Allahşükür Paşazadə: «Məram əvvəlki dindar qrup ilə eyni olduğu üçün görüşə zərurət yox idi»
“Biz ölkə dindarlarına daim hörmətlə yanaşmışıq və yanaşırıq, bu, dinimizin əxlaqından irəli gəlir”. Qafqaz Müsəlmanları Idarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bu sözləri yanvarın 24-də “Təzə Pir”də yığılan dindarların qovulması haqda xəbərləri “Turan”a şərh edərkən deyib.
Son vaxtlar orta məktəblərdə yaşanan baş örtüsü məsələsilə bağlı dindarların narahatlığını başa düşdüyünü deyən A.Paşazadə səlahiyyəti çərçivəsində dindarların istəklərini uyğun dövlət qurumlarının nəzərinə çatdırdığını qeyd edib. Bununla yanaşı, şeyx idarəyə gələn ayrı-ayrı dindar qruplarını özünün və idarə əməkdaşlarının qəbul etdiyini, onları dinlədiklərini söyləyib:”Yaxın günlərdə bir qrup dindar “Təzə Pir” məscidində olub, ölkə dindarlarının iradəsini ifadə etdiklərini deyiblər, mənimlə görüş istəyiblər, təmsilçilərilə görüşmüşəm, müraciətlərini qəbul etmişəm”, – deyə QMI sədri nəzərə çatdırıb.
QMI sədri yanvarın 24-də daha bir qrup dindarın əvvəlki qrup kimi eyni məzmunlu tələblə “Təzə Pir”ə gəldiyini, bu dindarların da görüş istədiklərini söyləyib. “Amma məram əvvəlki qrupla eyni olduğu üçün görüşə zərurət yox idi”, – deyə QMI sədri mövqeyini ifadə edib. Bu dəfə dindarları qazi Faiz Nağızadə qəbul edib, onları dinləyib və istəklərini idarə rəhbərliyinə çatdırıb.
A.Paşazadə QMI-nin səlahiyyətə malik dövlət qurumu olmadığını, səlahiyyətlərinin məscidlərin idarəçiliyilə sərhədləndiyini, hakimiyyət qurumlarının təmsilçilərilə görüşdə dindarların istəklərini çatdırdıqlarını deyib və dindarların bunu anlayışla qarşılamalarını istəyib.
QMI sədri adından “Təzə Pir”də baş örtüsü ilə bağlı dini sənədi açıqlayacağı ilə bağlı dindarları məscidə çağıran sms-lər yayılmasına toxunan A.Paşazadə dini mərkəzin heç yerə belə ismarıclar göndərmədiyini nəzərə çatdırıb.