
Misir də “uçdu”
Şəkildə gördüyünüz heykəl Misir prezidenti Hüsnü Mübarəkindir. Bu heykəl Xırdalandadır. Burada Azərbaycan-Misir dostluq parkı var. Bu balaca parkda Misir tarixinə aid dekorasiyalar, parkın divarlarında qədim Misir tarixinə aid heroqliflər, fironların heykəlləri var. Lap ortada isə qeyd etdiyimiz kimi, Misir prezidenti H.Mübarəkin heykəli dayanır. Heykəlin ətrafı lentlə bağlanıb. Parkda daim bir gözətçi var. Heykələ yaxınlaşmaq isə qadağandır. Parkın şəkillərini çəkərkən hətta gözətçi bizə yaxınlaşıb niyə çəkdiyimizi də soruşdu. Parkda istirahət edən sakinlərsə Hüsnü Mübarəkin kim olduğunu bilmirlər.
H.Mübarək 1975-1981-ci ildə Misirdə dövlət başçısının köməkçisi vəzifəsində çalışıb. 1981-ci ildə eks-prezident Ənvər Sadatın sui-qəsdlə öldürülməsi nəticəsində dövlət başçısı olub. 1987-ci ildə 6 aylıq ikinci prezidentlik dövrü üçün 97 faizlik (göstəriciyə diqqət edin – E.H.) səs çoxluğu ilə yenidən dövlət başçısı postuna seçilib. 1993, 1999, 2005-ci illərdə keçirilən və müxalifətin iştirakının məhdudlaşdırıldığı prezident seçkilərində Hüsnü Mübarək qalib gəlib. Gördüyümüz kimi, Avropa Birliyinin, ABŞ-ın çoxsaylı bəyanatlarına, hesabatlarına baxmayaraq Hüsnü Mübarək Misirdə 1981-ci ildən keçirilən bütün prezident seçkilərində özünün qalibiyyətini təmin edib. Misirdə də müxalifətin normal fəaliyyət göstərməsinə icazə verilmir. Ədalətli rəqabət mühiti yaradılmır.
82 yaşlı prezident 2011-ci ildə keçiriləcək seçkilərdə yenidən öz namizədliyini irəli sürəcəyini bəyan edib. Ancaq həkimlər onun səhhətinin buna imkan verməyəcəyini deyirlər.
Görəsən nəyə görə Azərbaycanda belə avtoritar bir liderin heykəli var? Lakin demokratiya tarixinə öz töhfələrini vermiş U.Çörçil, N.Mandela, T.Ruzvelt kimi insanların heykəlləri yoxdur.
“Azadlıq” qəzeti
Hüsnü Mübarək İlham Əliyevə qızıl medal vermişdi
Mayın 6-da (2007) prezident İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə yola düşüb. Elə həmin gün Qahirə şəhərində Misir prezidenti Hüsnü Mübarəkin onunla təkbətək görüşü olub.
Daha sonra Azərbaycanın və Misirin dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misir Ərəb Respublikasının Parlamentinə – Xalq Məclisinə gəlib və Parlament Sədri Əhməd Fəthi Sürurla görüşüb. İlham Əliyevə xüsusi medal təqdim olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.
Prezident İ.Əliyev çıxışında Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılması münasibətilə diplomatlarımızı təbrik edib, təkcə Misirlə deyil, digər islam ölkələri ilə də əlaqələrin genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Misir prezidentini və baş naziri Azərbaycana səfərə dəvət etdiyini bildirən İ.Əliyev özünün indiki səfəri çərçivəsində imzalanacaq sənədlərin qarşılıqlı əməkdaşlığa yeni təkan verəcəyini söyləyib.
Prezident İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərinin birinci gününün sonunda Misir ehramları ilə də tanış olub.
Mehriban Əliyeva adına eksperimental məktəb — Misirin Əl-Obur şəhərində yerləşən məktəb
2010-cu ildə fəaliyyətə başlamasının bir ili tamam olan məktəb qısa vaxtda bölgənin aparıcı təhsil ocağına çevrilib. Misirin Əl-Obur şəhərində yerləşən bu məktəbdə 1600 şagird təhsil alır. Onlara 80-dən artıq müəllim dərs deyir. Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə məktəbdə xarici dillərin tədrisi yüksək səviyyədə həyata keçirildiyindən artıq ölkənin digər bölgələrindən də şagirdlər Mehriban Əliyeva adına eksperimental məktəbə üz tuturlar. Məktəbin texniki avadanlıq və dərs vəsaitləri ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol oynayır.
Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən fotostend qurulub. Ayrı-ayrı fotolarda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı əksini tapmışdır.
İki ay əvvəlki seçkilərdə qazanılan “parlaq” qələbə söndü
Misirdə parlament seçkiləri 2010-cu ilin 28 noyabrında (ikinci tur-dekabrın 5-də) keçirilmişdi.
Mojaritar seçki sistemi üzrə keçirilən seçkilərdə 508 deputat yerinin 439-u Hüsni Mübarəkin rəhbərlik etdiyi Milli Demokrat Partiyasının xeyrinə saxtalaşdırılmışdı.
Əsas müxalifət olan “Müsəlman qazrdaşları”nın fəaliyyəti qadağan edilmişdi. Parlamenrdə qalan yerlər zəif təşkilatlar olan “Yeni Vafd” (6 yer), “Milli Proqressiv Birlik” (5 yer) kimi təşkilatlara verilmişdi.
Seçkilərdən əvvəl müxalifətin sosial bazası antidemokratik seçki şəraitinin dəyişdirilməsi tələbi ilə ilə kütləvi etiraz aksiyaları keçirmiş və hökumət də hər bir aksiyadan sonra onlarla insanı həbsxanaya atmışdı.
Birinci turun nəticələri elan ediləndən sonra “Müsəlman qardaşları” və “Yeni Vafd” əhalini seçkilərdə iştirak etməməyə çağıraraq boykot elan etmişdilər.
Seçkilərin nəticələrini şərh edən politoloqlar birmənalı şəkildə bildirirdilər ki, Hüsnü Mübarək bu seçkilərdən sonra daha da möhkəmləndirilmiş və sarsılmaz bir sistem qurmuşdur.



