Sumqayıt, 1988-ci il: «KQB» qan istəyirdi!

 

«Onlar zombiləşmişdilər və hökmən öldürməyə adam axtarırdılar»

“Fuad Musayev Bakıda olacaq qırğını Sumqayıta köçürdü”

 

Qəribə bir fakt da diqqətdən kənarda qala bilməz. 1988-ci ilin fevralın 15-dən martın 3-dək Bakı və Sumqayıtın mehmanxanalarında Ermənistandan gəlmiş 210 nəfər qalmışdır. Bunların bir çoxunun emissarlar olduğu heç kimdə şübhə doğurmur. Başqa bir fakt da çox maraqlıdır. Sumqayıt hadisələri ilə bağlı Azərbaycan Daxili Işlər Nazirliyinin hazırladığı xüsusi arayışda göstərilir ki, fevralın birindən iyirmi beşinədək Sumqayıtın erməni sakinləri Əmanət Bankının Sumqayıt filiallarından 8343691 manat pul çıxardaraq Azərbaycanı tərk etmişlər.

əvvəli ötən saylarımızda

Gənclər, ya “zeklər” şəhəri?

Ermənilərin, “KQB”-nin, yaxud SSRI-ni dağıtmaq istəyən digər xarici qüvvələrin, Qorbaçovun yenidənqurma siyasətinə qarşı gedən və vəzifədən uzaqlaşdırılan “siyasilərin” niyə məhz Sumqayıtı seçməsinin arxasında sosial, kriminal və digər faktlar dayanırdı. Ən əvvəl, Sumqayıt sosialist şəhəriydi və burada sözü keçən köklü nəsillər yaşamırdı. Ikincisi, şəhərin tikintisinə çoxsayda keçmiş məhkumlar cəlb edilmişdi. Məsələn, 1988-ci ilin əvvəlində Sumqayıtda cəzaçəkmə yerindən qayıtmış, yaxud cəzasının bir hissəsi məcburi əməklə əvəz olunmuş 10 000 adam yaşayırdı. Sumqayıt gəncliyi də öz etnik mənşəyi və regional mənsubiyyətinə görə çox rəngarəng idi. Ən uca dağ kəndindən tutmuş “yetimlər evləri”ndən hər il peşə məktəblərinə minlərlə gənc göndərilirdi. Hadisə ərəfəsində Sumqayıtın peşə məktəblərində on minə yaxın şagird təhsil alırdı. Bu məktəblərdə təlim-tərbiyənin hansı səviyyədə olduğundan danışmağa dəyməzdi.

***

“Qara bağ” əsərinin müəllifi Tom de Vaal yazır:

“Iyirminci əsrin 80-ci illərində zəhmətkeşlərin beynəlmiləl birliyi haqqında arzular cəhənnəm yuxusuna çevrilir, Sumqayıtda mənzil çatışmırdı. Əhali ağzınacan dolu yataqxanalara yerləşdirilirdi. Kimya sənayesinin müəssisələri şəhərin havasını zəhərə çevirirdi. Uşaqlar arasında ölüm o həddə çatmışdı ki, şəhərdə xüsusi uşaq qəbirstanlığı salınmışdı. Şəhər əhalisinin orta yaşı 25 il idi. Əhalinin hər beş nəfərdən birinin məhkumluğu vardı. 1981-1988-ci illərdə Sumqayıta cəza çəkmə yerlərindən 2000 nəfərdən çox məhkum qayıtmışdı”.

Fuad Musayevin qeyri-ciddi görünən ciddi tədbirləri

Bir məsələ də diqqəti cəlb etməyə bilmir. Sumqayıt hadisələri ərəfəsində şəhər rəhbərliyi ya Moskvaya çağırılmışdı, ya vəzifəsindən azad edilmişdi, ya da iş yeri dəyişdirilmişdi.

Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Cahangir Müslümzadə də hadisə zamanı şəhərdə yox idi. Milis rəisi vəzifədən çıxarılmışdı, DTK Sumqayıt şəhər şöbəsinin rəisi başqa rayona keçirilmişdi. Belə çıxır ki, kimsə bu hadisələri törətmək üçün Sumqayıtı bilərəkdən poliqona çevirmişdi.

Şəhərdəki rəhbərlərsə elə ilk gündən “kütlə sindromu”nun təsirinə düşmüşdülər. Onlar tədbir görmək əvəzinə ya meydanda çıxış edib kütlə tərəfinə keçir, ya da bayraq götürüb mitinqçilərə qoşulurdular.

“Qara bağ” əsərinin müəllifi Tom de Vaal yazır:

“Bakı Şəhər Partiya Komitəsinə keçmiş futbolçu, inşaat mühəndisi, bir qədər sərt, enerjili Fuad Musayev rəhbərlik edirdi. Onun problemin həllinə münasibətini qeyri-ciddi də adlandırmaq olar, amma çox güman ki, həmin dövr üçün belə də lazım idi. Fevralın 20-də Fuad Musayev Kislovodskda istirahət edirdi. O, ezamiyyətdən geri çağırılır. F. Musayev Bakıya qayıdanda şəhərdə gərginlik olduğunu görür. ”Kimlərsə əhalini təxribata çəkirdi, hər yerdə təbliğat aparılırdı”.

