qadağandır?

 

Azərbaycanda peyk antennalarını yığışdırmaq haqda qərar veriləcəyi gözlənilir. Bu barədə rabitə naziri bəyanat  verib. Başqa məsələdir ki, adamların informasiya almaq kimi konstitusion hüququnun məhdudlaşdırılmasına birbaşa aidiyyəti olan belə fundamental məsələ ilə bağlı rabitə nazirinin bəyanat verməsi tamam-kamal bolşevizmdir. Amma gəlin, ətraf aləmə də bir nəzər salaq.

 

Hansı ölkələrdə peyk antennaları qadağan edilir və hansı səbəblərə görə?

Dünyadakı analogiyaları bəri başdan gözdən keçirək ki, sonra bunu da “analoqu olmayan” addım adlandırmasınlar.

***

Peyk antennalarının yasaqlanması barədə xəbər adamın yadına ilk növbədə Iranı salır. Yaxın qonşuluqda olan bu ölkədə peyk antenlərin qadağan olduğu artıq hamıya bəllidir. Amma bəzən Iranda bu qadağaya dırnaqarası yanaşırlar və əhalinin müəyyən hissəsi bu cür antennalardan istifadə edə bilir. Məsələn, məhəllə polisinə rüşvət verməklə.

Amma Iran əhalisinin başqa bir kateqoriyası da var ki, qanun onların peyk antennalarından istifadə etməyini məhdudlaşdırmır. Bunlar Iranın erməni əhalisidir. Erməni əhali həm evlərdə, həm də “Erməni mərkəzləri” adlanan xüsusi mədəniyyət mərkəzlərində çanaq antennalarından qanuni olaraq istifadə edirlər.

***

Kubada peyk antennalarından istifadə etmək çox sərt və birmənalı olaraq qadağandır. Bu cür antennalardan istifadə edənləri həbs cəzası gözləyir.

***

Çində peyk antennalarının istehsalı, idxalı, ixracı, istifadə məqsədilə quraşdırılması qəti qadağandır. Bu qanunu pozanlara qarşı sərt cəzalar nəzərdə tutulur.

Bu ölkədə xarici telekanallara baxmaq məqsədilə peyk antennalarından bunun üçün xüsusi lisenziyası olan şəxslər və ya müəssisələr istifadə edə bilərlər.

Çində qəbul edilən qanuna görə, peyk antennalarından qanunsuz istifadə edən şəxslər və ya müəssisələr haqqında məlumat verən donosçular dövlət tərəfindən mükafatlandırılır.

Yeri gəlmişkən, Iran təhlükəsizlik təşkilatları da bu cür xəbərçilərin maddi mükafatlandırılmasını təşkil edirlər. Buna görə də, həm Iranda, həm də Çində bir qrup insanlar bu yolla dolanışıq qururlar.

***

Hazırda peyk antennalarının tamamilə qadağan olunduğu digər ölkə Şimali Koreyadır. Somali ərazisinin böyük hissəsi də bu yasağın altındadır. Həmin ərazilər radikal din məhkəməsinin hökmü altında olan yerlərdir.

Sudan da peyk antennalarının qadağan edildiyi ölkələr sırasındadır. Taliban dövrünün Əfqanıstanında isə peyk antennalarından istifadə etmək ən ağır cinayətlərdən sayılırdı.

***

Bir neçə il əvvəl Türkmənistanda peyk antennalarının qadağan edilməsi binaların fasad görünüşlərinin korlanması və dam örtüklərinin sıradan çıxması bəhanəsi ilə rəsmən qadağan edildi. Belarusda da peyk antennası üzərinə bu motivlə yasaq qoyulub. Maraqlıdır ki, indi Yanukoviç Ukraynası həmin bəhanədən istifadə etməyə hazırlaşır.

İnformasiya şöbəsi