Leyla Yunus: «İnsanların silah və narkotiklə şərlənərək həbsi 1993-ci ildən başlayıb»
İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsindən sonra onun tərəfdarlarına qarşı aparılan “səlib yürüşü” son günlər mətbuatın diqqət yetirdiyi əsas mövzulardan biridir. M.Səmədovun tutulmasından dərhal sonra başlanan bu proses hələ davam etməkdədir.
İslam Partiyasının üzvlərinin hamısı evlərində silah saxlamağa görə ittiham edilərək həbs olunmaqdadırlar. Istintaq bitməmiş həbs olunan şəxslərin saxlanma səbəbi ilə bağlı hər hansı fikir söyləməkdən uzaq olsaq da, bir məqamı vurğulamağı borc bilirik. O da ondan ibarətdir ki, əgər bu şəxslərin həqiqətən də silahlı yolla çevriliş etmək niyyətləri var idisə, M.Səmədovun həbsindən sonra bu qədər silah-sursatın aşkarlana biləcək yerdə saxlanması məntiqdən uzaq görünür.
Amma məsələnin daha faciəvi tərəfi bunun bir tendensiya halını almasıdır. Yəni, hakimiyyətin siyasətindən narazı olanların şərlənərək həbsə atılması bir adiliyə çevrilməkdədir. Həbs olunanların yaxınlarının və hadisənin şahidlərinin dediklərinə görə, aşkaralanan silahları hüquq-mühafizə orqanlarının əməkdaşları atıblar. Amma cəmiyyətdə müşahidə olunan susqunluq sabah daha dəhşətli problemlərin əsası ola bilər. Belə ki, vurğuladığımız kimi, artıq kiminsə silah saxlama maddəsi ilə şərlənərək həbsi adi normaya çevrilməkdədir.
Hüquq müdafiəçisi Leyla Yunusun sözlərinə görə, Azərbaycan polisinin Islamçıların həbsində istifadə etdiyi metod yeni deyil: “Silah və narkotiklə şərlənərək insanların həbsi 1993-cü ildən başlayıb. Hazırda hakimiyyət Islam Partiyası fəallarının terrorçu imicini yaratmağa çalışır. Eyni zamanda onlar dövlət çevrilişinə cəhddə də ittiham olunurlar. Bu ssenari də yeni deyil. Dəfələrlə hakimiyyət üçün arzu olunmayan şəxslər dövlət çevrilişi ittihamı ilə həbsə atılıblar. Sonuncu dəfə belə bir ittiham 2005-ci ildə ”Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirliyə qarşı irəli sürülüb”.
Hakimiyyətin Islam Partiyasının da dayaqlarını digər müxalifət partiyaları kimi sarsıtmağa çalışdığını deyən L.Yunus vurğuladı ki, əslində bu, təhlükəli tendensiyadır. “Özbəkistan praktikası göstərir ki, müxalifətin tam siyasi səhnədən silinib atılması sonda qeyri-leqal mübarizənin baş qaldırmasına səbəb olur ki, bu da ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir”, – deyə L.Yunus vurğuladı.
Xəyal