Həmin axşam F.Musayevin təzyiqi ilə Bakıya girişin məhdudlaşdırılması haqqında qərar qəbul edilir. Yeni drujina dəstələri yaradılır, ermənilərin yaşadığı ərazi nəzarətə götürülür.

Bu dəfə qəza Bakının başı üstündən keçdi. Şəhər rəhbərliyinin vaxtında işə qarışması iki dəfə talanların qarşısını aldı. Bununla belə, Musayev sosial partlayışı Bakıdan uzaqlaşdırdı, onu mərkəzdən 30 kilometrdə yerləşən Sumqayıta keçirə bildi. Təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə Sumqayıtdan Bakıya işə gələn minlərlə fəhlənin şəhərə girişinə qadağa qoyuldu. Ermənistandan gələn iki avtobus qaçqını Sumqayıt ətrafında yerləşən Saray və Fatmayı kəndlərinə göndərdi. Bundan sonra Bakı bir qədər sakitləşdi, Sumqayıtsa arı pətəyi kimi qaynamağa başladı”.

KQB-yə qan lazım idi!

1988-ci ildə SSRI “KQB”-nə rəhbərlik etmiş Kryuçkov 2007-ci ildə dünyasını dəyişdi. Onun ölümü ilə bağlı Ingiltərədə çıxan qəzetlərin birində dərc edilmiş  məqalədə deyilirdi: “Kryuçkov başda olmaqla SSRI ”KQB”-nin əməkdaşları yerlərdə xalqın haqlı tələblərinin qarşısını almaq üçün təxribatlar təşkil edir, qan tökməkdən belə çəkinmirdilər. Sumqayıt, Bakı, Tbilisi, Riqa, Vilnüs…  qırğınları bu yolla törədilmişdi”.

Tom de Vaal  yazır:

“Fevral ayının 27-də, elə həmin axşam Azərbaycanda olan SSRI Baş Hərbi prokuroru Aleksandr Kautsev milli televiziya və radio ilə çıxış etdi. Çıxış zamanı ondan Qarabağ hadisələri barədə soruşdular, Kautsev təsdiq etdi ki, beş gün əvvəl Əskəranda iki gənc azərbaycanlı qətlə yetirilib, onların familyalarını dedi və öldürülənlərin azərbaycanlı olduğuna heç bir şübhə yeri qoymadı.

Müslümzadə qırğının istiqamətini hara çevirirdi?

Fevralın 28-də azğınlaşmış kütlə Sumqayıtın baş meydanına toplaşmışdı. Nəhayət, yerli partiya rəhbəri Müslümzadə Moskvadan qayıtmışdı. O kütlə qarşısına çıxdı, bir gürcü şahidin söylədiyinə görə, Müslümzadə kütləni əmin etməyə çalışdı ki, heç kim Qarabağı ermənilərə verməyəcək. Amma bu sözlər artıq kifayət deyildi. Bu sözlərin meydandakıları sakit etmədiyini görən Müslümzadə dedi: “Qardaşlar, ermənilərin şəhərdən sərbəst çıxıb getməsinə imkan vermək lazımdır. Qan düşmənçiliyi başlamışsa, milli məsələ ortaya atılıbsa, bu hisslər oyanıbsa ermənilərə şəhərdən sərbəst  getməyə imkan verin”.

Amma Müslümzadə kütləni bununla da sakitləşdirə bilmədi.

Sonradan baş verənləri hərtərəfli aydınlaşdırmaq mümkün olmayıb, saat 18:30 radələrində Müslümzadə yenidən meydana çıxıb. Onun əlinə Azərbaycan bayrağı verirlər və nümayişçilərin dəstəsinin önünə keçir.  Şəhər rəhbəri dəstəni qərbə sarı aparır, sonra cənuba, “Dostluq” küçəsinə dönür, dənizə sarı irəliləyir. Sonradan Müslümzadə deyəcək ki, dəstəni şəhərin mərkəzindən uzaqlaşdırmağa cəhd edirdi. Çalışırdı ki, onları böyük bəlalardan qaçırsın. Amma əksinə oldu, talan və şuluqluq mərkəzdə başladı. Dəstənin axırı ayrı-ayrı kiçik qruplara bölündü. Şəhərdə erməni axtarışına çıxdılar”.

Sadə sakinlər dəhşətə gəlmişdilər. Niyə bu insanlar bu qədər qəddarlaşmışdılar? Bu gəncləri kim belə manqurtlaşdırmışdı? Bir həkimin həyat yoldaşı N.Tağıyeva danışır ki, bağdan evə gələndə küçədə şuluqluq salan kütləni gördüm: “Mən bu kütləni görəndə fikirləşdim ki, həqiqətən kütlə sindromu mövcuddur. Onların gözünə baxanda, başa düşürsən ki, heç nə eşitmirlər, heç nə başa düşmürlər, sanki zombidirlər”.

ardı var

Surxay Hüseynli,

Azər Hüseynbala