Hüseynov tələsir…

Heç kimin gözləmədiyi halda, Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov dünən tələm-tələsik qərar çıxararaq, Qaradağ rayon məhkəməsinin hakimi Ismayıl Xəlilovun  jurnalist Eynulla Fətullayevin həbsi ilə bağlı qərarını qüvvədə saxlayıb. Mən əminəm ki, hər iki hakimin qərarı gec-tez qüvvədən düşəcək, daha ali məhkəmə – Avropa Insan Haqları Məhkəməsi bu qərarları verərkən jurnalistin ədalətli mühakimə hüququnun pozulduğunu təsbit edəcək. Fətullayev yenə də bəraət qazanacaq. Ona da əminəm ki, həmin hakimlərin, eləcə də bir çoxlarının adı gələcək Azərbaycanın hüquq ədəbiyyatında qara hərflərlə yazılacaq.
Əsl kolxoz qaydasında olub hər şey. Hakim dünən iş saatı bitdikdən sonra da məhkəmə iclasını davam etdirib, vəkillərin etirazına baxmayaraq, prosesi başa çatdırıb. Hətta Eynulla Fətullayevə son söz kimi çıxış etməyə də imkan verilməyib. Onsuz da Eynulla həbsdədir, hakimin belə tələsik qərar verməsinə nə lüzum vardı? Dərin analizlərə qapılmayın, göstəriş belə olub. Hakimlik deyil. Bu, yuxarıların hələ anlamadığımız bir planıdır… Ona görə də, mənim hakimin tələsdiyini yazmağım yanlışdır –  onu tələsdiriblər.
Azərbaycan hakimiyyəti özünün Eynulla Fətullayev xofunu davam etdirməkdədir. Avropa Komissiyasının sədri Joze Borrozunun, Avropa Birliyinin xüsusi nümayəndəsi Piter Semnebinin, hətta bu hakimiyyətin daimi yaltağı Çavuşoğlunun xahişi də bu qorxunu götürmədi. Adam bu halda söz tapmır və bircə şeylə təsəlli tapır ki, Eynulla Fətullayev özü bu münasibətdən qorxmur. Yaxşı ki, bu qədər ədalətsizliyin fonunda, həmkarımızın fövqəladə həbs draması bizim ölkəyə qorxmayan adamın mümkünlüyünü anlatmağa yarayır. Hamı da bunu anlayıb artıq, hətta Eynullanı sevməyənlər də onun əzmi qarşısında papağını qabağına qoyub fikirləşirlər. Hə, hamını sındıra bilməzsiniz, xidmətinizdə hökm çıxarmağa min hakim olsa belə…
“Bu da mənim olsun…”
Müxtəlif qəzetlərdə “Azərittifaq” Şurasının prezidenti Eldar Quliyevin bu təşkilatın nəzdində olan təhsil müəssisələrini özününkü etməsi barədə qərarın mətni dərc edilib. Mən bilərəkdən “özəlləşdirmə” yox, “özününkü etməsi” yazdım. “Azərittifaq”ın Idarə Heyətinin qərarındakı bəndlərə baxın:
1. “Azərittifaq” Şurasının prezidenti – “Azərittifaq” Idarə Heyətinin sədri Eldar Allahyar oğlu Quliyevə Azərbaycan Kooperasiya Universitetinin tamhüquqlu ikinci təsisçisi səlahiyyəti verilsin.
2. “Azərittifaq” Şurasının prezidenti – “Azərittifaq” Idarə Heyətinin sədri Eldar Allahyar oğlu Quliyevə Bakı Biznes və Kooperasiya Kollecinin ikinci tamhüquqlu təsisçisi səlahiyyəti verilsin.
3. “Azərittifaq”ın Idarə Heyətinə tapşırılsın ki, bu tədris müəssisələri üçün yeni nizamnamə qəbul edərkən nizamnamə kapitalında həmtəsisçi Eldar Quliyevin payını 51 faiz, həmtəsisçi “Azərittifaq” Idarə Heyətinin payını 49 faiz həcmində olmaqla müəyyən etsin”.
Mən razıyam ki, həmin təhsil müəssisələrinin ikisi də ölkədəki digər ali məktəblər kimi səviyyəsiz təhsil qurumlarıdır. Onların verdiyi diploma ümid edən xalqın və dövlətin vay halına. Mən həmin müəssisələrin qeydinə-zada qalmıram. Amma siz bu ölkədəki ictimai vəziyyəti tam açan bu qərarın başqa tərəfinə baxın. Adam qərar verdirib böyük mülklərin əsas hissəsini özünə götürür. “Bu da mənim olsun” deyə. Tutaq ki, o müəssisələrin yeni təsisçiyə ehtiyacı var, əks halda, orda oxuyanlar küsüb dərsə gəlməzlər. Bəs onda niyə Eldar Quliyev olmalıdır təsisçi? Bu harada yazılıb? Bu haqq ona haradan verilib?
Amma söhbət heç Eldar Quliyevdən də getmir, Eldar Quliyev olmur, Elmar Quliyev olsun, fərqi yoxdur. Faciə ondadır ki, ölkədə hər şey belədir. Tenderlər, özəlləşdirmələr, sifarişlər, torpaqlar, banklar, neft və hər şey. Qanun-qayda, hüquq-haqq, yarış-rəqabət yoxdur. Bir yığın adam mafiya kimi ölkəni əlinə alıb və “bu da mənim olsun” prinsipi ilə hər şeyi bir ucdan özününküləşdirirlər.