Yanan Azərbaycan

Bugünlərdə Gədəbəydə tüstüsü hələ-hələ çəkilməyəcək bir olay baş verib. Ədalət Hüseynov adlı bir yurddaşımız özünü ailəsi ilə birgə yandırıb. Polis onu necə cana doyurubsa, o özünü öldürməkdən başqa çıxış yolu tapmayıb. Indi polis onun özünü öldürməsinə qanun donu geyindirməyə çalışır. Özünüöldürmə faktında ayrıca rol oynamış meşə idarəsinin yardımı ilə.
Ortada belə bir informasiya – fakt var: “Ədalət Hüseynov yoxsul adam olub. Yaşadığı Zamanlı kəndinin yaxınlığında meşə massivi var. O, meşədən quru odun gətirib evini qızdırırmış. Qışın sərt çağlarıdır, kənddə isə qaz yoxdur”. Biz bu yerdə dayanmağı gərəkli bilirik. Gədəbəyin Zamanlı kəndində qaz yoxdur. Nə olub? Niyə Gədəbəyin Zamanlı kəndində qaz yoxdur? Yoxsa yaddan çıxıb, ora qaz çəkilməyıb? Yox, elə deyil; Zamanlı yaddan çıxmayıb – bütün Azərbaycan belədir. Axtarın görün Azərbaycanın hansı kəndində qaz var?! Biz ötən yay Qaxın ünlü Ilisu kəndində olduq. Bu kənddə qaz yoxdur. Adamlar hələ yaydan özlərinin qışdakı istilik problemlərini çözməyə girişmişdilər. Meşələrdən odun gətirməklə, bir də… təzəklə!
Biz ötən yay Zaqatalanın ünlü Car kəndində də olduq. Zaqatalanın ən böyük kəndlərindən olan, üstəlik Zaqatalaya bitişik Car kəndində qaz yoxdur – rayonun bütün başqa kəndləri kimi. Yayda, biz Carda olan çağlarda, adamlar “KamAZ”larla meşədən odun gətirib qışın işini yayda görürdülər. Odunlar da elə-belə odun deyildi; diametrindən göründüyü kimi, böyük-böyük ağacları doğrayıb odun eləmişdilər. Deyilənə görə, Azərbaycanda bu gün yekə bir meşə-odun mafiyası var. Bu işlə uğraşanların üstün hüquqları var. Üstün hüquqlarından yararlanaraq onlar meşələri darmadağın eləyirlər.
Zaqatala Bakıdan çox-çox uzaqdır, Bakının 180 kilometrliyindəki Sabirabadın kəndlərində qaz yoxdur. Aran rayonlarına meşə zonalarından maşın-maşın odun daşınır. Kimsə də buna bir söz demir. Ancaq Ədalət Hüseynova deyiblər. Eləcə deməyiblər, onu özünü, ailəsini yandırmağadək gətirib çıxarıblar. Necə? Meşədən odun gətirdiyinə görə onu cərimələyiblər. “Dövlətin əmlakını dağıtmaq” suçlaması ilə. Ona tək inəyini satdırıblar. Ancaq inəyin pulu cəriməni ödəməyib. Bununla da iş düşüb polisə. “Meşə təsərrüfatına dəyən ziyan cinayət məsuliyyətinin yaranması üçün əsas verdiyinə görə cinayət işi açılıb”. Bizim buna sözümüz yoxdur, cinayət varsa, cəza da olmalıdır. Ancaq soruşmaq gərəkir: cinayət hardan qaynaqlanır, cəza verən kimdir?
Rejimin yararsızlığı, bundan daha artığı, xalqa düşmən kəsilməsi üzündən ölkəni işsizlik bürüyüb. Bütün dünya üçün xarakterik qanunauyğun bir görsənişdir: işsizlik bürüyən ölkəni cinayət də bürüyür. Niyə? Adamlar bir parça çörək üçün, dolanışıq üçün istər-istəməz yolsuzluq yoluna düşürlər – buna görə. Ölkədə rüşvətin, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməyi yurddaş yolsuzluğunu doğuran, ona daha çox stimul verən başlıca faktorlardan birinə çevrilir. Beləliklə, dövlət özü yurddaşı yolsuzluğa yönəldir. “Ac qarın qılınca çapar” deyirlər. Dövlət-rejim özünün başlıca funksiyasını – yurddaşların normal yaşayışına qarantiya yaratmaq funksiyasını – yerinə yetirmirsə, o özü başlıca cinayətkara çevrilir. Ancaq polis də, məhkəmə də bütünlüklə rejim-dövlət faktoruna bağlı olduğundan cinayəti olmasa belə, ortada bir cinayətkar olur: yurddaş.
Sonra da günlərin bir günü iş gedib çıxır Tunisə. Tunisdə polisin incitdiyi bir göysatan özünü yandırdı. Çoxdan cana doymuş xalq ayağa qalxıb diktaturanı devirdi. Indi bizdə bir rejim sözçüsü arxayınçılıqla deyir: “Bizdəki müxalifət yandırmağa göysatan axtarmasın”. Birincisi, müxalifət yaxşı bilir: bu ölkədə başlıca göysatanları küçə-bazarda axtarmağa gərək yoxdur – onlar hakimiyyətdədirlər. Ikincisi, bu rejimin özünün müxalifəti axtarmağının çağı çatıb. Ancaq bunu anlamaq üçün hakimiyyət göysatan düşüncəsindən uzaq olmalıdır.